Çoxəsrlik mədəni əlaqələr
Mədəniyyət

Çoxəsrlik mədəni əlaqələr

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Rusiya incəsənət ustalarının iştirakı ilə Heydər Əliyev Sarayında iyunun 24-də Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Tədbirdə iki ölkənin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər. Mərasimdə çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

İyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyorluq sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunub. Həmin gün axşam Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" pyesi əsasında hazırladığı eyniadlı tamaşa sənətsevərlərə təqdim olunub. Rusiyalı aktyorların oyunu seyircilərin böyük marağına səbəb olub. Səhnə dekorasiyası, peşəkar aktyorluq bacarıqları izləyənlərə rus mədəniyyətini, adət-ənənəsini təqdim edib. Tamaşada Aleksandrina Pitirimova, Sergey Verşinin, Yelena Kirkova, Ludmila Mençeskaya, Tatyana Rudova çıxış ediblər.

Tamaşadan sonra akyor heyətilə həmsöhbət olduq. Bakıda olmaqdan böyük məmnunluq duyan qonaqlar Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirdiyini xüsusilə qeyd etdilər. Aktyor Sergey Verşinin ölkəmizdə ilk dəfə olduğunu, Bakı ilə yanaşı, rayonlarımızı, kəndlərimizi görmək istədiyini qeyd etdi. Onun sözlərinə görə, Bakı infrastrukturu, havası, təmizliyi ilə onu valeh edib.

Qeyd edək ki, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri sonuncu dəfə 2019-cu ildə təşkil edilib.

Aiza ŞABANOVA,

"Respublika".