“Zülmətdə doğan günəş”
Mədəniyyət

“Zülmətdə doğan günəş”

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir çox əsərlər yazılıb, kitablar işıq üzü görüb. Onlardan biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü Oktay Altunbayın qələmə aldığı "Zülmətdə doğan günəş" adlı bədii-siyasi sənədli tarixi əsərdir. Kitabda ulu öndər Heydər Əliyevin respublikamıza ikinci dəfə hakimiyyətə gəlişindən bəhs edilir, müstəqil Azərbaycan uğrunda apardığı mübarizədən söz açılır. XX əsrin sonlarında dövlətimizin qarşılaşdığı fəlakətlərin, faciələrin və süqutun qarşısını almaq üçün xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyevin Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etməsi və 1993-cü il 15 iyunun müasir tariximizə Qurtuluş Günü kimi yazılması xüsusi olaraq işıqlandırılıb.

Eyni zamanda ötən əsrin sonlarında Azərbaycanda baş verən hakimiyyət çəkişmələri, kreslo davası və həmin proseslərin "qəhrəmanlarının" hansı amal və məqsədə qulluq etdikləri obrazlı şəkildə canlandırılıb. Həmin dövrdə Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti və bu istiqamətdə ermənilərin əldə etdiyi "uğurlar" da əks olunub. Dövrün reallıqlarını qələmin gücü ilə xalqa çatdıran müəllif yazır: "Doğrudur, Azərbaycan bundan da ağır, acı, ümidsiz zamanlarını yaşamışdır. Bu vətən uçurumlar ağzında az qalmamışdır. Amma bu vətənin böyük igid oğulları Azərbaycanı uçurumlar ağzından qoparmış, onu daha yüksək şərəf zirvələrinə ucaltmışlar və yenə də ucaldacaqlar". Hər bir oxucunun stolüstü kitabı olacaq əsər ötən əsrin sonlarında baş verən xaos və anarxiyanı canlandırır. Lakin zamanında xalqı bu bəladan xilas edən ulu öndər Heydər Əliyevin fəaliyyəti, mübarizəsi Azərbaycanda yeni reallıqlar yaratmışdı. Məhz onun gərgin əməyi nəticəsində qanunlarda mühüm dəyişikliklər və əlavələr edilmişdi. 1998-ci il yanvar ayının 22-də Prezident Heydər Əliyev Azərbaycanda ölüm hökmünün ləğv edilməsilə əlaqədar bəyanat vermişdir. Oktay Altunbayın da qeyd etdiyi kimi, ölkəmizdə ölüm hökmünün ləğvi bir tərəfdən cinayətkarlığa qarşı aparılan uğurlu mübarizəni nümayiş etdirsə də, digər tərəfdən Avropa Şurasına üzv olması üçün Azərbaycanda demokratik-hüquqi dövlətin yetişməsindən xəbər verirdi.

Kitabda "Torpaq müqəddəsdir" başlıqlı yazıda qədim zamanlardan son dövrə kimi Azərbaycana olan xain hücumlardan və işğalçılıq siyasətindən söhbət açılır. Ermənistanın ərazilərimizi zəbt etməsi, 30 il sonra məhz Heydər Əliyevin zamanında bünövrəsini qoyduğu siyasi yol xəritəsi ilə Ali Baş Komandan İlham Əliyevin cəmi 44 günə torpaqlarımızın işğaldan azad olunması yığcam şəkildə verilmişdir.

Nəfis şəkildə, rəngli fotolarla tərtib edilmiş kitabın ilk səhifələrində ulu öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qiymətli kəlamları verilib. Tarixi faktları əks etdirən kitab orijinal başlıq və fəsillərlə zəngindir. "Şərəf borcu", "Şuşada dalğalanan bayraq: "əbədiyyətə qədər", "Azərbaycanın ictimai-siyasi mənzərəsi (1988-1993-cü illər)", "Zəfər günü", "Haqqın günəşi" və digər iki hissəli tarixi dramlar oxucunu cəlb edir. Nəşri oxunaqlı edən amillərdən biri də mövzulara uyğun verilən poetik nümunələr, şeirlərdir. Bəhs olunan mövzu və hadisələr bədii dildə, obrazlı şəkildə verilib. Bütün bunlar isə oxucunu yormur. Tarixi ardıcıllıq, bədii təsvir vasitələrilə canlandırılan həyat həqiqətləri nə qədər təzadlı olsa da yaşadığımız dünyanın reallıqlarıdır.

Müəllifin mövzuya münasibəti isə olduqca maraqlı və fərqlidir. Oqtay Altunbayın ulu öndər Heydər Əliyev haqqında dediklərindən: "Ulu öndər bir xilaskar kimi dünyalarca sevdiyi Azərbaycanı xilas etməyə gəlirdi. Onun güvəndiyi isə siyasi dühası, böyük dövlət təcrübəsi və qəlbində sonsuz bir eşq ilə çağlayan vətən sevgisi idi. Dünyanın bütün şər gücləri qarşısında sarsılmaz iradəsi və insanı Allah dərgahına qədər ucaldacaq iman gücü! Bu güclərin qarşısında hansı müstəbidlərin orduları dura bilərdi ki...".

Ramidə YAQUBQIZI,

"Respublika".