Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Wi-Fi"yı əvəzləyən texnologiya gəlir

ABŞ-ın Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutu (IEEE) adlı qeyri-kommersiya assosiasiyası məlumatların optik üsul (işıq vasitəsilə) ilə ötürülməsi əsasında çalışan, Wi-Fi texnologiyasını əvəzləyən yeni naqilsiz şəbəkə standartını qəbul edib. Söhbət, Li-Fi (Light Fidelity) adlı naqilsiz şəbəkə standartından gedir. Bu texnologiya radio dalğaları vasitəsilə məlumat ötürülməsini işıq dalğaları ilə əvəz edəcək.

Verilən məlumata görə, texnologiyadan istifadə zamanı informasiya ötürmə sürəti müasir Wi-Fi və 5G-dən 100 dəfə yüksək olacaq və 224 GB təşkil edəcək. Qeyd olunur ki, məlumatların Li-Fi üzərindən ötürülməsi üçün çöldəki fənərlərdən, hətta avtomobillərdəki faralardan və əyləc işıqlarından istifadə oluna bilər. Beləliklə, simsiz işıq şəbəkəsi vasitəsilə məlumat mübadiləsi sistemi mümkün qədər çevik və "ağıllı" olacaq. Eyni zamanda, ekspertlər əmindirlər ki, Wi-Fi ümumi istifadədən itməyəcək, ən azı ona görə ki, radio dalğaları işıq dalğalarından fərqli olaraq divarları və digər qeyri-şəffaf tavanları keçə bilir.

Yeni texnologiyanın digər üstünlükləri isə bunlardır: aşağı gecikmə, etibarlı fasiləsiz siqnal, radio şəbəkələrinin həddən artıq yükləndiyi və həmçinin ümumiyyətlə internetin olmadığı məkanlarda (məsələn, tunellər) işləmək imkanı.

Qeyd edək ki, istehsalçıların əksəriyyəti artıq Li-Fi sistemini öz məhsullarına inteqrasiya etməyə çalışırlar. Belə ki, bu, məlumatların yeni ötürülməsi texnologiyasının qəbulu və yayılmasını tezləşdirəcək. Məlumata görə, Li-Fi dəstəyi ilə ilk cihazlar 2024-cü ilin fevralından əvvəl peyda olacaq.

Marsda orqanik molekullar aşkarlanıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) verilən məlumata görə, Marsda fəaliyyət göstərən Perseverance aparatı planetin səthində orqanik molekullar aşkar edib. Elm adamları bu hadisəni yadplanetlilərin axtarışı  istiqamətində atılmış vacib  addım hesab edirlər.

Tədqiqatçılar qırmızı planetdə aşkarlanan orqanik molekulların bioloji həyat növünü təsdiqləyən  əsas faktor olmadığını bildiriblər. Onların fikrincə, karbon və hidrogen birləşmələri şəklində olan orqanik molekullar qeyri-üzvi maddələrin təbii reaksiyaları nəticəsində də yaranmış ola bilər.

Aşkar edilmiş orqanik molekulların mənşəyi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin Mars süxur nümunələrini analiz etdiklərindən sonra ortaya çıxacaq. Onu da qeyd edək ki, bu cür analiz prosesi isə yalnız Yer kürəsində mümkündür. Məlumata əsasən bu, 2030-cu illərdən tez baş verməyəcək. Belə ki, Mars süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyası məhz həmin illər üçün planlaşdırılır. Qeyd etmək lazımdır ki, Perseverance aparatı Marsda Jezero adlı kraterin müşahidəsi ilə məşğul olur. Alimlər güman edirlər ki, uzaq keçmişdə Jezero kraterində göl mövcud olub.

Daha bir insanabənzər robot təqdim edildi

Çinin Şanxayda yerləşən "Fourier Intelligence" şirkəti insanabənzər  robotunu təqdim edib. Fourier GR-1 adı verilən robot digərlərindən kütləsinin ağırlığı qədər yük daşıya bilməsi ilə fərqlənir. Məlumata əsasən, sözügedən robotdan bu ilin sonuna kimi  100 ədəd istehsal edilməsi planlaşdırılır.

Universal hesab edilən robot yükdaşıma xidmətindən əlavə xəstələrə qulluq məqsədilə də istifadə edilə bilər. Belə ki, robotun gövdəsində olan bənövşəyi tutacaqlar məhz xəstə insanların onlardan istifadəsi üçün nəzərdə tutulub.

165 santimetr hündürlüyə və 55 kiloqram çəkiyə sahib olan robotun maksimal hərəkət sürəti saatda 5 kilometr təşkil edir. Qeyd etmək lazımdır ki, "Boston Dynamics" şirkətinin Atlas adlı insanabənzər robotu 11 kiloqram ağırlığında yük daşıya bilir. Fourier GR-1 isə  50 kiloqram ağırlığında yükdaşıma qabiliyyətinə malikdir.  Şirkət istehsal etməyi planlaşdırdığı 100 ədəd robotu əsasən elmi-tədqiqat mərkəzlərinə göndərəcək. Həmin mərkəzlərdəki robototexnika mütəxəssisləri isə onları test etmək imkanına sahib olacaqlar.

"Meta" şirkətindən növbəti yenilik

"Meta" şirkəti yaxın gələcəkdə özünün kommersiya məqsədli süni zəka modelini istifadəyə verməyi planlaşdırır. İstifadəyə verilməsi planlaşdırılan  model startaplara və müəssisələrə özlərinin bu texnologiya əsasında proqram təminatlarını yaratmağa kömək edəcək.

Şirkət bu üsul ilə generativ süni zəka sahəsində lider şirkətlər olan "Google", "Microsoft" və "OpenAI" ilə rəqabət aparmağı hədəfləyib. Qeyd edək ki,  bu ilin əvvəlində "Meta" LlaMA adlı böyük dil modelini təqdim etmişdi. Sözügedən dil modeli əsasən tədqiqatçılar üçün nəzərdə tutulub.

Planlaşdırılan yeni süni zəka modeli isə özündə korporativ müştərilər üçün nəzərdə tutulmuş alətləri birləşdirməlidir. Məlumatda qeyd edilib ki, "Meta"nın kommersiya məqsədli süni zəka modeli açıq mənbəli koda sahib olacaq. Şirkətin fikrincə bu cür texnologiyanın açıq mənbəli koda sahib olması onun ətrafında olan qorxulara qarşı ən yaxşı həll üsuludur. Bununla belə yeni platformanın açıq mənbəli koda sahib olacağına və müəyyən səviyyədə pulsuz yayılacağına baxmayaraq, "Meta" digər şirkətlərin öz məhsulları çərçivəsində onun detallı şəkildə ayarlanması və adaptasiyasına görə, əlavə komissiyanın əldə edilməsini nəzərdə tutub.

Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".