Qərbin sol əli – AŞPA-nın “aşpazları”
Siyasət

Qərbin sol əli – AŞPA-nın “aşpazları”

Ötən həftə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında öz fəaliyyətini dayandırması qurumda rezonans təsiri bağışladı. Dünyada aylarla, illərlə cərəyan edən siyasi proseslər və iğtişaşlar fonunda ötən il Qarabağda cəmi 23 saat 43 dəqiqə keçirilən lokal xarakterli antiterror tədbirlərini anti-Azərbaycan dairələrinin əlində bayrağa çevirməsi AŞPA-nın neytrallığını şübhə altına saldı.

Ölkəmizin suverenliyini tam bərpa etməsi və bölgədən separatçı ünsürlərin təmizlənməsi ilə nəticələnən tədbirləri sanki faciə kimi dünyaya tanıdanlar həmin ali tribunalarda özlərini gülünc vəziyyətə salırlar. Həmin siyasi riyakarlığa isə belə ad qoymaq olar - AŞPA-nın “aşpazları".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında fəaliyyəti hələ antiterror tədbirlərindən sonra sual altına düşmüşdü. Belə ki, ötən il oktyabrın 10-da Fransanın Strasburq şəhərində keçirilən payız sessiyası zamanı Azərbaycanın nümayəndə heyəti müxtəlif təzyiqlərlə üzləşmiş və xüsusi riyakarlıqla, qurumun format və ənənələrindən kənar olaraq ölkəmizin  fəaliyyətinə növbəti sessiyada baxılmasına qərar verilmişdi. AŞPA heç bir sessiyasında ölkələrin nümayəndə heyətlərinin təşkil olunmasına qarışmır, sadəcə fəaliyyətin davamlılığı barədə giriş hissədə anket təşkil edir. Xüsusi olaraq Azərbaycan mövzusunun gündəmə çıxarılması azərbaycanofob maraqlara xidmətin açıq təzahürüdür. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi üçün xüsusi canfəşanlıq edən almaniyalı deputat Frenk Şvabe isə bu sessiyada öz "məhsuldarlığı" ilə fərqləndi. 53 yaşlı dövlət xadimi, Bundestaqın üzvü, Almaniyanın nüfuzlu "Şalke" komandasının keçmiş rəhbəri və klubu uçuruma sürükləyən Şvabe boşalan cibini erməni lobbisi vasitəsilə doldurmağı planladı. "Erməni Şurası" və ya "şər şurası" kimi də adlandıra biləcəyimiz qurumun tribunasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən Frank Şvabe öz istəyinə nail oldu. Onun təklifinə isə demək olar ki, AŞPA-da çoxluqla dəstək verildi.

Lakin əsas məsələ "çoxluq" deyəndə kimin nəzərdə tutulduğudur. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərindən biri, deputat Erkin Qədirli mediaya müsahibəsi zamanı bildirib ki, həmin gün qış sessiyasının ölkələr üzrə nümayəndə heyətlərinin əsasını hökumətə müxalif solçular təşkil edirdi. Həqiqətən araşdırma nəticəsində məlum olur ki, AŞPA-nın son iclasında erməni təəssübkeşliyinin ən öndə gedən üzvü olan Frank Şvabe də məhz solçudur. Bundan əlavə, üzvü olduğumuz GUAM-ın digər dövlətləri olan Gürcüstan, Ukrayna və Moldova da Şvabenin təklifinə dəstək veriblər ki, məhz bu təklifin lehinə səs verənlər də solçulardır. Mütəmadi dostluq əlaqəsi qurduğumuz Serbiyanın da təklifin lehinə səs verən üzvü sol partiyanın üzvüdür. Təbii ki, hökumətə müxalif şəxslərin Azərbaycan əleyhinə davranışları ölkələr arasındakı münasibətlərin korlanmasına dəlalət etməyəcək, amma bu xalqlar arasında formalaşmış münasibətlərə ziddir və atılan addım Azərbaycana arxadan zərbə mənasını kəsb edir. Hər halda hər üç dövlət AŞPA-ya üzv göndərən zaman onların kimliyinə diqqət edə bilərdi. Bu baxımdan, ölkəmiz GUAM-ın yeni sədri kimi bütün bu prosesləri nəzərə alacaq və aktiv diplomatiya potensialı ilə təşkilata yeni nəfəs verəcək.

Azərbaycana qarşı olan düşmənçiliyə səs verənlərə ölkə meyarı ilə yanaşmaq düzgün deyil. Çünki Ukraynadan namizəd olan digər şəxs Aleksey Qonçarenko və Türkiyədən Zeynəb Yıldız öz çıxışlarında bu təklifə kəskin etiraz ediblər. Əvvələ qayıtsaq, əslində məsələnin mahiyyətinə varmış olarıq. AŞPA artıq ötən il payız sessiyasında Azərbaycanı qurumdan xaric etmək istəyirdi. Buna görə də qış sessiyası zamanı xüsusi olaraq əksəriyyəti solçular olan şəxslərin fəallığına xüsusi diqqət ayrılmışdı. Azərbaycan dilində "Yaşasın Azərbaycan" şüarını səsləndirən və Avropa Şurasının deputatlarını bu qətnaməyə səs verməməyə çağıran ukraynalı Qonçeronkonun çıxışı Şuranın tarixi kimliyinə sillə kimi dəydi. "Solçu AŞPAz" planının,  qurumun  antipasifist maraqlara xidmət etdiyi bir daha aydın oldu və ifşa edildi.

Qətnaməni təklif edən Frank Şvabenin isə digər anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət edən şəxslər kimi dosyesi qaranlıqdır. Şvabe 2016-cı ildə Almaniya parlamentində qondarma erməni soyqırımının tanınması üçün kampaniya aparan siyasətçilərdən biridir. Mediada isə bununla bağlı kifayət qədər yazılar var. O, dəfələrlə Qarabağa səfər edib, "Dağlıq Qarabağın müstəqilliyinin zəruriliyini" əsaslandırmağa çalışıb. Yekun nəticə isə onu göstərir ki, anti-Azərbaycan "dəyərlərindən" dəm vuran şəxslər əslində erməni lobbisinin və "qadınları"nın gizlin qurbanıdır. Çünki dünyanın nüfuzlu ali qurumlarında söz sahibi olan şəxslərin müəyyən hissəsinin həyat yoldaşı məhz ermənidir. Azərbaycan isə bu tərzdə çirkin siyasətin qarşısında qətiyyətlə dayanır və öz haqlı səsini dünyaya çatdırmağa davam edir. Erməni terrorçuların azərbaycanlıların başına əsrlərdir gətirdiyi bəlaları bir dəfə də olsun gündəmə gətirməyən AŞPA-da lobbi küləyi hökm sürür. Dəfələrlə Şuranın kürsüsündən Xocalı soyqırımına layiqli qiymət verilməsini gözləsək də, sonda AŞPA yenə mifik "erməni soyqırımı"ndan dəm vururdu. Bu baxımdan, erməni maraqlarına xidmət edən bu quruma üzvlük ölkəmizə heç nə qazandırmadığı kimi, hazırkı vəziyyətdə ölkəmiz heç nə itirməyəcək.

Tacir SADIQOV,

"Respublika".