MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Tənbəlliyin də xeyri var imiş...

Elə insanlar var ki,  tənbəllikdən saatlarca, günlərcə  hətta aylarca özünə qapanaraq  çölə çıxmırlar. Maraqlıdır ki, amerikalı elm adamları bu cür insanların daha zəkalı olduğunu iddia edirlər. Belə ki, yeni araşdırmanın nəticələri göstərib ki,   insanlar nə qədər çox özünə qapanırsa, özündən daha fəal həmkarları ilə müqayisədə onun intellekt səviyyəsi (IQ) bir o qədər yüksək olur.       

Tələbələrin iştirakı ilə eksperiment keçirilib. Onlar özünüdərketmə ilə bağlı bir neçə suala cavab veriblər. Hər birində 30 nəfər olan "zehni fəaliyyət" və "qeyri-zehni fəaliyyət"lə  məşğul olanlardan ibarət iki qrup təşkil edilib. Hər iki qrupun iştirakçılarının biləklərinə onların hərəkətlərinə və fəallıq səviyyəsinə nəzarət edən xüsusi cihaz taxılıb. Nəticədə  tənbəl adamların intellektinin  daha yüksək olduğu məlum olub.

Mütəxəssislərin fikrincə, tənbəl insanlar işlərini avtomatlaşdırmağa meyillidirlər. Onlar gündəlik işlərini daha sürətli və asan etməyin yollarını tapırlar.  Bundan əlavə, elm adamlarına görə tənbəllik stres səviyyəsini azaldır və sağlamlığı yaxşılaşdırır. Daim məşğul olan və sonsuz sayda işi həll edən insanlar gərginlik içərisindədirlər. Belə ki, onlar yuxu problemi, çətin vəziyyətlərdə isə ciddi psixoloji pozğunluqlar yaşayırlar.

Lakin bütün bunlar tənbəlliyin yaxşı bir hal və tənbəllərin hamısının intellektli olması anlamına gəlmir.

Sən demə, bu problemi olanlar...

İsveçdə aparılan bir araşdırma zamanı ipoxondriya diaqnozu qoyulmuş insanların digər insanlara nisbətən daha tez öldüyü ortaya çıxıb. Araşdırma "JAMA Psychiatry" jurnalında dərc olunub.

"Xəstəlik xəstəliyi" olaraq da adlandırılan bu xəstəlik günümüzdə çox tez-tez rast gəlinən pozuntular sırasındadır. Bu problemdən əziyyət çəkənlər orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir va müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlaməti kimi qəbul edir və daimi olaraq ölüm qorxusu ilə yaşayırlar. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub-olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər.

Tədqiqatda ipoxondriya diaqnozu qoyulmuş  təxminən 4 min nəfərin və bu xəstəliyi olmayan 41 min insanın 24 illik sağlamlıq məlumatları araşdırılıb. Nəticədə sözügedən problemi olanların hər hansı  səbəbdən digərlərindən daha tez öldüyü müəyyən edilib. Həmçinin belə xəstələrin intihar riskinin də başqalarına nisbətən 4 dəfə çox olduğu məlum olub.

Bu heyvanlar şizofreniyaya səbəb ola bilər

Avstraliyalı elm adamları pişik sevərləri məyus edəcək bir faktı ortaya çıxarıblar. Belə ki, Kvinslend Universitetinin alimləri evdə pişik saxlamağın  şizofreniya riskini artırdığını müəyyən ediblər.

11 ölkədən toplanan məlumatlar əsasında aparılan 17 araşdırmada sözügedən psixi pozğunluqdan əziyyət çəkənlərin çoxunun  pişiklərlə yaşayıb və ya sadəcə onlarla təmasda olduqları ortaya çıxıb. Alimlərin fikrincə, bütün bunlar ev heyvanlarında yaşayan "Toxoplasma gondii" paraziti ilə bağlıdır. Belə ki, bu parazit oyun zamanı dişləmə yolu ilə insan orqanizminə keçir. Daha sonra isə mərkəzi sinir sisteminə daxil olaraq beyindəki neyrotransmitterlərə təsir edir.

Amerikalı həkimlər bu məlumatları təkzib etməyə çalışıblar. Onlar 345 insan üzərində araşdırma apardıqlarını və evdə pişik saxlamağın şizofreniya ilə bir əlaqəsi olmadığını bildiriblər. Amma sonra müəyyən ediblər ki, dişləmə faktorunu nəzərə almayıblar və necə deyərlər, sözlərini geri götürüblər. Bu səbəbdən də mütəxəssislər pişik saxlayanlara sevimli ev heyvanlarını baytara apararaq, parazitlərə qarşı yoxlatmağı tövsiyə ediblər.

"Piqmalion" effekti nədir?

Gözləntilər psixologiyamıza çox böyük təsir edərək görmədiyimiz yöndən bizi idarə edir. Ümidlərin yerinə yetməsi ilə müşahidə olunan bu psixoloji fenomenin əsasında isə "Piqmalion" effekti (və ya Rosenthal effect)  dayanır.

Bu fenomenin ən inandırıcı sübutu 1968-ci ildə psixoloq Robert Rozental və Leanor Yakobson tərəfindən həyata keçirilən təcrübədir. Belə ki, bu ekperimentdə müəllim gözləntilərinin şagirdlərin performansına təsir etməsi öz təsdiqini tapıb.

Əfsanəyə görə, Kiprin mifoloji çarı və eyni zamanda yunan heykəltaraşı Piqmalion qeyri-adi gözəlliyə malik bir qadın heykəli yaradır. Öz əl işinin nəticəsinə baxdıqca doymayan Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun heykəlinin möhtəşəmliyi ilə müqayisəyə gəlməz. O, öz heykəlini Qalateya adlandırır, gecə və gündüz fil sümüyündən hazırlanmış məftunedici heykəlin çılpaq vücudunu seyr edir. Hər gün heykəli səxavətli bəxşişlərə qərq edərək, qulağına sevgi sözləri pıçıldayır.  Bayram günü aşiq heykəltaraş ilahə Afroditaya müraciət edib, ona dil töküb, ürəkdən yalvarır ki, cansız sevgilisinə ruh bəxş etsin, Qalateyanı canlandırsın. Gözəllik və məhəbbət ilahəsi onun bu arzusunu yerinə yetirməyə razılaşır. Sevincindən özünü itirən aşiq öz emalatxanasına tələsir. Canlı, isti və sevən - Qalateya məhz yaradıcısının onu təsəvvür etdiyi, görmək istədiyi kimi idi. Piqmalion istədiyini əldə edir, onun inam və arzusu istəyinin gerçəkləşməsinə, həyata keçməsinə kömək edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".