Ermənistan
Siyasət

Ermənistan "autsayder"ə çevrilir

Bu yaxınlarda Fransanın atdığı növbəti addım onun Cənubi Qafqazda eskalasiya planını bir daha üzə çıxardı. Fransanın müdafiə naziri Sebastyan Lekornunun ölkəsinin Ermənistana "CAESAR" özüyeriyən artilleriya qurğuları satacağı ilə bağlı paylaşımı regionla yanaşı, dünya ictimaiyyətinin də böyük marağına səbəb oldu.

İllərdir Ermənistanı silahla təmin edən rəsmi Paris onların müdafiə xarakteri daşıdığını, bu addımın Ermənistanın təhlükəsizliyini möhkəmləndirmək niyyəti ilə atıldığını iddia etsə də, bu, heç də inandırıcı deyil. Hücum təyinatlı "CAESAR" artilleriya qurğusunun tədarükü əslində Fransanın yalanının ifşasıdır.

Bu, Emmanuel Makron hakimiyyətinin Qafqazda destabilizasiyada maraqlı olduğunun, Ermənistanı silahlandıraraq revanşizmə açıq dəstək verdiyinin əyani sübutudur. E.Makron hakimiyyətinin bu addımı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı əldə edilən müəyyən irəliləyişlərin fonunda atması Parisin xəbis niyyətini bir daha ortaya qoydu. Parisin Cənubi Qafqazla bağlı digər məkrli planı isə ölkənin 100-ə yaxın tanınmış simasının Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə prezident Emmanuel Makrona müraciət ünvanlaması idi. Məktubda Azərbaycanın Ermənistana təhlükə yaratdığı iddia olunmaqla yanaşı, prezident Emmanuel Makrondan "Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" də xahiş olunub. Müraciətin əsas məğzini isə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsi məsələsi təşkil edirdi.

Görünür, Fransa Ermənistanı silahlandırmaqla kifayətlənmir, Cənubi Qafqaza kontingent göndərməklə hərbi mövcudluğunu planlayır. Emmanuel Makron hakimiyyəti bu niyyətini Azərbaycanafob, türk düşməni Paris meri Ann İdalqonun başçılıq etdiyi 100-ə yaxın tanınmış simanın müraciəti ilə əsaslandırmağa, legitimləşdirməyə çalışır. Əslində isə rəsmi İrəvanın militariziasiyası, Azərbaycanın bu ölkəyə guya hücum riski ilə bağlı informasiya diversiyası, həmçinin fransız hərbçilərinin Ermənistana göndərilməsi planları vahid mərkəzdən - Makron administrasiyasından idarə olunur.

Fransanın son dövrlərdə müstəmləkələrindən qovulması, eləcə də yerli xalqların azadlıq mübarizəsi Parisin Cənubi Qafqaza olan marağını daha da artırıb, Afrikadakı itirilmiş mövqelərini regionda kompensasiya etməyə çalışır. Fransa bu məqsədlə regionun ən zəif bəndi olan Ermənistana üz tutub. Rəsmi İrəvan dərk etmir ki, Fransa onu Cənubi Qafqazda forpostuna çevirməklə, revanşizmə təşviq edir. Xüsusən Azərbaycanla münasibətlərin normallaşma prosesində müəyyən irəliləyişlərin olduğu, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edildiyi bir məqamda Nikol Paşinyan hakimiyyətinin Parisdən öldürücü silahlar alması və Fransa kontingentinin ölkəyə gətirilməsi ilə bağlı informasiya fonunun hazırlanması regionda sülh üçün geri atılmış addım kimi qiymətləndirilməlidir. Bu geriləmə isə nəinki Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında problemlər yaradacaq, eyni zamanda rəsmi İrəvanın bərpa etməyə can atdığı Türkiyə ilə əlaqələrinə də əks-təsir göstərəcək. Nəticədə İrəvanın yenə də regional "autsayder", qonşuları ilə münasibət qura bilmədiyi üçün dalan ölkə kimi qalmasına gətirib çıxaracaq.

Bütün bu reallıqlara əsaslanaraq İrəvan hakimiyyəti Fransanın avantüralarına qoşulmaqla strateji yanlışa yol verdiyini anlamalıdır. Ermənistan, eyni zamanda Fransanın addımlarının Cənubi Qafqaza yalnız yeni müharibə və fəlakət gətirəcəyini, Ermənistanın isə bu fəlakətin mərkəzində, poliqon rolunda olacağını da dərk etməlidir. Bu baxımdan, Nikol Paşinyan hakimiyyəti atılan hər bir addımın geosiyasi risklərini hesablamalı, regional problemlərin kənar oyunçular vasitəsilə həll edilə bilməyəcəyini qəbul etməlidir. Bu məqsədlə Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə danışıqlara zərbə vuracaq addımlardan çəkinməli, üçüncü tərəflərin diktəsindən uzaq durmalıdır. Yalnız belə olduğu təqdirdə Cənubi Qafqazda qalıcı və ədalətli sülh dövrü başlaya bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".