Qarabağda separatizmi alovlandırmağa cəhd edilir
Siyasət

Qarabağda separatizmi alovlandırmağa cəhd edilir

1 iyun 2024-cü il tarixinə olan məlumata görə, Ermənistanı tərk edən və geri qayıtmayan Qarabağ ermənilərinin sayı 10 min 308 nəfərdir. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Ümumiyyətlə, son dövrlərdə İrəvan rəhbərliyi bu məsələni gündəmdə saxlamağa çalışır. Belə ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrdə Qarabağın keçmiş erməni sakinlərinin bölgəyə qayıtmaq planları məlum olub. Daha doğrusu, keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayanın öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışdığı barədə iddialar irəli sürülür.

Erməni nəşrlərin məlumatına görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Geri dönüş marşına isə şəxsən Babayanın özü rəhbərlik edəcək. Bu məsələ ilə bağlı bir çox ssenari ortaya çıxır. Ən aktual versiyaya görə, Babayanın geri dönüş prosesinə rəhbərlik etməsi hazırda Ermənistanda separatçıların sıxışdırılması ilə bağlıdır. İrəvanın siyasi dairələrində Qarabağın sonuncu separatçı lideri Samvel Şahramanyanın yaxın zamanlarda həbs ediləcəyi barədə xəbərlər yayılıb. Bu gedişatdan digər separatçılar da sığortalanmayıblar. Buna görə də mümkündür ki, Babayan özünü bu prosesdən kənarda saxlamaq istəyir. O düşünür ki, müəyyən kütləni ətrafına toplayaraq Qarabağa qayıda və orada yaşaya bilər.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, son dövrlərdə təkcə Samvel deyil, mahiyyət etibarilə məhv edilmiş separatçı təsisata daxil olan şəxslərin bir çoxu Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərin geri qayıdışı ilə bağlı müəyyən müzakirələr aparırlar. Onların əsas məqsədi erməni toplumundan istifadə etməklə öz mövqelərini möhkəmləndirməkdir. Buna görə mümkündür ki, Qarabağa qayıtmağı hədəfləyən Babayan bu prosesdən İrəvan hökumətinə təzyiq müstəvisində istifadə edəcək. Çünki prinsip etibarilə Nikol Paşinyan Qarabağdan könüllü şəkildə köçən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası ilə bağlı müxtəlif proqramlar həyata keçirir. Bu layihələrin əhəmiyyətli hissəsi də məhz Avropa İttifaqından əldə edilən vəsaitlər hesabına gerçəkləşdirilir. İndiki şəraitdə Samvel Babayan bu prosesin əleyhinə getmək məqsədilə Qarabağın keçmiş erməni sakinlərinin bölgəyə qayıtmaq planlarının icrasına başlaya bilər.

Amma erməni mətbuatı bu iki ssenariyə tamamilə zidd yanaşma nümayiş etdirib. "Hraparak" nəşrinin məlumatına görə, Samvel Babayan Qarabağın işğaldan azad edilməsindən öncə tək-tük adamlardan idi ki, Azərbaycanla qarşılıqlı anlaşma yollarının tapılmasını ictimai şəkildə deyirdi. Bunların fonunda iddia olunur ki, o, ikinci Kadırov olmaq istəyir. Çeçenistan liderinin Rusiya Prezidentinə sadiq qaldığı kimi, Babayan da Paşinyana yaxınlığını nümayiş etdirir. Bu versiyaya görə isə Babayanın məqsədi Qarabağa dönüş yox, Paşinyana gizli dəstək göstərməkdir. Yəni o, Qarabağ ermənilərini Ermənistandakı etirazlardan kənarda saxlamaqla Nikolu problemlərdən xilas etməyə çalışır. Yəni onsuz da hazırda ermənilərin Qarabağa qayıtma perspektivi yoxdur. İndiki məqamda bu, Ermənistan hökumətinin maraqlarına cavab vermir və prioritetlər sırasına daxil edilməyib. Ona görə də Babayanın təklifi daha çox Paşinyan hökumətinə qarşı etiraz aksiyasında yer alan Qarabağ ermənilərinin hədəf və prioritetlərinin dəyişdirilməsinə, ən azı onlar arasında parçalanmağa nail olmaqla etiraz aksiyasını mümkün qədər zəiflətməyə hesablana bilər.

"Hraparak" nəşrinin məqaləsində, həmçinin Xankəndidə Rusiya konsulluğunun açılması planının Babayanın erməniləri geri qaytarmaq istəməsiylə nə qədər əlaqəli ola biləcəyi ehtimalına da diqqət yetirib. Qəzet konsulluğun açılmasının ermənilərin geri dönüşü üçün olmadığı qənaətinə gəlib. Bu yanaşma tamamilə doğru hesab oluna bilər. Çünki Azərbaycan ərazisində istənilən konsulluq qarşılıqlı razılıq əsasında fəaliyyət göstərə bilir. Diplomatik nümayəndəliklərin də missiyası öz ölkələrinin maraqlarına uyğun fəaliyyət göstərməkdən ibarətdir. Amma onların öhdəliyinə hansısa şəxslərin bu və ya digər ölkəyə qayıtması prosesini stimullaşdırmaq daxil deyil. Əks təqdirdə, belə yanaşma tərzi bilavasitə dövlətin daxili işlərinə müdaxilə etmək kimi qəbul oluna bilər. Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik müqaviləsi isə bu yanaşmanın mümkünlüyünə imkan vermir.

Yekunda bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan tərəfi ermənilərin inteqrasiyası ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Amma nəzərə almaq lazımdır ki, vaxtilə Ermənistan adlanan tarixi Azərbaycan ərazilərində yaşayan azərbaycanlılar öz evlərindən didərgin salınıblar. Buna görə də qayıdış məsələsi yalnız paket halında olmalıdır. Qərbi azərbaycanlıların Ermənistana qayıdış məsələsi müzakirə edildiyi təqdirdə, ermənilərin də Qarabağa dönüş məsələsi aktuallaşa bilər. Çünki Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".