Beynəlxalq enerji sektorunda əməkdaşlıq coğrafiyası genişlənir
Siyasət

Beynəlxalq enerji sektorunda əməkdaşlıq coğrafiyası genişlənir

Azərbaycanda ilk dəfə 1994-cü ildə Bakı Enerji Həftəsi keçirildi. Bundan sonra "Əsrin müqaviləsi" imzalandı. 30 ildir ki, hər il keçirilən bu tədbir qlobal müstəvidə böyük maraqla qarşılanır. Tədbir çərçivəsində dünyanın enerji sənayesi liderləri bir araya gəlir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumudur. Tədbirdə 37 ölkədən 300-dən artıq şirkət iştirak edərək enerji təhlükəsizliyi, enerji istehsalı, "yaşıl enerji" və digər mühüm məsələlər ətrafında diskussiya aparıblar. Eyni zamanda elmin ən son texnologiyalarını nümayiş etdirirlər ki, bu da neft-qaz sənayesinin inkişafında əsaslı rol oynayır.

Qeyd edək ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. "Yaşıl iqtisadiyyat"a keçid və "yaşıl enerji" təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və ölkə başçısı tərəfindən imzalanmış sənəd bu istiqamətdə təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyır. Bu mənada, "Yaşıl dünya naminə həmrəylik ili" Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqları "yaşıl enerji zonası" elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, həmin ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı sözsüz ki, tədbirin statusunun yüksəkliyini bir daha göstərir. Açılış nitqi ilə çıxış edən dövlət başçısı tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirib, Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut etdiyini diqqətə çatdırıb. İlham Əliyev ölkəmizin "yaşıl enerji" gündəliyinin davamı kimi, COP29-dan və COP28-ə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana dəstəyindən də söz açıb. Bildirib ki, COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə və davamlı enerji həllərinin təşviqi istiqamətində BƏƏ ilə əməkdaşlıq qlobal enerji bazarında daha dayanıqlı mövqe tutmaq üçün vacib addımdır.

Yeri gəlmişkən, qeyd edək ki, iyunun 4-də Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından söz açılıb. Həmin tarixdə Azərbaycanın bərpaolunan enerji sahəsində əhəmiyyətli bir addım olan "Masdar" şirkətinin üç günəş və külək enerjisi elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

"Masdar" şirkəti, Azərbaycan ərazisində iki günəş enerjisi stansiyasını inşa etməyi planlaşdırır. Bu stansiyalar, ölkənin enerji istehsalının diversifikasiyasına və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidinə mühüm töhfə verəcək. Şirkət, həmçinin bir külək enerjisi stansiyasının inşasına da başlayır. Bu üç günəş və külək enerjisi stansiyasının inşası, Azərbaycanın enerji sektorunda bərpaolunan enerji mənbələrinin payını əhəmiyyətli dərəcədə artıracaq, həmçinin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması və qlobal iqlim dəyişmələrinə qarşı mübarizə səylərini dəstəkləyəcək.

"Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin açılışındakı çıxışında söyləyib.

Xatırladaq ki, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa edilib. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" və "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməli 2022-ci il martın 15-də "Gülüstan" Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

Enerji sektorunda əməkdaşlıq edən aparıcı şirkətlər Azərbaycanın böyük təcrübəyə malik ölkə olduğuna inanırlar. Ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin və əməkdaşlıq coğrafiyasının genişlənməsi, onun beynəlxalq aktor kimi rolunu gücləndirir. Burada əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş olması öz sözünü deyir.

Röya RÜSTƏMLİ,

"Respublika".