Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumu
Mədəniyyət

Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumu

27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir.

Azərbaycanın Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, iyunun 27-də forumun təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Özbəkistan prezidenti Şövkat Mirziyoyev maqom sənətinin tarixi və əhəmiyyəti barədə söz açıb. Mərasimdə UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər tərəfindən bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa olunub, kompozisiyalar nümayiş etdirilib.

Həmçinin iyunun 28-29-da "Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar" mövzusunda beynəlxalq elmi-praktik konfrans, maqom ifaçılığı müsabiqəsi keçirilib.

Aygün İBRAHİMOVA,

"Respublika".