Azərbaycanın beynəlxalq arenada növbəti humanizm qələbəsi
Siyasət

Azərbaycanın beynəlxalq arenada növbəti humanizm qələbəsi

6 ilə yaxındır həbs həyatı yaşayan "Wikileaks" qurucusu Julian Assanj nəhayət ki, azadlığa çıxdı. Məlumdur ki, London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyaya etiraz etmək üçün 1901 gün keçirdiyi Belmarş həbsxanasından girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edim ki, "Wikileaks" 2006-cı ildə Julian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdan ibarət idi. "Wikileaks" anonim mənbələrdən əldə etdiyi sənədləri onlayn olaraq dərc edərək hökumətlərin və digər təşkilatların gizli fəaliyyəti haqqında məlumatları açıqlayırdı. Məhz elə bu səbəbdən də dünyanın bir sıra aparıcı gücləri "Wikileaks"ı və onun qurucusu Assanjı özləri üçün təhlükə hesab edirdilər. Ekvador, Böyük Britaniya, İsveç və ABŞ hökumətlərinin qəbul etdikləri qərarları hər kəs xatırlayır. Ekvador prezidenti Lenin Moreno Julianın siyasi qaçqın kimi sığınacaq hüququna xitam verdi. Britaniya polisi bu qərardan sonra Ekvador səfirliyinə giriş icazəsi əldə etdi. Nəticədə Assanjın Britaniya polisi tərəfindən saxlanılmasından sonra Ağ ev ABŞ vətəndaşı olmayan və xəbər təşkilatı ABŞ-da yerləşməyən Julianın ekstradisiyasını tələb edirdi. Mütəmadi olaraq dünyaya qanunun aliliyi və azad mətbuatın hüquqlarına dair "dərs" keçən böyük güclər və insan hüquqları təşkilatları isə söhbət Assanja gəldikdə sanki lal, kar və kor olurdular. Heç kəs ABŞ kimi hegemon bir ölkəyə Assanjla bağlı etiraz səsini qaldırmağa cürət etmirdi. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə istər yerli, istərsə də xarici mətbuata verdiyi açıqlamalarda bu məsələni daim diqqətdə saxlamış və Assanjın qanunsuz olaraq həbsdə saxlanıldığını bildirmişdi.

Eləcə də iki ay əvvəl aprel ayının 3-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da cənab Prezident Julian Assanjın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalmasını xatırladaraq insan hüquqları məsələsinə təkcə lokal deyil, qlobal kontekstdə baxılması zəruriliyini vurğulamış və Assanjın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini qeyd etmişdi.

Assanj artıq azadlıqdadır və şübhəsiz ki, onun azadlığa çıxması və öz vətəninə dönməsi həm də ölkə başçımızın beynəlxalq arenadakı nüfuzunun göstəricisidir.

Yusif BAĞIRZADƏ,

politoloq.