DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ SURİYA İLƏ MÜNASİBƏTLƏRİ BƏRPA ETMƏYƏ HAZIRDIR

Türkiyə Suriya ilə münasibətlərin normallaşdırılması təşəbbüslərinə açıqdır. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Biz Suriya ilə normallaşma təşəbbüslərinə açığıq. Diplomatik əlaqələr qurmamaq üçün heç bir səbəb yoxdur. Əvvəlki kimi birlikdə hərəkət edə bilərik. Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Bilirsiniz ki, biz əvvəllər belə olmuşuq. Suriya prezidenti Bəşər Əsədlə dostluğu bərpa etməmək üçün heç bir səbəb görmürəm”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Suriya prezidenti iyunun 26-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi qəbul edərkən bildirib ki, rəsmi Dəməşq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır.

Xatırladaq ki, 2023-cü il aprelin 25-də Moskvada Rusiya, İran, Suriya və Türkiyə müdafiə nazirləri arasında dördtərəfli danışıqlar baş tutub. Nazirlər Suriyada təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində əməli addımları müzakirə ediblər.

Aİ LİDERLƏRİNDƏN UKRAYNA İLƏ BAĞLI ÇAĞIRIŞ

 

Avropa İttifaqı liderləri Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıblar. “TRT” telekanalının verdiyi xəbərə görə, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammitin yekun bəyannaməsi açıqlanıb.

Bəyannamədə bildirilir ki, liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha vurğulayaraq bu ölkəqə iqtisadi, siyasi, hərbi və humanitar yardımın göstərilməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Aİ liderləri Ukraynaya özünümüdafiə hüququ çərçivəsində hava hücumundan müdafiə sistemləri, sursat və raketlər də daxil olmaqla hərbi yardımın artırılmasına çağırıblar.

Ukraynaya hərbi yardımın çatdırılmasının sürətləndirilməsi üçün addımların atılmasının vacibliyini vurğulayan liderlər Avropa Sülh Fondu çərçivəsində verilən qərarların tez bir zamanda yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Liderlər Aİ-nin Ukrayna ordusunun hərbi təlim ehtiyaclarını ödəmək üçün bu ölkədəki Avropa İttifaqının Hərbi Yardım Missiyasının potensialını artırmağa hazır olduğunu bildiriblər.

DÜNYA İQTİSADİYYATININ DE-DOLLARİZASİYASI ARTIQ BAŞLAYIB

“Ağ Evin siyasəti dünya iqtisadiyyatının de-dollarizasiyası prosesini başladıb”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu sözləri Nyu-York ştatından senatorluğa müstəqil namizəd Dayan Seyr bildirib.

“De-dollarizasiya artıq baş verir. Bu, baş verməyə bilərdi, lakin bizim siyasətimizə görə, düşünürəm ki, insanların, sadəcə seçimi yoxdur”, - deyə Dayan Seyr vurğulayıb.

Amerikalı siyasətçi hazırkı şəraitdə valyuta və sabit məzənnələr səbətinə keçməyin daha məqsədəuyğun olacağı fikrini də bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin belə bir fikir bildirmişdi ki, dollar özünü dünya ehtiyat valyutası kimi nüfuzdan salıb, təkcə Rusiya deyil, bir çox suveren dövlətlər ondan imtina edirlər.

“FUKUSİMA” AES-DƏ SUYUN OKEANA AXIDILMASININ YENİ MƏRHƏLƏSİ BAŞLAYIB

Yaponiyanın “Fukusima” atom elektrik stansiyasının (AES) 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış 3 reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının 7-ci mərhələsi başlayıb. “Trend” agentliyinin məlumatına görə, bu mərhələdə iyulun 16-dək 7800 ton suyun okeana buraxılması planlaşdırılır.

Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suda zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir.

AES-in operatoru olan “Tokio elektrik enerjisi” şirkəti (TEPCO) suyu okeana buraxmazdan əvvəl tritiumun səviyyəsini Dünya Səhiyyə Təşkilatının içməli su üçün tövsiyə etdiyi səviyyəsi üçün ona əlavə su qatır.

Qeyd edək ki, TEPCO stansiyanın suyunun okeana buraxılmasına ötən ilin avqustunda başlayıb. İlk altı mərhələdə təxminən 46 min 745 ton təmizlənmiş su okeana axıdılıb. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir.

COZEF BAYDEN VƏ DONALD TRAMPIN İLK DEBATI BAŞ TUTUB

ABŞ-da prezident seçkilərindən əvvəl hazırki prezident Cozef Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat baş tutub. “Trend” agentliyinin xəbərinə görə, “CNN” telekanalının Atlanta şəhərindəki binasında keçirilən debat 90 dəqiqə davam edib.

Məlumata əsasən, teledebat əvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusunda başlayıb. Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikir səsləndiriblər.

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb.

Qeyd edək ki, Cozef Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.

İSRAİLİN MÜDAFİƏ NAZİRİ: LİVANI “DAŞ DÖVRÜNƏ” QAYTARMAQ GÜCÜNDƏYİK

İsrailin müdafiə naziri Yoav Qallant ordunun “Hizbullah”la müharibə olacağı təqdirdə Livana qarşı sərt addımların atılacağını bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda jurnalistlərə açıqlama verən Yoav Qallant ölkəsinin İsrail-Livan sərhədindəki vəziyyətin diplomatik yolla həllinə üstünlük verdiyini və “Hizbullah” qruplaşması ilə müharibə olacağı təqdirdə İsrailin Livanı “daş dövrünə” qaytarmaq gücünə malik olduğunu açıqlayıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında “HƏMAS”a qarşı hücumlarını davam etdirən İsrail ordusu ölkənin şimal sərhədində Livanın “Hizbullah” qruplaşması ilə döyüşür. Son zamanlar İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində ciddi gərginlik müşahidə olunur.

Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kats iyunun 21-də verdiyi açıqlamada bildirib ki, “Hizbullah”ın İsrail torpaqlarına və vətəndaşlarına qarşı hücumlarının qarşısı alınacaq və tezliklə bununla bağlı lazımi qərarlar qəbul olunacaq.

“SPACEX” ŞİRKƏTİNİN DƏYƏRİ 210 MİLYARD DOLLARA ÇATIB

Amerikalı milyarder İlon Maskın kosmik korporasiyası “SpaceX” şirkətdəki payını satmaq üçün investorlarla danışıqlar aparır. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbər verilir ki, səhmin hər birinin qiyməti 112 dollardır və bütün şirkətin dəyəri 210 milyard dollar təşkil edir.

Beləliklə, “SpaceX” 268 milyard dollar dəyərində olan Çinin “ByteDance” şirkətindən sonra ABŞ-ın ən dəyərli özəl şirkəti, dünyada isə ikinci olacaq.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə “Bloomberg” agentliyi xəbər verib ki, ötən ilin dekabrındakı maliyyələşdirmə raundunda “SpaceX” şirkəti 180 milyard dollar məbləğində qiymətləndirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.