MİLLİ QƏHRƏMAN NATİQ QASIMOVUN AİLƏSİ ZİYARƏT OLUNUB
Region

MİLLİ QƏHRƏMAN NATİQ QASIMOVUN AİLƏSİ ZİYARƏT OLUNUB

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət edib.

Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşən rəsmilər qeyd ediblər ki, Azərbaycan xalqı həm Birinci Qarabağ, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir, onlarla qürur duyurlar. Belə qəhrəmanlardan Natiq Qasımov da xalqımızın şanlı tarixində iz qoyan igidlərimizdəndir. Dursun Qasımova övladının keçdiyi döyüş yolundan ətraflı danışıb, onun igidliyindən, mərdliyindən, şücaətindən söz açıb. Şəhər rəhbəri Milli Qəhrəmanın anasının səhhəti ilə maraqlanıb, bununla bağlı aidiyyəti quruma müvafiq tapşırıq verib. Dursun Qasımova övladının əziz xatirəsinə göstərilən ehtirama görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü bildirib.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada bitirib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı ilə "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı qətiyyətlə döyüşüb. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Zabit XƏLİLOV,

"Respublika".