Multivektorlu əməkdaşlıq sabitliyin və inkişafın rəhnidir
Siyasət

Multivektorlu əməkdaşlıq sabitliyin və inkişafın rəhnidir

Xəzərin hüquqi statusunun ilkin müddəaları SSRİ və İran arasında bağlanmış Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdı. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı yox idi. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması Xəzər dənizindən yeni hüquqi müstəvidə istifadənin zəruriliyini meydana çıxardı. Beləliklə, Xəzər ətrafındakı respublikaların müstəqillik qazanmasından sonra hövzənin yeni geosiyasi statusunun müəyyən edilməsi məsələsi gündəmə gəldi. Tezliklə Xəzər ətrafında olan dövlətlərin, o cümlədən digər beynəlxalq güclərin dənizin hüquqi statusunun müəyyən olunması ilə bağlı geosiyasi strategiyası, milli maraqları formalaşmağa başladı. Artıq neçə illərdir ki, Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mütəxəssislər, işçi qrupları və dövlət rəsmiləri səviyyələrində ikitərəfli və çoxtərəfli danışıqlar aparılır.

Xüsusilə qeyd etmək lazımdır ki, danışıqlar prosesi ölkəmiz üçün heç də rəvan keçməmişdir. Lakin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan Xəzərin statusu ilə bağlı müzakirələrdə beynəlxalq hüquq normalarına istinad edərək öz maraqlarını layiqincə ifadə edə bilmişdir. Belə ki, ötən illər ərzində aparılan ikitərəfli və çoxtərəfli danışıqlardan sonra bəzi sahilyanı ölkələrin Xəzərin statusunun müəyyənləşməsi ilə bağlı mövqeyində xeyli proqressiv dəyişikliklər baş vermişdir. Siyasi analitiklərin fikrincə bu, Azərbaycanın məsələ ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqe, nümayiş etdirdiyi ciddi siyasi iradənin nəticəsində mümkün olmuşdur. Eyni zamanda Azərbaycanın mövqeyinin digər dörd ölkənin ümumi maraqlarına uyğun gəlməsi də pozitiv dəyişikliklərin əsas səbəblərindəndir. Bu məsələdə ölkəmizin mövqeyi isə qeyd etdiyimiz kimi, beynəlxalq hüquq normalarına və prinsiplərə əsaslanır.

Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi indiyədək davam etdirilsə də bir sıra ölkələr arasında ikitərəfli müqavilələr bağlanıb.

2001-ci ilin noyabrında və 2003-cü ilin fevralında Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü il mayın 14-də Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə, 2003-cü ilin noyabrında isə Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyası imzalanıb.

Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən ümummilli lider Heydər Əliyev bildirmişdir ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir.

Qeyd edək ki, Xəzəryanı ölkələrin indiyə kimi 6 dəfə Zirvə toplantısı keçirilib. 2002-ci ildə Aşqabadda keçirilən sammitdə dənizin demarkasiyası, hüquqi statusu və hüquqi rejiminə dair heç bir sənəd qəbul edilməyib.

Xəzəryanı ölkələrin ikinci sammiti 2007-ci ildə Tehranda keçirilib. Orada da heç bir irəliləyiş əldə edilməsə də, yekunda birgə bəyannamə qəbul olunub. Bu bəyannamədə Xəzəryanı ölkələrin dəniz ehtiyatlarının səmərəli istismarı, iqtisadi enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi qərara alınıb.

Qeyd edək ki, Xəzəryanı ölkələrin yaxın qonşuluq şəraitində yaşamaq istiqamətində vahid istəyi 2007-ci il oktyabrın 16-da 5 ölkə tərəfindən qəbul edilmiş Bəyannamədə əks olunub. Xəzəryanı ölkələrin üçüncü sammiti 2010-cu ildə Bakıda keçirilib. Bu tədbirdə də Xəzər dənizinin bölüşdürülməsi və hövzədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammitində çıxışı zaman Prezident İlham Əliyev bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi istiqamətində böyük iş aparılır: "Əminəm ki, gələcəkdə bu istiqamətdə təcrübi həll yolları tapılacaq. Bu məsələnin nizamlanmaması bizim münasibətlərimizə heç bir neqativ təsir göstərmir". Xəzərlə bağlı Rusiya-Azərbaycan, Rusiya-Qazaxıstan və Qazaxıstan-Azərbaycan razılaşmalarının əhəmiyyətini vurğulayan ölkə başçısı bildirib ki, bu təcrübə gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində nümunə ola bilər.

Xəzəryanı ölkələrin dördüncü sammiti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilib. Həmin görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, 2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusən milli zonanın eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların işlənib hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar prosesinə yeni təkan verdi.

Ölkə başçısı deyib: "Bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında dənizin dibinin həm hüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər. Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir".

Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Bu görüş zamanı dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub. Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Sənəddə Tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yardım etmək, Xəzər dənizinin dinc məqsədlər üçün istifadə olunmasına, onun resurslarının səmərəli istifadəsinə, təbii ətraf mühitinin tədqiqi, müdafiəsi və qorunub saxlanmasına köməklik göstəriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan tərəfindən Xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq, mehriban dostluq əlaqələrinin olması məsələləri daim diqqət mərkəzində dayanır. İki il əvvəl - 2022-ci il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Toplantıda Prezident İlham Əliyev ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının hüquqi bazası möhkəmlənir. Bununla yanaşı, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Ölkə başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətlərin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Cənab Prezident nəzərə çatdırıb ki, Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Ölkə başçısı bunu da bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir.

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Bu sənədlə sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəlikləri təsbit edilib. Konvensiyanın imzalanması ilə Xəzər dənizində hərtərəfli hüquqi rejim müəyyənləşdirilib, sözügedən sənəd fundamental hüquqi baza rolunu oynayıb.

Konvensiya dövlətlərin dənizdə həyata keçirdikləri karbohidrogen hasilatı ilə bağlı layihələrin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərin davamlılıq və təhlükəsizliyini təmin edib.

Xəzəryanı ölkələrin əməkdaşlığının müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üçün atılan addımlar bu sənədlə məhdudlaşmır. İmzalanan sənədlər sırasında həmçinin "Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında", "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair" sazişlər də çox böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, digər sənədlər, keçirilən görüş və toplantılarda bu sahədə mühüm irəliləyişlərə gətirib çıxarıb.

Nəqliyyat-kommunikasiya məsələlərinə xüsusi diqqət yetirməsi ölkəmizin bu sahədə əlverişli coğrafi mövqeyə sahib olması ilə bağlıdır. Odur ki, Azərbaycan dövləti regionda nəqliyyat-kommunikasiya layihələrinin işlənib hazırlanması və həyata keçirilməsində maraqlıdır, həmçinin Xəzərin ekoloji durumunun yaxşılaşdırılmasında maraqlı tərəf kimi çıxış edir. Belə ki, 2022-ci ilin sonunda Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransı keçirilib. Tədbir gündəlikdə olan məsələlərin və müzakirə predmetlərinin olduqca geniş spektrinin Xəzər regionunda əməkdaşlıq mühitinin mövcudluğunun və qorunub saxlanmasının əhəmiyyətini bir daha göstərir.

Hazırda regionda yaranmış yeni reallıqlar Xəzəryanı dövlətlər üçün perspektivli imkanlar yaradır. Bu baxımdan Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həmçinin Xəzəryanı ölkələr üçün də olduqca böyük əhəmiyyətə malikdir.

Bayram SALMANOV,

"Respublika".