Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Siyasət

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

İyunun 28-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib. İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Gömrük tarifi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda, Ailə Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" qanunlarda, Torpaq Məcəlləsində, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "İşsizlikdən sığorta haqqında" və "Məşğulluq haqqında" qanunlarda, "Yol hərəkəti haqqında" Qanununda və İnzibati Xətalar Məcəlləsində, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanunda, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda, həmçinin "Auditor xidməti haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunaraq hər biri ayrı-ayrılıqda qəbul edilib.

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Bədən tərbiyəsi və idman haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edilib.

Sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova iyunun 30-nun Beynəlxalq Parlamentarizm Günü qeyd edildiyini bildirib və növbədənkənar sessiya barədə qısa hesabat verib. Deyib ki, iyirmi bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilib, otuz bir qanun və qərar qəbul edilib. Parlamentdə bu dövrdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda ictimai dinləmə keçirilib.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

M.MUSTAFAYEV,

“Respublika”.