Minatəmizləmədə müasir texnologiyalardan istifadə olunur
Siyasət

Minatəmizləmədə müasir texnologiyalardan istifadə olunur

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Məsələ ilə bağlı Azərbaycan hökuməti hər zaman beynəlxalq ictimaiyyətin diqqətini bu yönə çəkməyə çalışır. Düşmən tərəfindən basdırılan minalar və partlamamış hərbi sursatlar isə öz "işini" görməkdədir. Ötən həftə işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki partlayış hadisəsi baş verib. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində 20 iyun tarixində mina hadisəsi qeydə alınıb. Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb. Həmin hadisədən bir gün sonra rayon ərazisində mina partlayışı baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.

Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən minatəmizləmə agentliyi və icra orqanı olan ANAMA minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda maraqlı olub və bu sahədə paytaxtda, eləcə də işğaldan azad edilmiş rayonlarda tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri ötən günlərdə Bakıda təşkil edilib. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı sayəsində "Mina təhlükəsi ilə mübarizədə beynəlxalq standartlar və innovativ həllər" mövzusunda texniki konfrans keçirilib. Konfransın əsas məqsədi ölkəmizdə yaradılması nəzərdə tutulmuş "Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi"nə Aİ tərəfindən dəstək göstərilməsi, mina təmizləmənin bir sıra aspektləri üzrə ANAMA, Aİ-nin bir sıra üzv dövlətləri və tərəfdaş ölkələrinin nümayəndələri arasında qabaqcıl beynəlxalq təcrübə, öyrənilmiş dərslər və innovativ həllərə dair fikir mübadiləsinin aparılması olub. Tədbir zamanı minatəmizləmədə ətraf mühit məsələləri, minalardan zərərçəkənlərə dəstək, mina təhlükəsi ilə mübarizə fəaliyyətində yeni texnologiyalar və innovativ həllər, gender bərabərliyi və minatəmizləmə fəaliyyəti, akkreditasiya, risklərin idarə olunması, donor koordinasiyası mövzuları müzakirə edilib. Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, eləcə də İnsan Təhlükəsizliyinin Artırılması Təşkilatının (ITF) prezidenti, ANAMA-nın nümayəndələri, Bosniya və Herseqovina Minatəmizləmə Mərkəzinin rəhbər şəxsləri, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi, ölkəmizdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş dövlət qurumlarının, şirkətlərin, həmçinin yerli və beynəlxalq qeyri-hökumət təşkilatların əməkdaşları iştirak edib. Aİ Azərbaycana minatəmizləmə sahəsində yardım üçün 10 milyon avro ayıracaq. Bununla belə, təşkilat humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına da kömək edəcək. Seminar çərçivəsində Sloveniya, Bosniya və Herseqovinadan olan ekspertlər strateji planlaşdırma, minalarla mübarizədə gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşüblər.

Hazırda bütün sahələrdə olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun minalanmış ərazilərində innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından geniş istifadə olunur. Minatəmizləmə Agentliyi 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində səmərəli nəticələr göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" (RAMS) sistemini tədbiq edir. Bu sistem, mina və PHS-lərlə çirklənmiş əraziləri müəyyən etmək üçün hazırlanıb. Təhlükəli və şübhəli əraziləri müəyyən edən sistem vasitəsilə minatəmizləmə işlərinin səmərəliliyi xeyli artırılıb. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq, RAMS sistemi Qeyri-Texniki Tədqiqat (IMAS 8.10) əməliyyatının daha optimal və dəqiq yerinə yetirilməsini dəstəkləyir.

Dronların köməyi ilə istifadə olunan yüksək dəqiqlikli, habelə termal və çoxspektrli kameralar torpaq səthində və dayaz basdırılmış obyektləri tədqiq etmək imkanlarına malikdir. Əldə olunan məlumatlar süni intellekt vasitəsilə çeşidləndikdən sonra təhlükəli obyektlərin yerinin təsbit edilməsi və təhlükəli ərazilərin sərhədlərinin müəyyən edilməsi həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsində yerli istehsal olan texnikalardan da istifadə edilir. Ötən aylarda "İmprotex" Şirkətlər Qrupu tərəfindən "Made in Azerbaijan" brendi altında istehsal olunan daha 10 ədəd "Revival P" mexaniki minatəmizləmə maşınları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təhvil verilib. Beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir. "Revival P" piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6.5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar sərt torpaq örtüyü olan ərazilərdə və böyük meyil bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir.

Musa BAĞIRLI,

"Respublika".