ABŞ yenidən vasitəçilik arzusunda
Siyasət

ABŞ yenidən vasitəçilik arzusunda

Cənubi Qafqazda baş verən prosesləri Qərb ölkələri də diqqətlə izləyir. Xüsusilə, Fransa və Amerika Birləşmiş Ştatları regiona müdaxilə üçün olduqca həvəslidirlər. Yelisey sarayının birtərəfli, ABŞ-ın isə hər iki tərəfi dinləməklə nəzarətdə saxlamaq istədiyi Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq müstəvidə ən çox müzakirə olunan məsələlərdəndir. Digər tərəfdən, ümid bəslədikləri Gürcüstan məsələsində müəyyən mənada Rusiyaya uduzan Qərb bu dəfə diqqətli olmağa çalışır. Fransanın Cənubi Qafqazda məkrli planlarının ifşasından sonra ABŞ meydanda tək qalıb. Məhz bu baxımdan regionun ən güclü dövləti olan Azərbaycanın diktəsinə uyğun hərəkət etməyə çalışan Ağ Ev bu gün bir növ poçtalyon vəzifəsini yerinə yetirir. Ən çox da sülh prosesində vasitəçi kimi görünməyə çalışır. Dəfələrlə Ermənistanın sülh şərtlərini Azərbaycana çatdırmağa can atan ABŞ rəsmiləri eyni strategiyalarına davam edir.

İyunun 28-də Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana səfər edib, ölkə başçısı İlham Əliyevlə görüşüb. O, Azərbaycana səfər etməzdən öncə müzakirə ediləcək məsələlərin anonsunu da verib. Amerikalı diplomat Bakıda ikitərəfli münasibətlərə və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə dəstək bildirəcəyini də açıqlayıb. ABŞ rəsmisi xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək. Görüşün detalları barədə mediaya verilən açıqlamalar onu deməyə əsas verir ki, Vaşinqton təmsilçisi qovluğunda sülhlə bağlı məsələləri gətirib. ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayan Ceyms O'Brayn ölkəsinin vasitəçi olmaq niyyətini bildirib.

Hazırda yekun sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət formalaşsa da, prosesin irəliləməsində bir sıra problemlər mövcuddur. Məsələn, Ermənistan konstitusiyasında dəyişikliklər edilməməsi, nəqliyyat xətlərinin blokadadan çıxarılmaması müddətin uzanmasına səbəb olur. Amma burada bir maraqlı məqam var. Belə ki, O'Brayn bundan öncə Ermənistanda səfərdə idi. Bir neçə gün davam edən təmaslarda o, ölkəsinin rəsmi İrəvanla strateji müttəfiqlikdə maraqlı olduğunu bəyan edib, tərəfdaşlıq üzrə komissiyanın yaradılması üçün göstəriş verib. Bununla belə, aparılan danışıqların mahiyyətini daha dərindən anlamaq üçün Ağ Ev rəsmisinin İrəvanda olduğu vaxt Ermənistan hökumətinin üzvlərinin açıqlamalarına diqqət yetirmək lazım gəlir. Paşinyanın özü və komandası Vaşinqton nümayəndəsinin gedişini gözləməyi belə lazım bilmədi və öz siyasətlərində ciddi korrektələrə hazır olduqlarını ictimailəşdirdilər. Bunları kompleks şəkildə nəzərdən keçirəndə aydın olur ki, Ceyms O'Brayn əslində Ermənistandakı danışıqları müzakirə etmək üçün Azərbaycana gəlməyə qərar verib.

Sülh sazişinin bağlanması ilə bağlı razılıqlar olsa da, Ermənistan tərəfi sülh üçün ən vacib olan məsələləri gecikdirir. Digər tərəfdən, rəsmi İrəvan da əsassız səbəblər göstərməklə Azərbaycanı sülhdən yayınmaqda ittiham edir. Buna görə də hər iki dövlət arasında ortaq məxrəc rolunu oynamaq istəyən ABŞ diplomatları regiona səfərbər etməyə başlayıb.

ABŞ rəsmisinin Azərbaycana səfəri İrəvanda aparılan sülh danışıqları istiqamətində keçirilmiş görüşü Bakıda müzakirə edərək ölkəmizi həm məlumatlandırmaq, həm də sülh prosesinin gedişinə öz töhfəsini verməkdən ibarətdir. Bu kontekstdə kommunikasiyaların açılması ilə bağlı məsələnin ətrafında xüsusi danışıqların aparılacağını demək olar. Çünki amerikalı diplomat Bakıya gəlməzdən əvvəl bildirmişdi ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir. Alternativ yol üçün isə Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Onun sözlərinə görə, alternativ marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Ceyms O'Brayn bununla da Zəngəzur dəhlizinə işarə edib və bu kommunikasiyanın potensial olaraq daha böyük marşrut olduğunu diqqətə çatdırıb. Əslində Ağ Ev rəsmisi İrəvanda olanda da bu məsələ ilə bağlı müzakirələr aparmışdı. Bu da onu göstərir ki, Birləşmiş Ştatlar Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Lakin dəhliz məsələsi göründüyü qədər də asan deyil. Mövzu ətrafında mövcud olan ən böyük anlaşılmazlıq isə ona kimin nəzarət etməsidir. Şimal qonşu Rusiya Zəngəzur dəhlizinə nəzarəti öz əlində saxlamağa cəhd edir. Digər tərəfdən də İran, Fransa və digər dövlətlər də dəhlizə nəzarəti öz üzərinə götürmək istəyirlər. Cənab İlham Əliyevlə görüşün detallarında bu məsələ öz əksini tapmasa da, Qərbin Zəngəzur dəhlizi ilə bağlı niyyəti bəllidir.

Bir daha aydın olur ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı dövrdə Vaşinqton Cənubi Qafqazda sülh və region ölkələri arasında əməkdaşlığın başlanmasına nail olmaq istəyir. Ağ Ev xüsusilə rəsmi İrəvanın Kremldən tamamilə uzaqlaşması üçün regional layihələrdə iştirakında və Orta Dəhlizə qoşulmasında maraqlıdır. Lakin bunun reallaşması üçün rəsmi Bakı ilə İrəvan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır. Bu səbəbdən də Vaşinqton rəsmiləri Ermənistanı ziyarət edərək erməni siyasətçilərə yeni yol xəritələri təqdim edirlər. İrəli sürülən tələb və təklifləri müzakirə etmək məqsədilə onlar İrəvandan sonra Bakıya səfər edirlər. Bir növ poçtalyon missiyasını yerinə yetirən Ağ Ev vaxt itirmədən regiondan Rusiya amilini birdəfəlik silib atmaq istəyir.

Tacir SADIQOV,

"Respublika".