Qlobal problemin həllində növbəti mərhələnin əsası qoyulur
COP29

Qlobal problemin həllində növbəti mərhələnin əsası qoyulur

Bu gün bütün dünya iqlim dəyişmələrinin artan təsirləri ilə mübarizə aparır. Bu mənada Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyası “yaşıl dünya” istiqamətində əsas ümid işığıdır. Azərbaycanın ev sahibliyi edəcəyi builki konfrans bəşəriyyətin ən aktual problemlərindən birini həll etmək üçün dünyanın hər yerindən liderləri, siyasətçiləri, alimləri və fəalları bir araya gətirəcək. Ölkəmizin ev sahibi seçilməsi göstərilən etimadı və gözləntiləri əks etdirməklə yanaşı, Azərbaycanın qlobal əməkdaşlığın inkişafındakı strateji rolunu da vurğulayır. Dünyanın gözü COP29-dadır, çünki bu sammit, iqlim dəyişmələrinə qarşı kollektiv mübarizədə mühüm əhəmiyyət daşıyır.

İyunun 21-də Prezident İlham Əliyev "Euronews"a müsahibəsində bildirib ki, COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. İyunun 28-də isə BMT-nin Baş katibi Antonio Quterreş "TASS" agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq. Özünün də iştirak etməyi planlaşdırdığı iqlim konfransından bəhs edən Baş katib bildirib ki, məhz bu tədbir planetin uçuruma doğru hərəkət etməsi həqiqətinin etirafı kontekstində dönüş məqamı olacaq. O, son 12 ayın hər birinin əvvəlkindən daha isti olduğunu deyib: "Alimlər ilk dəfə qeyd edirlər ki, yaxın bir neçə ildə bizdə 1,5 dərəcədən çox qlobal istiləşmə müşahidə oluna bilər və bu, təbii ki, vəziyyətin dönməzliyi anlamına gəlmir. Xeyr, demək istəyirəm ki, 1,5 dərəcə məqsədi uzunmüddətli hədəfdir".

Belə səlahiyyətli insanların COP29-un əhəmiyyətindən danışması, bu mühüm iqlim sammitinə olan gözləntilərin və Azərbaycana yüksək etimadın sübutudur. Bu, dünya ölkələrinin iqlim dəyişmələri ilə mübarizədə birləşmək və qətiyyətli addımlar atmaq səylərinin təcəssümüdür. COP29-a Azərbaycanın ev sahibliyi etməsi qərarı beynəlxalq ictimaiyyətin ölkəmizin səmərəli dialoqu asanlaşdırmaq və qlobal əməkdaşlığı inkişaf etdirmək qabiliyyətinə olan inamının göstəricisidir. Azərbaycanın müxtəlif regionlar arasında körpü rolunu oynayan strateji mövqeyi onu belə əlamətdar hadisə üçün ideal ev sahibi edir. COP29 iqlim fəaliyyətini inkişaf etdirmək və dövrümüzün ən aktual problemlərindən birinin həllində əhəmiyyətli irəliləyiş əldə etmək üçün növbəti kritik fürsət kimi qiymətləndirilir.

COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen jurnalistlərə müsahibəsində deyib ki, biz UNEP olaraq Azərbaycanı COP29 "səyahəti"ndə dəstəkləməkdən şərəf duyuruq. Hər COP konfransının özünəməxsus xarakteri var: "İqlim məsələsinə gəldikdə isə Azərbaycan lider ölkə sayıla bilər. Azərbaycan COP29 konfransına ev sahibliyi etmək üçün könüllü təşəbbüs göstərdi. Bu tədbirə ev sahibliyi edən hər bir ölkə öz səxavətliliyini, xeyirxahlığını və liderliyini nümayiş etdirir. Bu COP konfransında biz Azərbaycanın ruhunu və mədəniyyətini hiss edirik. Biz bilirik ki, Bakı Olimpiya Stadionu COP tədbiri çərçivəsində möhtəşəm bir məkana çevriləcək".

UNEP-in icraçı direktoru Azərbaycanın "yaşıl enerji"yə 2 milyard ABŞ dolları sərmayə yatırdığını, neft ölkəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində böyük addımlar atdığını qeyd edib. İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda qeyd olunması məsələsinə də toxunub. O bildirib ki, bu, UNEP-in alqışladığı böyük təşəbbüsdür: "2026-cı il iyunun 5-də bütün dünya nəzərlərini Azərbaycana çevirəcək, çünki həmin gün ölkədə Ümumdünya Ətraf Mühit Günü qeyd olunacaq. Biz, həmçinin elektromobillik məsələləri üzərində işləyir və ölkəni iqlimlə bağlı işlərində dəstəkləyirik. Təbii ki, biz indi iqlimlə bağlı hava hadisələri üçün erkən xəbərdarlıq sistemləri ilə əlaqədar proqrama, eləcə də uyğunlaşma və maliyyələşdirmə ilə bağlı daha geniş proqrama böyük maraqla nəzər yetiririk".

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib: "COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra daha qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək".

Azərbaycanın Avropa və Asiyanı birləşdirən coğrafi mövqeyi onu beynəlxalq nümayəndələr üçün əlçatan və strateji məkana çevirir. Ölkəmizin müasir infrastrukturu və imkanları iştirakçılar üçün qüsursuz təcrübə təmin edir. Azərbaycan öz ekoloji təşəbbüslərini davam etdirməklə nümunə olur. Həmçinin ölkəmiz iştirakçı dövlətlər arasında konsensus və əməkdaşlıq yaratmaq üçün diplomatik əlaqələrindən səmərəli istifadə edib. Hansı ki, bu əlaqələr məhsuldar danışıqların və razılaşmaların asanlaşdırılması üçün çox vacibdir.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransı barədə əhalinin ekoloji maarifləndirilməsi məqsədilə COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib. Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar həmin mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər.

COP29-un əhəmiyyəti onun dövrümüzün ən aktual və mürəkkəb problemlərindən biri olan iqlim dəyişmələrinin həlli üçün əsas beynəlxalq platforma rolunu oynamasıdır. Bu, ölkələrə nailiyyətlərini bölüşməyə, hədəfləri təyin etməyə və milli sərhədləri aşan həllər üzərində əməkdaşlığa imkan verir. Konfrans ölkələrə yeni öhdəlik götürmək və mövcud siyasətləri gücləndirmək üçün bir fürsətdir. COP29 yaşıl texnologiyalara innovasiyalar və investisiyalar üçün mərkəzdir. O, bərpaolunan enerji, mühafizə və iqlimə davamlılığı təşviq edən təşəbbüslər üçün maliyyə və dəstəyi cəlb edir. COP29-un yüksək profilli xarakteri iqlim problemləri haqqında ictimai məlumatlılığı artırır və vətəndaş cəmiyyəti, biznes və fərdlərin dəstəyini səfərbər edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".