Yaxşılığı tez unudan haylar...
Siyasət

Yaxşılığı tez unudan haylar...

Təbii ki, Ermənistan bir gün yeni havadarlarının da "əməyini zay edəcək"

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra erməni işğalı zamanı bu əraziləri tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın geri qayıtması üçün şans yarandı, insanlar, nəhayət, öz torpaqlarında yaşamaq, əkib-becərmək, qurub-yaratmaq imkanı qazandılar. İllərin münaqişəsini geridə qoyaraq inciklikləri unutmaq, çoxmillətli regionun gələcəyi barədə düşünmək üçün zaman yetişdi. Təbii sərvətlər, xüsusən neft, qaz və digər faydalı qazıntılar, enerji ilə zəngin olan, strateji əhəmiyyətli bu regiona bir çox ölkələrin inteqrasiyası məsələsi gündəmə gəldi. Bu isə öz növbəsində yeni İpək Yolu strateji layihəsinin, həmçinin region ölkələrinin öz inkişafı üçün həyata keçirdikləri ikitərəfli layihələrin bir hissəsini təşkil edirdi. Münaqişənin başa çatmasında bütün region maraqlı idi.

Sözsüz ki, həllini gözləyən problemlər də var idi. Bölgəyə təsir imkanları uğrunda mübarizə aparan qeyri-regional güclər də öz yerində. Belə bir vəziyyətdə "3+3" formatında əməkdaşlıq təşəbbüsü irəli sürüldü. Bu platformada Azərbaycan, İran, Ermənistan, Türkiyə, Rusiya və Gürcüstanın birgə əməkdaşlığı nəzərdə tutulurdu. Hələ o vaxt Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirmişdi ki, çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün iştirakçılarının maraqlarına cavab verir. Bu əməkdaşlıq formatının gerçəkləşməsi dövlətlərarası münasibətlərdə inamı artıracaq, mövcud ziddiyyətləri aradan qaldıracaq. Rusiya rəsmisi onu da qeyd etmişdi ki, müharibədən sonra ötən bir il müddətində Ermənistanla Azərbaycan arasında atəşkəsə əməl olunur, ara-sıra baş verən insidentlər isə yaxşı qurulmuş əlaqə kanalları vasitəsilə həll edilir. Regiona yerləşdirilmiş Rusiya sülhməramlılarının rolu rəsmi Bakı və İrəvan tərəfindən yüksək qiymətləndirilir.

Tərəflər arasında Moskvanın vasitəçilik missiyası da güclənirdi. Bu kontekstdə 2021-ci il iyulun 3-də rəsmi Bakı Rusiyanın təşəbbüsü ilə 15 erməni vətəndaşını həbsdən buraxdı. Bunun qarşılığında isə Rusiyanın vasitəçiliyi ilə Füzuli və Zəngilan rayonlarında mina basdırılmış ərazilərin xəritəsi Azərbaycana verildi. Doğrudur, həmin xəritələrin dəqiqliyi cəmi 25 faiz təşkil etdi. Bunu da qeyd edək ki, Rusiyadan öncə ABŞ-dan gələn belə bir təşəbbüslə bağlı Ermənistan "centlmen"cəsinə hərəkət etmişdi. Belə ki, Ağdamdakı minalanmış ərazilərlə bağlı Ermənistanın təqdim etdiyi xəritələrdə o qədər də saxtakarlıq yox idi. Deməli, Rusiyanın təşəbbüsünə "kak vseqda" prinsipi kimi davranılmışdı. Bu, özlüyündə kiçik bir fakt hesab edilsə də, mahiyyəti böyük idi və Ermənistanın Rusiyaya soyuq münasibətinin nəticəsi kimi də dəyərləndirilmişdi. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Qərb və ABŞ Cənubi Qafqaza daha çox meyilləndi. Onlar havadarlıq adı altında bu forpost ölkədən geosiyasi alət kimi faydalanmağa başladılar. Vəd üstündən vəd verildi. Rusiyanın bölgədəki mövqeyini sarsıtmaq üçün Qərb və ABŞ-ın əlinə fürsət düşmüşdü və onlar bundan yararlanmaq istəyirdilər. Onların Ermənistanı "qaza gətirmək" üçün barıtı o qədər güclü oldu ki, axırda haylar havadarlarının da üzünə ağ oldular. Ermənistan üzv olduğu və uzun illər faydalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə fikirlər də səsləndirdi.

Ermənistanın 2022-ci ilin noyabrında KTMT-nin liderlərinin İrəvanda keçirilən toplantısından böyük gözləntiləri var idi. Lakin "Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihə hayların ümidlərini puça çıxardı. Buna görə də Ermənistan ev sahibliyi etdiyi tədbirdə KTMT Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etdi. Bu da səbəbsiz deyildi... Belə ki, Nikol Paşinyan hələ müxalifətdə olduğu vaxtlarda israrla Ermənistanın KTMT-ni tərk etməsini, KTMT və Avrasiya İqtisadi İttifaqından uzaqlaşmasını tələb edirdi. Təbii ki, bunu da Qərbdən aldığı təlimatlara əsasən söyləyirdi. Hamıya bəllidir ki, Paşinyanın hakimiyyətə gəlməsində "Soros"un rolu olub. "Soros"un ümumi xətti isə postsovet məkanında özünə loyal iqtidarlar formalaşdırmaq və onları Rusiyadan uzaqlaşdırmaqdan ibarətdir. Nikol Paşinyan hakimiyyətə gələndən az sonra KTMT-nin o zamankı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması da bu prosesin tərkib hissəsi idi. Sözsüz ki, belə olan halda KTMT-nin Nikol Paşinyana münasibətində bir dəyişiklik yaranmalıydı. Ekspertlər belə hesab edirdilər ki, baş nazir Nikol Paşinyan KTMT-ni ölkəsinin işğalçılıq, təcavüzkar siyasətinin elementinə çevirmək istəyir, bu məqsədlə onu provakasiyalara cəlb etməyə çalışırdı. İkinci Qarabağ müharibəsində də buna şahidlik etdik. Ermənistanın baş naziri Azərbaycan öz torpaqlarını qanuni yolla işğaldan azad edəndə KTMT-yə müraciət etmiş, təşkilatdan "kömək" istəmişdi. 2020-ci ilin oktyabrında onlayn formatda keçirilən iclasda Nikol Paşinyanın əsassız iddialarına Belarus Prezidenti kəskin reaksiya vermiş, Azərbaycanın KTMT-yə üzv digər dövlətlər üçün xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan Prezidentinin onlara əziz bir insan olduğunu vurğulamışdır. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır. Hər kəs bunu görür, hər kəs bunu bilir...".

Ekspertlər onu da qeyd edirlər ki, Moskva üçün KTMT-nin mövcudluğu çox vacibdir. Kreml İrəvanda bu təşkilatla bağlı ictimai bəyanatların səsləndirilməsini Qərbdən gələn sifariş kimi dəyərləndirir. Demək olar ki, İrəvan bu sifarişlər içində itib-batıb. Əsrlərdən bəri ona havadarlıq edən Rusiya ilə münasibətləri kəsməyə çalışan Ermənistan nə istədiyini heç özü də bilmir. Hərbi gücünün, ordusunun nəyə qadir olduğunu yaxşı bilən bir dövlət boş-boş vədlərə aldanıb silahlanmaz, yeni müharibə fikrinə düşməz. Onu silahlandıranlar, havadarlıq edənlər isə yaxşı bilməlidirlər ki, illərin dostuna arxa çevirən Ermənistan bir gün onların da əməyini yerə vuracaq.

Zümrüd QURBANQIZI,

"Respublika".