Bölgədə biznes üçün əlverişli şərait yaradılır
İqtisadiyyat

Bölgədə biznes üçün əlverişli şərait yaradılır

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun təşkilatçılığı ilə Şuşa şəhərində "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda tədbir keçirilib. 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin iştirakı ilə keçirilən birgə tədbirlərin müsbət ənənəyə çevrildiyini, bu görüşün də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib və azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirilir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açır. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilir. İlk növbədə, vətəndaş olaraq hər birimiz üçün işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi əsas prioritetdir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir, biznes üçün bölgədə əlverişli şəraiti təmin edir.

İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, buradakı sənaye parkları, biznes üçün yaradılan əlverişli şərait barədə məlumat verib. Qeyd edilib ki, özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması hədəflənir. Bundan başqa, bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı İqtisadiyyat Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir, eləcə də banklarla bu sahədə birgə mexanizmin hazırlanması gündəmdədir. Daha bir stimul isə azad edilmiş ərazilərdə ölkədə istehsal edilməyən məhsul istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulun alışının təşkil edilməsidir ki, bunun da üzərində iş aparılır.

Nazir sahibkarları Qarabağ və Şərqi Zəngəzurda biznes imkanlarından səmərəli şəkildə yararlanmaqda və bölgənin iqtisadi reinteqrasiyasına töhfə verməkdə fəal olmağa dəvət edib: "Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektor olaraq bərabər çalışmalıyıq. Sahibkarlarımızın həmrəylik və birlik kimi milli dəyərlərimizə sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə verəcəyinə ürəkdən inanırıq".

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, bu sahədə dövlət, biznes və ictimai qurumlar arasında əməkdaşlığın inkişafı, Qarabağa əhalinin qayıdışı barədə məlumat verib. Qeyd edilib ki, bölgədə, o cümlədən Ağdam, Füzuli və Xocavənd rayonlarında sürətli bərpa və yenidənqurma işləri aparılır. Regionda infrastruktur layihələri uğurla reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən sənaye, aqrar və turizm potensialı var.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunmuş ərazilərin dirçəlişinin ölkəmiz və onun iqtisadiyyatı üçün önəmini qeyd edib, Şuşada yenidənqurma işləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastruktur tikintisi, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri, yaşayış məskənlərində infrastrukturun yenilənməsi, əhalinin öz yurdlarına geri dönməsi, məşğulluğun təmin edilməsi prosesi barədə iştirakçıları məlumatlandırıb. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev azad edilmiş torpaqlarımızda, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilanda aparılan bərpa və quruculuq işlərindən, layihələrdən bəhs edib. Vurğulanıb ki, bölgədə xarici və yerli sərmayədarların diqqət və marağına səbəb olan effektiv və innovativ layihələr gerçəkləşdirilir. Regionda yaşıl layihələrin icrası bu baxımdan xüsusilə qeyd olunmalıdır.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi məqsədilə həyata keçirilən layihələrin regionun və ümumilikdə, ölkənin iqtisadi inkişafı üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, bölgədə müasir infrastruktur təminatının yüksəldilməsi tədbirlərindən danışıb. Bildirilib ki, Laçında infrastruktur quruculuğu səmərəli şəkildə həyata keçirilir, beynəlxalq hava limanının tikintisi davam etdirilir, regionun alternativ və "yaşıl enerji" zonasına çevrilməsi uğurla təmin edilir. Bölgənin əlverişli mövqeyi, təbii resursları və çayların hidropotensialının yüksək olması burada "yaşıl enerji", sənaye və digər istiqamətlər üzrə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sektorla faydalı əməkdaşlıq qurulması bölgənin iqtisadi cəlbediciliyini artıracaq, biznes fəaliyyətini genişləndirəcək.

Bayram SALMANOV,

"Respublika".