Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Göydələnlər batareya kimi xidmət edə bilər

"Skidmore", Owings & Merrill" (SOM) memarlıq şirkəti batareya kimi də xidmət göstərəcək 100 metrlik göydələnlərin inşasını planlaşdırır.

Məlumat üçün bildirək ki, sözügedən şirkət Dubayda inşa edilən dünyanın ən hündür binası "Burj Khalifa"nın müəllifidir. Bu dəfə şirkət 1 kilometr hündürlüyündə və eyni zamanda nəhəng cazibə qüvvəsi batareyası kimi fəaliyyət göstərəcək göydələn inşa etməyi planlaşdırır. Əgər bu plan həyata keçərsə, 1000 metrlik nəhəng göydələnlər artıq batareya kimi də istifadə edilə bilər. Qeyd edək ki, bunu həyata keçirmək üçün hazırda 2 fikir mövcuddur. Birincisi, hündür bir göydələnin zirvəsinə çəki qaldırmaq üçün günəş enerjisi kimi bərpa olunan mənbələrdən və ya standart elektrik şəbəkəsindən istifadə etməkdir.

Burada ağırlığın sərbəst buraxılması və elektrik enerjisi istehsal etmək üçün generatorun işə salınması da nəzərdə tutulur. Digəri isə EVu adlanan qravitasiya enerjisinin saxlanması sisteminə (GESS) əsaslanır. Hansı ki, burada enerji 300 metrdən 1000 metrə qədər uzunluqda olan qüllələr vasitəsilə saxlanılır.

Elektromobillər ətraf mühitə zərər verir?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədqiqatçıları belə qənaətə gəliblər ki, elektrikli avtomobillərin təkərlərinin sürətli aşınması ətraf mühitə zərər verir.

Araşdırmanın nəticələri göstərir ki, elektromobillərdə hər kilometrə görə təkər aşınmasının miqdarı oxşar ölçüdə olan daxili yanma mühərrikli nəqliyyat vasitələrinə nisbətən orta hesabla 30 faiz yüksəkdir. Bu nisbət həm diametri 10 mikrona qədər, həm də 2,5 mikrona qədər olan hissəciklər üçün keçərlidir. Mütəxəssislər xəbərdarlıq edir ki, avtomobil istehsalçıları elektromobillərin ətraf mühitə təsirinə daha çox diqqət yetirməlidirlər. Onların fikrincə, təkcə təkər aşınma məhsulları deyil, həm də əyləc aşınması ətraf mühiti çirkləndirir. Elektrikli avtomobillərin daha böyük çəkisi və təkmilləşdirilmiş dinamikası əyləc yastıqcıqlarının daha intensiv aşınmasına təsir göstərə bilər. Elektromobillərə daha yaxşı enerji səmərəliliyi əldə etmək üçün isə xüsusi təkərlər lazımdır. Bu tip təkərlər aşınma müqaviməti təklif edir. Mütəxəssislər hesab edirlər ki, aşınma müqavimətinin artırılmasına xüsusi diqqət yetirilməli və nəzarət gücləndirilməlidir. Bu isə növbəti illərdə istehsalçıların xərclərinin və təkərlərin qiymət artımına gətirib çıxara bilər.

Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb

Yaponiyanın "Premo" adlı startapı unikal prosessor prototipini təqdim edib. Təqdim edilmiş yeni prosessorun unikallığı çiplərarası naqilsiz əlaqə imkanına malik olmasıdır.

Prosessorda çiplər arası məlumat mübadiləsi maqnetik əlaqə prinsipinə əsaslanır. Belə ki, bu texnologiyada çiplər bir-birilərinə məlumatları maqnit sahəsi vasitəsilə ötürürlər. Hazırlanmış prototip özündə mərkəzi prosessoru, enerji bloku və əlaqə modulunu birləşdirir. Bu komponentlər arasındakı məlumat mübadiləsi isə məhz "Dualibus" texnologiyası sayəsində reallaşır. Bu öz növbəsində çox kiçik ölçülü alət və ənənəvi platalarla naqillərə ehtiyac duymayan elastik cihazları hazırlamağa imkan verəcək. Bundan əlavə, bu cür prosessoru ənənəvi CPU (hesablama cihazını təyin edən əsas komponent) üçün əlavə yerə sahib olmayan cihazlara da quraşdırmaq mümkün olacaq.

"Starship" növbəti uçuş cəhdini uğurla yekunlaşdırıb

"SpaceX" şirkətinin "Starship" adlı kosmik gəmisi dördüncü uçuş cəhdini uğurla başa vurub. Kosmik gəmi indiyə kimi aparılmış test uçuşlarından fərqli olaraq Yer kürəsinin atmosferinə çatdıqdan sonra yenidən geri qayıdaraq uğurlu şəkildə Hind okeanındakı xüsusi platformaya eniş edib.

Qeyd edək ki, uçuşa start verildikdən bir neçə dəqiqə sonra "Super Heavy" adlı sürətləndirici raket də "Starship"dən uğurlu şəkildə ayrılaraq Meksika körfəzində enişi reallaşdırıb. Kosmik gəmi raketdən ayrıldıqdan sonra 1 saat ərzində öz uçuşunu davam etdirib və atmosferə missiyanın 45-ci dəqiqəsində çatıb. 53 kilometrlik yüksəklikdə kosmik gəminin qapaqlarından biri yanmağa başlayıb və onun xarici hissəsində olan kamera isə çatlayıb. Lakin bütün bunlara baxmayaraq, "Starship" öz tapşırığının öhdəsindən uğurla gələ bilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".