Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Azərbaycanda Milli Məclis buraxılıb

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Anadolu Agentliyi bildirir ki, Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

"Miragenews": Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

"Miragenews" yazır ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib. Bunu jurnalistlərə açıqlamasında BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib: "Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ətraf mühit, iqlim, biomüxtəliflik və çirklənmə üzrə dünyanın aparıcı orqanıdır. Əlbəttə ki, bir ölkə COP-a ev sahibliyini öz üzərinə götürürsə, onu dəstəkləmək bizim borcumuzdur. Onu da vurğulamaq istərdim ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etmək üçün seçilib. Tezliklə bu böyük məsələni elan edəcəyik". İ.Andersen onu da qeyd edib ki, Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram: "Mən həqiqətən iqlim məsələlərində inamla addımlayaraq liderlik edən bir ölkəni görə bilirəm. Beləliklə, bu gün mən Şirvan Milli Parkı ilə yanaşı, fövqəladə işlər görən, nərə balıqlarının buraxılması ilə məşğul olan müəssisəyə baş çəkə bildim. Gənclərlə dialoq aparmaq fürsətim də oldu. Azərbaycan artıq COP29-a ev sahibliyi etməyə hazır olduğunu bildirir. Biz qlobal səviyyədə liderlik etməyə hazırıq. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı olaraq bu gözəl ölkəyə yardım etmək üçün əlimizdən gələni edəcəyik".

"BelTA": Belarus dizaynerləri Azərbaycanda aqroşəhər tikintisi üzərində işləyirlər

"BelTA" yazır ki, bu barədə Belarus Memarlıq və Tikinti Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin üzvü, Belarus şəhərsalma üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Xijnyak bildirib ki, Belarus dizaynerləri aqroşəhərin salınması üçün nəzərdə tutulan yeri araşdırırlar.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında görüş keçirilib. İclasda Belarusun Azərbaycan ərazisindəki aqroşəhərində hansı istehsal müəssisələrinin tikintisinin nəzərdə tutulduğu müzakirə edilib. İlkin məlumata görə, aqroşəhərdə südlük mal-qara ferması və süd emalı müəssisəsi fəaliyyət göstərəcək.

"Vestnik Kavkaza": Laçınlılar evlərinə qayıtmağa davam edirlər

Azərbaycanda keçmiş məcburi köçkünlərin Qarabağa - öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.

Belə ki, ötən gün səhər saatlarında daha bir qrup Laçın sakini, ümumilikdə 21 ailə Laçına qayıdıb. Bundan sonra şəhərdə daha 65 nəfər yaşayacaq.

Ümumilikdə isə indiyə qədər Laçına 534 ailə, yəni 1971 nəfərin məskunlaşması təmin edilib. Onlara mənzillər verilib. Şəhər fəal şəkildə inkişaf edir: yeni evlər tikilir, şəhər infrastrukturu bərpa olunur, yeni iş yerləri açılır.

"Georgiya Today": 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan elektrik enerjisinin idxalı 1,353 faiz artıb

"Georgiya Today" yazır ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə Gürcüstana elektrik enerjisinin idxalı 182,5 faiz artıb. 2024-cü ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 1,296 milyon dollar dəyərində elektrik enerjisi alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,353 faiz çoxdur. 2023-cü ildə Gürcüstan Azərbaycandan 89,18 min dollar dəyərində elektrik enerjisi idxal edib.

"Respublika".