...bir də belə tanıyaq!
Maraqlı

...bir də belə tanıyaq!

Əzizə Cəfərzadə

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli yazıçılardan biri də Əzizə Cəfərzadədir. Qızı qucağından düşüb ölən, ömründə bir dəfə xoşbəxt olan, ilk kitabı yandırılan Əzizə xanım keşməkeşli həyat yolu keçib...

Əslən Şamaxıdan olan yazıçı Bakıda dünyaya gəlib. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1937-ci ildə köhnə əlifba ilə yazılmış kitabların yandırılması ilə bağlı qərar verilir. Əzizə xanım evdəki kitablarını kisəyə yığıb çay kənarında basdırır. Deyilənlərə görə, Əzizə xanım dərsdə sovet ideologiyasına uyğun olmayan çağırışlar etdiyi, rusların işğallarından danışdığına görə onun səsini yazmaq üçün, hətta sinfinə səsyazan cihaz da yerləşdiriblərmiş.

Yazıçı uşaqlıqdan pilot olmaq arzusunda olub, lakin boyu qısa olduğu üçün Aviasiya klubuna qəbul edilməyib. Həyat yoldaşı ilə də Aviasiya klubunda tanış olub. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Lakin tale Əzizə xanıma analıq sevincini doyunca dadmağa imkan verməyib. Belə ki, yeni doğulmuş körpəsi küçədə qucağından düşüb, başından zərbə alaraq vəfat edib. Bu hadisədən sonra o, qardaşı uşaqları Turanı və Kəmaləni öz övladı kimi böyüdüb. Kəmalədən fərqli olaraq, hətta Turanı övlad kimi də rəsmiləşdirib.

Ədəbi fəaliyyətə 16 yaşında başlayıb, "Əzrayıl" adlı ilk hekayəsi 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap edilib. İlk kitabı 1948-ci ildə çap edilsə də, Moskvanın qərarı ilə qadağan olunur və yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır. Həyat yoldaşı Qana prezidenti Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya köçür. Afrikada yaşadığı vaxt "Qızıl səyahət" adlı kitabını yazır. O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparır. Məşhəddə olanda həmin Quranı tapır.

Yazı makinasına "sevgilim" deyərmiş. Ancaq ömrünün son günlərində yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, imtina edir. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürür. Füzuli haqqında "Eşq sultanı" adlı sonuncu romanını da diktofona diktə etmişdi.

Hacıqabulun Tağılı kəndində məktəb tikdirən yazıçı Moskvada çap olunan kitablarının bütün qonararını ora xərcləyir. Hətta tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır. Onun həyatı digər həmkarlarından fərqlənib. O, qadından çox kişi kimi mübarizə aparıb. Həmişə mənsub olduğu xalqın içində olub. Öz dediyinə görə, həyatda yalnız bir dəfə xoşbəxtliyin nə olduğunu dadıb. "Xalqlar həbsxana"sının dağılmasından sonra Kirovun Bakının Dağüstü Parkındakı "Çalağana" bənzəyən heykəlinin uçurulduğu gün Əzizə Cəfərzadənin həyatında ən xoşbəxt gündür. Bunu o özü dəfələrlə etiraf edib.

Ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.

Nüsrət Kəsəmənli

Azərbaycan ədəbiyyatında yaradıcılığı ilə yanaşı, şəxsi həyatı ilə də oxucularının yaddaşında qalan Nüsrət Kəsəmənli... Şairin keçdiyi yol maraqlı və mürəkkəb süjetli bədii əsər ilə müqayisə edilə bilər. Bu əsərin bir hissəsini, bəzi süjetlərini taleyin gözəgörünməz əlləri yazmışdı. Bir hissəsi isə onun öz "yaradıcılığının" məhsulu idi. O, şeirlərində həyatı "nağıl dilinə" çevirməyə çalışır, yaşadıqlarını "Biri vardı, biri yox" prizmasından yanaşırdı. Nüsrət Kəsəmənli "nağıl"larında olub-olmuşları və olacaqları danışırdı. "Daha nağıllara inanmıram" desə də, ömrünü nağıl kimi danışırdı... Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, köhnə sevgilisi toyuna gəldi...

Ağstafa rayonunda anadan olan şairin uşaqlıq illəri çox ağır keçib. Hələ körpə olanda valideynləri ayrılıb. Atası və anası yenidən başqası ilə ailə qurub. Nüsrət ata nənəsinin himayəsində böyüyüb. Kasıblıq, ağır şərait, qayğı, ehtiyac onun həyat və tərbiyəsinə təsirsiz ötüşmür. Balaca vaxtından ailəyə maddi kömək göstərmək üçün işləmək məcburiyyətində qaldığından təhsildən uzaqlaşır. Günü vağzalda, küçədə qarmon çalıb pul qazanmaqla keçir, stansiyada qatarlarda xırda alver edir. Günlərin birində qatarda bir qadın ac bilib ona çörək verir. Bir müddət sonra isə həmin qadın Nüsrəti görmək istəyir. Onlar görüşərkən qadın huşunu itirib yıxılır. Məlum olur ki, qatarda Nüsrətə çörək verən qadın onun doğma anası imiş.

Yeddinci sinifdən sonra məktəbdən uzaqlaşıb. Gününün böyük hissəsi küçələrdə, vağzallarda keçdiyindən tez-tez dava edirmiş. Hətta bu davaların axırı bıçaqlanmaya qədər gedib çıxıb. Nəhayət, günün birində iradəsini toplayıb özündən üç yaş kiçik uşaqlarla yenidən təhsilini davam etdirib.

Deyilənlərə görə, Nüsrət Kəsəmənli Sevda adlı qızı sevib, şeirlərinin çoxunu da ona həsr edib. Onlar universitet illərində tanış olublar. Varlı və ziyalı ailənin qızı olan Sevda çox dözümsüz, qısqanc qadın olub. Sonralar Sevda Nüsrət haqqında bu sözləri deyib: "Mən Nüsrətlə ailə qursaydım, xoşbəxt olmayacaqdım. Bir tərəfdən istədiyimə nail olacaqdım, ikinci bir tərəfdən Nüsrəti kəşf etdikcə, öyrəndikcə, onunla rahat yaşaya bilməyəcəkdim". Universitet illərində Sevdaya hər kəs Nüsrətin Sevdası deyirmiş. Lakin onlar bir-birlərini nə qədər böyük məhəbbətlə sevsələr də, qovuşa bilməyiblər. Deyilənlərə görə, Nüsrətə sevdiyi qızı evi olmadığı üçün verməyiblər. Amma taleyin işinə baxın ki, şair sonralar Sevdanın yaşadığı binadan ev alıb və bu evi həyat yoldaşına hədiyyə edib.

Gələcək həyat yoldaşı Rəhilə xanımla universitetdə təsadüfən qarşılaşıb. Rəhilə xanım laborant işləyirmiş. Çox ciddi qadın olduğundan şair ona yaxınlaşmağa cürət etməyib. Bir şeir yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada yazmaq üçün xoşladığı xanıma versin. Rəhilə xanım şeiri makinada yazıb və çox bəyəndiyindən bir nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu onları tanış edib və deyib ki, makinada yazıb bəyəndiyin şeirin müəllifi bu oğlandır. Beləcə, aralarında münasibət yaranıb, amma Rəhilə xanımın anası gələn elçiləri geri qaytarıb, deyib mən şairə qız verən deyiləm. Şairlər hərdəmxəyal olur. Söhbət rəhmətlik Nəsir İmanquliyevə çatıb. Nəsir müəllim elçi gedəndən sonra qızın anası razılıq verib. Nüsrətin toyunu da elə Nəsir müəllim edib. Ümumiyyətlə, Nəsir müəllimin Nüsrət Kəsəmənlinin həyatında çox böyük rolu olduğu deyilir. Nüsrət Kəsəmənli universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Bir gün polis onu avara, tüfeyli biri kimi tutub bölməyə aparmaq istəyib. Lakin onun tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra Nəsir İmanquliyevin yanına aparıb. Məsələnin təfsilatını öyrənən Nəsir müəllim Nüsrətə yataqxanada yer düzəldib, onu "Bakı" ("Baku") axşam qəzetlərində işə götürüb. Sonralar şairin ev almasına da köməklik edib.

Nüsrət Kəsəmənli Rəhilə xanıma özünün böyük sevgisi barədə danışıb. Onların toy günündə Sevda "Səadət sarayı"nın qarşısına gəlib, amma içəri keçməyib. Nüsrət Sevdanı görsə də, həmin an bu haqda həyat yoldaşına heç nə deyə bilməyib. Yalnız toydan sonra bu barədə ona danışıb.

Sonralar Sevda da ailə həyatı qurur. Bu xəbəri eşidən şair Sevda üçün "Dünən toyun idi" şeirini yazır. Lakin Sevda ailə qursa da, xoşbəxt olmur. İlk sevgisini itirdiyinə görə bir yerdə qərar tuta bilmir. Yoldaşından ayrılır. Bir müddət sonra isə çox ağır xəstəliyə tutulur və vəfat edir. Bu barədə xəbəri isə şairə onun həyat yoldaşı deyir.

Həddindən artıq ailəcanlı və qısqanc adam olan şairə bir dəfə gözəllik yarışmasında kimsə deyir ki, sizin qızınız olsa, onun səhnəyə çıxmasını istərdinizmi? Nüsrət müəllim hirslənib adamın üstünə gedir və onu vurur. Efiri yarıda kəsib, onu sakitləşdirməli olurlar.

Şair uzun müddət böyrəklərində yaranan problemlərdən əziyyət çəkib. Müalicə olunmaq üçün onu Təbrizə aparırlar. Altı ay orada müalicə alır, vəziyyəti yaxşılaşmağa doğru gedir. Lakin bir müddət sonra atdığı dərmanların təsirindən mədəsində problem yaranır, daxili qanaxma başlayır və Nüsrət Kəsəmənli 57 yaşında Təbrizdə vəfat edir. Onun ölümünü iki gün həyat yoldaşından gizlədirlər. Rəhilə xanım Bakıya gedən maşında məxmərə bükülmüş tabutu görəndə həyat yoldaşının vəfat etdiyini bilir. İnsanlar uzun müddət onun ölümünün müəmmalı olduğunu düşünür. O cür qamətli, sağlam insanın ölümünə inanmırlar...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".