AŞPA sülhdən niyə qıcıqlanır?!
Siyasət

AŞPA sülhdən niyə qıcıqlanır?!

Avropada korrupsiya, çirkli pulların yuyulması və digər cinayət əməlləri ilə daim diqqət mərkəzində olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə hay təəssübkeşliyini ortaya qoydu.

İstər 30 illik işğal dövründə, istərsə də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra daim qərəzli mövqeyilə seçilən qurum "himayədarlıq" missiyasını "uğurla" icra edir. Belə ki, erməni lobbiçilərin yuvasına çevrilən AŞPA öz ənənələrinə sadiq qalaraq - anti-Azərbaycan bəyanatla çıxış edərək ikili mövqe ortaya qoyur. AŞPA Bakıda həbsxanada məhkəmə qərarlarının icrasını gözləyən erməni separatçı və terrorçuların buraxılmasını "arzulayır".

Xatırlatmaq lazımdır ki, hələ hayların işğalçılıq siyasətinin tüğyan etdiyi dövrdə AŞPA təcavüzkarın vəkili və ruporu qismində çıxış edirdi. Bu dövr ərzində və ondan sonra da Ermənistanın ali tribunasına çevrilmiş AŞPA-nın haylara "sonsuz məhəbbət"i daim özünü göstərmişdir. Bütün bunlar AŞPA-nın demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir. Digər tərəfdən, regiona təzyiq göstərilməsinə, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlısı budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, məhz AŞPA tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir.

Bütün əsassız və qərəzli ittihamlarını "ədalət" və ya "hüququn aliliyi" kimi universal dəyərləri alət edərək əsaslandırmağa çalışan, beynəlxalq hüququ gözardı edən və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan riyakar "qanun keşikçiləri" özlərini ifşa etməyə davam edirlər. AŞPA-da keçirilən müzakirələr və nümayəndə heyətimizə qarşı nümayiş etdirilən qərəzli mövqe buna bariz nümunədir. Avropanın işğalçı Ermənistana verdiyi dəstək, faşizm ideologiyasının qalıqlarının və imperialist çıxışların hələ də bu coğrafiyada dərin iz buraxdığı göz qabağındadır. Əks halda, Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi və terrorun bütün növlərinə qarşı apardığı haqq mübarizəsi, yaratdığı yeni reallıqlar fonunda bizə qarşı bu qədər ədalətsiz yanaşmalar əslində riyakarlıqdır. Görünən odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ədalətə və beynəlxalq hüquqa söykənən addımlarını qısqanclıqla qarşılayan bəzi dövlətlər, beynəlxalq təşkilatlar regionda sülhün, təhlükəsizliyin təmin olunmasında deyil, vəziyyətin daha da gərginləşdirilməsində maraqlı olduqlarını Ermənistana dəstək xarakterli əsassız bəyanatlar səsləndirməklə nümayiş etdirirlər.

Vətən müharibəsində əldə olunan tarixi Zəfərimizdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə keçirilən antiterror əməliyyatları Xankəndidə separatçı rejimin ləğv edilməsi ilə tarixi missiya uğurla başa çatdı. Bununla da Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan Laçın dəhlizi" ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın əlində cəmləşdi. Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntüləri növbəti məğlubiyyətlə üzləşdi, separatçı-terrorçu dəstələr tərk-silah və təslim edildi. Qeyd etmək yerinə düşər ki, BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz daha bir tarixi Zəfərə imza ataraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsini yerinə yetirdi. Gəncə və Bərdəyə atılan raketlərin əmrini verən Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və özünü "dövlət naziri" adlandıran Ruben Vardanyan kimiləri məsuliyyətə cəlb edildilər. Əlbəttə ki, bütün bunlar Qərb dairələrini narahat edir. Uzun illər birlikdə kirli əməllərlə məşğul olduqları "maşaları" bu gün qüdrətli Azərbaycan dövlətinin hüquq-mühafizə orqanlarının əlindədir. Onların etirafları, AŞPA və digər təşkilatlar haqqında səsləndiriləcək fikirlər, sübut və dəlillər olduqca böyük önəm daşıyır. Məhz erməni milyarder Ruben Vardanyanın məsuliyyətə cəlb olunması məsələsinin daha çox rezonans doğurması da bu səbəbdəndir. Qanunsuz pul dövriyyəsi nəticəsində əldə edilmiş sərvətin haralara və kimlərə xərclənməsi məsələsinin ifşası Qərb strukturlarının başçılarının "kreslo"sunu laxlada bilər. Məhz bu səbəbdən daim beynəxalq sferada iftira və böhtanlara məruz qalan Azərbaycanın haqq işinə kölgə salırlar.

Qeyd edək ki, AŞPA-dakı qərəzin oriyentiri düşünüləndən daha da genişdir. Bir müddət əvvəl ermənipərəst deputatların səyləri ilə AŞPA-nın iclasında "erməni hərbi əsirləri" ilə bağlı məsələni müzakirəyə çıxarmaq cəhdi bütün bunlara əyani misaldır. 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə birlikdə əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən 20 gün sonra müxtəlif təxribatlar - mülki əhaliyə qarşı diversiya və terror aktları törətmək məqsədilə işğalçı ölkə tərəfindən Azərbaycan ərazilərinə göndərilənlərin "hərbi əsir" kimi qələmə verilməsi olduqca absurddur. Görünür, AŞPA-da terrorçu ilə hərbi əsiri ayırd edə biləcək məmur qalmadığından bu tip manevrlər edirlər.

Üstəgəl, bu anti-Azərbaycan dalğası təkcə siyasi-hərbi arenada yox, mədəni müstəvidə də öz mənfi təsirini göstərir. Belə ki, AŞPA ilə eyni gündə ABŞ Konqresinin 48 üzvünün dövlət katibi Antoni Blinkeni işğaldan azad edilən torpaqlarda "erməni milli irsini" Azərbaycandan qorumağa çağırması buna əyani sübutdur. İddia edilir ki, 500 erməni mədəni irs abidəsi Azərbaycan tərəfindən məhvedilmə təhlükəsi ilə üz-üzədir və bu, vandalizm aktıdır. Tamamilə absurd, heç bir fakt və sübuta əsaslanmayan fikirlərlə Azərbaycanı ittiham etməyə çalışanların məramı heç dəyişməyib. Onlar işğal dövründə dağıdılan məscidlərimizi, tarixi və mədəni abidələrimizi görməzdən gələrək əsl cinayət törətmişlər. Əfsuslar olsun ki, bu gün beynəlxalq hüquq strukturları tamamilə yararsız vəziyyətdə olduğundan AŞPA kimi qərəzli qurumların məkri daha çox artır.

Qəribə olan məqam bundan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşdiyi bir ərəfədə Qərb dairələri məhz bu cür mövqe sərgiləyir. Halbuki rəsmi İrəvanın belə öz daxilindəki separatçıları məsuliyyətə cəlb etməsi məsələsi gündəmdədir. İstənilən halda Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana qarşı bütün aktlar nonsensdir. Regionda məhz rəsmi Bakının diktəsi əsasdır. AŞPA kimi qərəzli dairələrin sülhə kölgə salma cəhdi isə həmişəki kimi uğursuzluğa düçar olacaq.

Nurlan ABDALOV,

"Respublika".