Ermənistanda üsyanlar nəticə verməyəcək
Siyasət

Ermənistanda üsyanlar nəticə verməyəcək

Kilsə işçisi Qalstanyanın hazırda başçılıq etdiyi qondarma hərəkatın onunla bir mənəvi bağlılığı yoxdur. Belə ki, Baqrat özü bir çox xarici ölkələrdə “fəaliyyət” göstərib. Onun Kanada yeparxiyası ilə sıx əlaqəsi ictimaiyyətə yaxından məlumdur. Yəni belə bir adam bu gün Ermənistanda vətənpərvər kimi ortaya atılaraq manipulyasiya aləti kimi istifadə edilir.

Delimitasiya və demarkasiya prosesində nisbətən uğurların əldə edildiyi bir vaxtda Baqrat üsyanının baş qaldırması arzuolunan hal deyil. Məhz xarici auditoriyanın da marağı bu üsyanların başlanmasına yönəlib. Misal üçün, Baqrat Qalstanyanın azsaylı adamla təşkil etdiyi aksiya tamaşalarını işıqlandıran bəzi xarici ölkələrin media qurumları var ki, onlar nümayişlərə guya minlərlə insanların qatıldığını bildirirlər. Amma mövcud vəziyyət bunun tam əksini ortaya qoyur. Bu gün Ermənistanda Baqrat Qalstanyan kimi siyasi marionetin ətrafında demək olar ki, az bir hay qalmayıb. Xatırlatmaq lazımdır ki, Baqrat Qalstanyanın iğtişaşları üç hədəfə köklənib. Birinci hədəf ondan ibarət idi ki, Ermənistan cəmiyyətində insanların dini inanclarını manipulyasiya etsinlər. Erməni cəmiyyətində xristianlığın və eyni zamanda dini duyğuları istismar etməyə çalışan qüvvələr burada istədikləri hədəfə nail ola bilmədilər. Erməni cəmiyyəti revanşistlərin və radikal milliyyətçilərin türk düşmənçiliyi fonunda Ermənistanın dövlət olaraq itirdiyi iqtisadi imkanlar nəticəsində ölkəni daimi tərk edənlərin sayı daha da çoxalır. Eyni zamanda bu gün Ermənistanda demoqrafik böhran yaşanır. Yəni yeni doğulanların sayı ölənlərə nisbətən kifayət qədər aşağıdır. Bütün bunlar ölkəni ciddi şəkildə narahat etməlidir. Bu gün Baqrat Qalstanyanın din adı altında adamları hansısa siyasi oyunlara cəlb etməyə çalışması, rasional prosesləri dəyərləndirə bilən ermənilər üçün məlum məsələdir. İkinci məsələ Nikol Paşinyana qarşı yeni bir hərəkat formalaşdırmaq və onu devirməkdir. Amma Ermənistan xalqı Robert Köçəryanın dövründə Ermənistanın düşdüyü ağır və çıxılmaz vəziyyətin nəticələrini başa düşürdü. 44 günlük müharibədəki böyük məğlubiyyətə baxmayaraq, onlar yenə də Nikol Paşinyana dəstək oldular. Bu gün Robert Köçəryan kartının yandığını görən bəlli dairələr Baqrat Qalstanyan vasitəsilə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Təbii ki, bizim bu hadisələrlə bağlı müşahidə etdiklərimiz, davam edən hadisələr onu göstərir ki, Baqrat Qalstanyanın Nikol Paşinyanı devirəcək bir dayağı və ictimai rəydə güclü mövqeləri mövcud deyil. Üçüncü məsələ isə separatçıları müəyyən qədər yenidən təşkilatlandırmaqdır. Bilirik ki, bu gün Samvel Şahramanyan başda olmaqla, Vitali Balasanyan, Artak Beqlaryan kimi separatçı, qondarma qurumda müxtəlif dırnaqarası vəzifələr tutmuş adamların Ermənistan cəmiyyətində hörməti yoxdur. Belə olan təqdirdə bu gün separatçıları təşkilatlandırmaq üçün Baqrat Qalstanyandan və kilsədən istifadə etməyə çalışırlar.

Ümumiyyətlə, erməni kilsəsi həmişə düşmənçiliyin, etnik nifrətin mərkəzində dayanıb. Din bəşəri dəyərlərə münasibətlərin yaxşılaşmasına, humanizmə xidmət etməlidir. Amma erməni Qriqoryan kilsəsi xristianlıq kimi qədim dini özünün çirkin siyasi məqsədlərinə alət etdirir. Qalstanyan və onun ağası olan II Qaregin din adı altında əslində böyük bir neofaşist dalğanı yenidən Cənubi Qafqazda yaratmağa çalışırlar. Amma hesab edirəm ki, bunun da heç bir nəticəsi olmayacaq. Çünki Ermənistan cəmiyyətində böyük kütlə Paşinyan əleyhinə çevrilən qüvvələri müdafiə etməyəcək. Bu gün Qalstanyanı müdafiə edənlər kimlərdir? Robert Köçəryan kimi canilər, Serjik Sarkisyan kimi Qarabağda soyqırımlar törətmiş və hələ də beynəlxalq hüquq qarşısında cavabını almamış canilər – Vitali Balasanyan, Artak Beqlaryan və digərləri.

Qalstanyan və komandası Ermənistanda Nikol Paşinyan hakimiyyətinə 96 saat vaxt verib. Amma hesab edirəm ki, bu dördgünlük məsələdə də hansısa böyük müqavimətdən söhbət getməyəcək. Əslində bu etirazlar Nikol Paşinyanı daha da gücləndirir. Nikol Paşinyan uzun müddətdir Qriqoryan kilsəsini həm vergiyə cəlb etmək, həm onun dövlət qarşısındakı məsuliyyətini artırmağa çalışırdı. Hakimiyyətə gəldiyi dövrdən II Qaregin onun əlində oyuncağa çevrilmiş bir çox yepiskopları əvəzləməyə çalışırdı. Bu baxımdan, Nikol Paşinyanın kilsə içərisində islahatlar aparacağı, Qalstanyan başda olmaqla, bütün bu adamların da Ermənistan güc strukturları tərəfindən cəzasını alacağı gözləniləndir.

Nurlan ABDALOV,

“Respublika”.