Kosmik sahədə regional mərkəz
Siyasət

Kosmik sahədə regional mərkəz

Azərbaycanın peyk xidmətləri Avropa, Asiya və Afrikada rəqəmsal məlumatların formalaşması və ötürülməsində mühüm rol oynayır

Yeni çağırışlara uyğun inkişaf nəticəsində nüfuzlu ölkəyə çevrilən Azərbaycan Avropa ilə Asiya arasında qitələrarası körpü rolunu oynayır. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməsidir. Texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proqramının özünəməxsus yeri var.

Müasir dövrdə ölkəmizdə yeni innovasiyalara əsaslanan və mühüm inkişaf yolu keçən sahələrdən biri məhz kosmik sənayedir. Onun qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub.

2008-ci ildə dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə müasir kosmik layihələrin həyata keçirilməsinə başlanılıb. Azərbaycanın kosmik tarixinin ilk səhifələri yazılıb. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilib. Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan "Azərkosmos" yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaları tətbiq etməyə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk xidmətlərindən istifadə üçün əlavə dəyər yaratmağa imkan verir.

2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-cü ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb. "Azerspace-1" Azərbaycan üzərində ən güclü siqnala malik peykdir. Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-2" peyki isə Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir. Kosmik peyk layihələrinin reallaşdırılması Azərbaycanın kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldırıb. Ölkə bu sahədə xidmətlərin idxalçısından ixracatçısına çevrilib. Peyklər milli qürur mənbəyi olmaqla yanaşı, həm də kommersiya layihəsidir. Bu, Azərbaycan iqtisadiyyatının güclənməsinə və inkişafına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərkosmos"un fəaliyyəti davam edirilir.

Azərbaycanın unikal və əlverişli coğrafi mövqeyi, mövcud sabitlik və iqtisadi inkişaf qlobal kosmik şirkətlərin diqqətini cəlb edir. Ölkədə İtaliya, Yaponiya və Çin şirkətlərinin biznes məqsədli yerüstü infrastrukturu quraşdırılıb. Hazırda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, Bakı teleportunda müxtəlif beynəlxalq şirkətlərə məxsus 20-yə yaxın yerüstü stansiya xidmət göstərir. Telekommunikasiya peykləri ilə yanaşı, "Azersky" peyki də milli təhlükəsizliyin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bu peyk sayəsində vaxtilə Ermənistanın işğalı altındakı ərazilərdə törədilmiş yanğınlar mütəmadi monitorinq edilib, dəymiş ziyanın qiymətləndirilməsi aparılıb. Eyni zamanda həmin bölgədə yerləşən filiz yataqlarının kosmik monitorinqi nəticəsində hasilat sahələrində baş vermiş dəyişikliklər qiymətləndirilib. "Azersky" 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər qazanmasında da əhəmiyyətli rol oynayıb. Bu peyk vasitəsilə düşmənin hərəkətlərini izləmək və təxribatlarının qarşısını almaq mümkün olub. "Azərsky" peykinin imkanlarından müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərimizin iqtisadi potensialının müəyyənləşdirilməsində də geniş istifadə olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi".

Ötən il fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə çıxarılmasının 10 illiyi qeyd edilib. Hazırda Azərbaycanın peyk xidmətləri Avropa, Asiya və Afrikada rəqəmsal məlumatların formalaşması və ötürülməsində mühüm rol oynayır. Regional və beynəlxalq əməkdaşlıq sayəsində bu gün "Azərkosmos" xidmət coğrafiyasını genişləndirir və 44-dən çox ölkədə 200-dən artıq şirkətlə əməkdaşlıq edir. "Azersky" peykinin xidmətlərindən müdafiə və təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə olunur.

Bu gün Azərbaycan Yerin orbitində üç peykə malikdir. Həmin peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və təkcə Azərbaycana deyil, eyni zamanda xarici ölkələrə də xidmət göstərir. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Təsadüfi deyil ki, Beynəlxalq Astronavtika Federasiyasının 2019-cu ildə Vaşinqtonda keçirilən Baş Assambleyasında ötən il Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi qərara alınmışdır. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin ümumilikdə 5000-dən çox iştirakçı ilə təmsil olunduğu 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Bakıda keçirilən bu mötəbər və nüfuzlu tədbir kosmik agentlik, şirkət və təşkilatlar arasında daha sıx əlaqələrin qurulmasına, bölgəyə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsinə, bu sahədə insan kapitalının inkişafına, eləcə də Azərbaycanın beynəlxalq arenada regionun kosmik mərkəzi və etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verdi. Mərasimdə Prezident İlham Əliyev Azərbaycanda kosmik tədqiqatlar sahəsində beynəlxalq tədbirin ilk dəfə keçirilmədiyini vurğulayaraq bildirdi ki, hələ əlli il bundan öncə, 1973-cü ildə 24-cü Konqres də məhz Bakıda keçirilmişdir. Lakin o zaman mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə SSRİ idisə, bu gün artıq bu hüquq müstəqil Azərbaycan dövlətinə məxsusdur. Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onların müasirləşdirilməsinə yeni təkan verəcək.

"Azərkosmos" monitorinqlər apararaq illik "Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin qiymətləndirilməsi üzrə hesabat" hazırlayır. Bu günlərdə "Azərkosmos" qlobal iqlim dəyişmələrinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konfransda nümayiş olunub. Konfrans çərçivəsində rəqəmsal iqlim hesabatı ilə yanaşı, "Azərkosmos" "Yaşıl siyasət" sənədini qəbul etdiyini açıqlayıb. Belə ki, ötən ildən BMT-nin "Qlobal Saziş" təşəbbüslərinə qoşulan "Azərkosmos" öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir. "Azərkosmos" həm ötən il Azərbaycanda fəaliyyəti keçirilən beynəlxalq astronavtika konqresində, həm digər beynəlxalq tədbirlərdə iştirak təcrübəsi, həm də iqlim dəyişmələri ilə bağlı olan fəaliyyəti sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) öz proqramı ilə qatılacaq.

Azərbaycanda 2023-cü ildə "Kosmik fəaliyyət haqqında" Qanun qəbul edilib və bu sahədə addım atmış azsaylı ölkələr sırasına daxil olub. Həmin qanun ölkədə kosmik texnologiyanın üstünlüklərinin təbliği və yayılmasına, kosmik fəaliyyətin genişləndirilməsinə şərait yaradır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycan kosmik sahədə daha bir uğur əldə edib və geostasionar orbitdə məhdud resursa sahib ölkələr arasında özünəməxsus orbital mövqeyi ilə söz sahibi olub. "Azerspace-1" telekommunikasiya peykinin olduğu 46 şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonları artıq Azərbaycana məxsusdur. Əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan enerji və nəqliyyat sektorlarında olduğu kimi, kosmik sahədə də artıq regional mərkəzə çevrilib.

Azərbaycan ABŞ, Rusiya, Türkiyə, Fransa, İngiltərə, Yaponiya, Malayziya kimi kosmik sahədə qabaqcıl ölkələrin birləşdiyi dünya "kosmik klub"nun üzvüdür. Bu sahədə uğurlar daha da artır. Yaxın vaxtlarda daha bir peykin orbitə buraxılmasına hazırlıqlar görülür. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan tarix boyu heç vaxt indiki qədər güclü olmayıb" fikrinin parlaq təcəssümüdür.

Mustafa KAMAL,

"Respublika".