Diskussiya aparılıb, suallar cavablandırılıb
CƏMİYYƏT

Diskussiya aparılıb, suallar cavablandırılıb

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla, yüksək işgüzarlıqla həyata keçirilir. Aparılan ardıcıl və məqsədyönlü iqtisadi islahatlar nəticəsində bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafı üçün geniş imkanlar açılıb. Dövlətimiz tərəfindən azad sahibkarlığa mane olan süni əngəllərin, inhisarçılığın və haqsız rəqabətin qarşısı qətiyyətlə alınır.

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni qəbul olunmuş "Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi" ilə bağlı Lənkəran şəhərində yerli sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib.

Tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov tədbirin məqsəd və məramını açıqlayaraq bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafına yüksək diqqət və qayğı göstərilir. Sahibkarlıq fəaliyyətində yoxlamaların qarşısı alınıb, azad sahibkarlığın daha da çiçəklənməsi üçün lazımi hüquqi baza yaradılıb. Keçən ilin dekabr ayında "Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi" müvafiq Qanunla təsdiq edilib. İyul ayının 1-dən qüvvəyə minəcək Məcəllə özəl sektorun inkişafı, sahibkarların hüquqlarının qorunması, ölkəmizə investisiya axının güclənməsi üçün yeni imkanlar açacaq. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Məcəllənin təbliği ilə əlaqədar maarifçilik missiyasını həyata keçirir. Bundan əvvəl Şirvan şəhərində sahibkarlarla görüş keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri üzrə sektor müdiri Fərid Bayramzadə rayonda sahibkarlığın inkişafına göstərilən qayğıdan, bu sahədə görülən işlərdən, keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev regionda kiçik və orta biznesin inkişafının dəstəkləndiyini, KOB subyektlərinə bir sıra xidmətlər göstərildiyini və sahibkarlarla mütəmadi olaraq maarifləndirici görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elşad Səmədzadə "Haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi" mövzusunda məruzə edib. Rəqabətin iqtisadiyyatın inkişafında rolundan, haqsız rəqabətin formalarından və onunla bağlı Məcəllədə nəzərdə tutulmuş tələblərdən ətraflı söhbət açıb.

"Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması" layihəsinin eksperti, hüquqşünas Aydın Kərimov iqtisadiyyatın inkişafında azad sahibkarlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tətbiqinin sahibkarların, dövlət orqanlarının və QHT-lərin birgə fəaliyyətinin əlaqələndirilməsində rolundan danışıb.

Tədbirdə Məcəllədə qoyulmuş vəzifələrlə bağlı diskussiya aparılıb və sahibkarların sualları cavablandırılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".