Bir addım irəli, iki addım geri: Ermənistan sülh istəyir, yoxsa gərginlik
Siyasət

Bir addım irəli, iki addım geri: Ermənistan sülh istəyir, yoxsa gərginlik

Azərbaycan 30 illik işğal müddətində, həmçinin İkinci Qarabağ müharibəsindən sonra sülh üçün hər vəchlə çalışıb. Lakin Ermənistan heç bir situasiyada sülhü seçməyib.

Rəsmi İrəvan nə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə, nə də 2020-ci ildə imzaladıqları kapitulasiya aktına məhəl qoymayıb. Bu gün də bu qeyri-konstruktiv siyasətini davam etdirir.

İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi, bütün humanitar qanunları pozdu.

Ölkə başçımız vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan dövrdə önəmli idi.

Prezident İlham Əliyev bildirib ki, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır ki, davam edir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Dövlətimizin başçısı deyib: "Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin". Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı və bu qələbəmizlə başa çatdı. Azərbaycan işğal olunmuş ərazilərinə nəzarəti bərpa edərək noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli atəşkəs sazişi bağladı. Bu saziş hərbi əməliyyatların dərhal dayandırılmasını və işğal altında qalan digər ərazilərin Azərbaycana qaytarılmasını tələb edirdi. Bu hərbi uğurdan sonra Azərbaycan regionda davamlı sülhün bərqərar olmasına sadiqliyini ifadə edib. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb. Azərbaycan hökuməti infrastrukturun bərpası və məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərini davam etdirir.

Azərbaycanın sülh və barışıq yolunda irəliləyişlərinə baxmayaraq, Ermənistanın mövqeyi əməkdaşlıqdan uzaq olaraq qalır. Ermənistan 4 il müddətində 2020-ci il atəşkəs sazişinin müddəalarına tam əməl etməyib və bu gün də sülh prosesinə xələl gətirən siyasət yürüdür. Bu qeyri-konstruktiv yanaşma sülh sazişinin bağlanmasına mənfi təsir göstərib. Bu hərəkətlər təkcə atəşkəs razılaşmasını pozmur, həm də iki xalq arasında inam və etimadın yaradılması səylərinə mane olur. Ermənistan silahlı qüvvələri tərəfindən əvvəllər işğal altında olmuş ərazilərə minalar basdırılıb, hansı ki, onlar bu gün geri qayıdan azərbaycanlı mülki əhali üçün böyük təhlükə yaradır və yenidənqurma işlərini ləngidir. Cənubi Qafqazda sülhün davamlı olması üçün Ermənistan daha konstruktiv yanaşma göstərməlidir. Bura beynəlxalq müqavilələrə riayət etmək, Azərbaycanla dialoq aparmaq və regional sabitliyə töhfə vermək kimi amillər daxildir. Beynəlxalq ictimaiyyət Ermənistanı öhdəliklərinə əməl etməyə və fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə təşviq etməkdə fəal rol oynamalıdır.

Azərbaycanın müharibədən sonrakı təşəbbüsləri regionda davamlı sülh və inkişaf üçün istəyini nümayiş etdirir. Ölkəmiz işğaldan azad edilmiş əraziləri bərpa etməklə dinc yaşamaq arzusunda olduğunu göstərir. Lakin Ermənistan qarşılıqlı addımlar atmamaqla davamlı sülh perspektivlərinə zərbə vurur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".