Ermənistanda siyasi iradə varsa, sülh müqaviləsini imzalamalıdır
Siyasət

Ermənistanda siyasi iradə varsa, sülh müqaviləsini imzalamalıdır

Ermənistanın ölkəmizə qarşı hər hansı şəkildə təsir etmək üçün istər hərbi, istərsə də siyasi qüvvəsi yoxdur. Törətdikləri təxribatlar müxtəlif güc mərkəzləri ilə onların arasında gedən regional və geosiyasi mübarizənin nəticəsidir. Ələlxüsus Cənubi Qafqaz uğurunda gedən mübarizədir. Avropa, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları kimi qlobal gücləri buraya aid etmək olar. Təbii ki, regional güclər də var. Rusiya, Türkiyə, İran və sair.

Bu məqamda Ermənistandan daha çox mübarizə aparan güclərin rolundan danışmaq lazımdır. Son zamanlar baş verən hadisələrin yeni xronologiyasına baxsaq, Avropanın atdığı addımlar, Cənubi Qafqaza olan səfərlər, ölkəmiz ilə bağlı verilən bəyanat və mesajlar ona dəlalət edir ki, təxribatın arxasında kollektiv Qərb durur. Məqsəd nədən ibarətdir? Ermənistanın bu gün o gücü, qüvvəsi yoxdur ki, Azərbaycanla şərti sərhəddə hər hansı bir gözəçarpacaq dəyişiklik edə bilsin. Baxmayaraq ki, Fransadan və Hindistandan silah-sursat tədarük edilir. Bu, ölkəyə güclər balansını dəyişdirmək üçün kifayət etmir. Güclər balansının dəyişdirilməsi üçün silah almaq əsas deyil. Burada həm də o silahı idarə edə biləcək kadrların hazırlanması məsələsi var ki, bu da uzun müddət vaxt aparır.

Sülh müqaviləsi bugünkü gündə sıfır nöqtəsindədir. Buna görə də təxribatın bu danışıqlara böyük təsir edəcəyi inandırıcı deyil. Amma təbii ki, müəyyən dərəcədə təsir edə bilər. Bu, erməni ictimaiyyətində müxtəlif spekulyasiyalar yaradar. Azərbaycana qarşı siyasi müstəvidə daha çox təxribatlar törədilib ki, Azərbaycanı həm erməni, həm də beynəlxalq ictimaiyyətin gözündə nüfuzdan salsınlar. Bu da sözügedən sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq üçündür. Əgər Ermənistan tərəfində siyasi iradə olarsa, bütün bu təxribatlara rəğmən sülh müqaviləsini kənara qoymaz və bu işi davam etdirər.            

Fərdin İSAZADƏ,

hərbi ekspert.