Dağlar diyarına köç davam edir
Sosial həyat

Dağlar diyarına köç davam edir

Uzun illər qəlb ağrısı ilə yaşasaq da, bir gün yenidən torpaqlarımıza qovuşacağımıza əmin idik və o günü səbirsizliklə gözləyirdik.

Dilbər guşəmiz Laçın 1 dekabr 2020-ci ildə dövlətimizin uğurlu hərbi-diplomatik siyasəti ilə düşmən tapdağından azad edildi. Uğurlu hərbi əməliyyatlar düşməni buna məcbur etdi. Laçının tam nəzarətimizə keçməsi regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur.

Belə ki, Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgədir. Rayonun böyük turizm potensialı, aqrar üstünlükləri var. Laçın ölkənin ən gözəl guşələrindən biridir. Ona görə də hesab etmək olar ki, ekoturizm burada yüksək səviyyədə inkişaf edəcək. İqtisadiyyat inkişaf etdikcə, orada əhalinin sayı və məşğulluq da artacaq. Bunun da ölkə iqtisadiyyatına töhfə verəcəyi şübhəsizdir.

Biz bir daha dünyaya göstərdik ki, uğurlu hərbi əməliyyatlar apardığımız kimi, eyni zamanda dinc quruculuqda da mühüm addımlar atırıq. Qeyd etmək lazımdır ki, hazırda Laçında sürətli tikinti-abadlıq işləri aparılır. "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın şəhərinə köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.

Prezident İlham Əliyev laçınlılarla görüşündə bildirmişdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binasıdır. 9 çoxmərtəbəli binada 144 mənzil var. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Ötən gün dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. Qeyd edək ki, bu günədək Laçında 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".