“Zəfər müjdəsi
Diaspora

“Zəfər müjdəsi" adlı fərdi sərgi

İstanbul

Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzi, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası və "Yeni Gallery" Bakı Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə İstanbulda azərbaycanlı rəssam Eldəniz Babayevin "Zəfər müjdəsi" adlı fərdi sərgisi açılıb. İlk dəfə 2023-cü ildə Bakıda nümayiş etdirilən sərgi Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Sərgi rəssam Eldəniz Babayevin yaradıcılığının müxtəlif dövrlərini əks etdirir.

Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında açılan sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini əks etdirən "Eldəniz Babayev. Zəfər müjdəsi" (müəllif Mirzə Talıbov) adlı kitab-kataloqunun da təqdimatı olub.

Sərgidə rəssamın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı 80-ə qədər boyakarlıq və qrafika əsərləri nümayiş olunub. Burada Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı misilsiz qələbəsi, ''Bir millət, iki dövlət'' deyiminin aktuallığını açıqlayan Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri sərgilənib. Kolleksiyada Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də iki qardaş dövlətin ölkəmizin müstəqillik tarixində müstəsna rol oynamış hərbi komandirlərinin portretləri də yer alır.

Mərasimdə çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edərək, bu münasibətlərin daim inkişaf etdiyini vurğulayıblar. Sonra sərgiyə baxış keçirilib.

Sərginin açılış mərasimində media nümayəndələrinə müsahibə verən rəssam Eldəniz Babayev deyib: "Sərgi ötən il ilk dəfə Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanda Atatürk Mərkəzi və digər aidiyyətli qurumların rəhbərliyinin dəstəyi ilə 28 May - Respublika Günü ərəfəsində Bakıda açılıb. Burada mənim "Eldəniz Babayev. Zəfər müjdəsi" adlı kitab-kataloqumun təqdimatı da baş tutdu. Sənətşünas Mirzə Talıbovun müəllifi olduğu kitabda 30 illik yaradıcılığımı əks etdirən 80-ə yaxın qrafika janrında yağlı boya ilə işlənən əsərlərim toplanıb.

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun koordinatorluğu ilə aparılan danışıqlar nəticəsində Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu gün əsərlərim İstanbulda sənətsevərlərə təqdim edilir. Sərginin əsas süjet xəttini Azərbaycan və Türkiyənin istiqlal, azadlıq ideyalarını yaradıcılıqlarında önə çəkmiş şairlərin qrafik portretləri təşkil edir. Bu da ilk növbədə millətin birliyini və iki dövlətin heç vaxt enməyəcək bayraqları altında müstəqil həyatını təmsil edir. Əsərlərdə Türkiyənin Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan yüksəkrütbəli hərbçilərinin obrazları, 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız misilsiz Zəfər, iki qardaş ölkə arasında "Bir millət, iki dövlət" kəlamının aktuallığını açıqlayan elementlər təsvir edilib. Bununla yanaşı, burada Azərbaycan və Türkiyənin memarlıq abidələri, məişət zəminində kompozisiyalar, milli adət-ənənələri, bayramları göstərən əsərlər də var. Tədbir üçün xüsusi olaraq kataloq da hazırlanıb".

Qeyd edək ki, sərgi iyulun 5-dək nümayiş olunacaq.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.