Ermənistanın konstitusiyasındakı ərazi iddiaları...
Siyasət

Ermənistanın konstitusiyasındakı ərazi iddiaları...

Azərbaycan yeni dünya nizamında sülhsevər dövlətlərlə əlaqələrini daha da genişləndirir. Öz daxili gücü hesabına, heç bir ölkədən maddi yardım almadan XXI əsrin müharibəsini aparmasına baxmayaraq, iqtisadiyyatın dinamik inkişafına nail olan, beynəlxalq hüququn normalarına uyğun, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında siyasət yürüdən Azərbaycan etibarlı tərəfdaşa, müttəfiq ölkəyə çevrilib. İrimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də uğurlu icraçısı olmasının, düşünülmüş, uzaqgörən siyasət yürütməsinin nəticəsidir ki, fikirlərinə hörmətlə yanaşılan və irəli sürdüyü təşəbbüsləri dəstəklənən ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibidir.

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən müstəqil dövlətimiz Cənubi Qafqazda sülhə və dayanıqlı inkişafa mühüm töhfələr verir. Humanist siyasət yürüdərək 44 günlük müharibədən keçən müddət ərzində hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması şərtilə Ermənistana sülh təklif edir, qonşuluq əlaqələri qurmaq niyyətini bildirir. Beş baza prinsipi əsasında sülh sazişinin imzalanması ilə regiona uzunmüddətli sülh gətirmək istəyən Azərbaycan Ermənistanı köhnə səhifələri bağlamağa, əmin-amanlığın bərqərar olması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində addımlar atmağa çağırır. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq üçün əlverişli şəraitin yarandığını bildirib: "Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələr arasında əlaqələrin qurulması baxımından regionda böyük imkanlar yaradacaq. Azərbaycan bu işdə həlledici rol oynamalıdır".

Ölkəmizin sülh tərəfdarı olduğu və bu istiqamətdə böyük addımlar atdığı bütün dünyaya məlumdur. 30 ilə yaxın Cənubi Qafqazda gərginliyin, münaqişənin birbaşa səbəbkarı olan Ermənistan da, həqiqətən, sülh tərəfdarıdırsa, o zaman münasibətlərin normallaşma prosesini sürətləndirməli, sülh müqaviləsini imzalamalı, regionda uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycanın tələblərini yerinə yetirməlidir. Azərbaycanın tələbi isə Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə zidd olan maddələri çıxarmaqdır. Dövlət başçımız iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bir daha vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu məsələ həll olunmayana qədər sülh sazişi imzalanmayacaq.

Əslində, uzun illərdən sonra, nəhayət ki, Ermənistan sülh prosesinin irəliləməsi istiqamətində konstruktiv addım atdı və bu öz müsbət nəticəsini verdi. Belə ki, üçüncü tərəflərin iştirakı olmadan, yalnız iki ölkə rəsmiləri arasında aparılan danışıqların nəticəsində 1990-1992-ci illərdə işğal edilən Qazax rayonunun dörd kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan geri qaytarıldı, sərhədlərin delimitasiya prosesi nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edildi. Bu isə onu göstərir ki, qarşı tərəf himayədarlarının Cənubi Qafqazda yerləşmək üçün ondan siyasi alət kimi istifadə etdiyini anlasa və buna son qoysa, ilk növbədə, özü qazanacaq, illərdir regionda həyata keçirilən irimiqyaslı layihələrdən təcrid vəziyyətindən qurtulacaq. Eyni zamanda bölgədə sülh, əmin-amanlıq bərqərar ediləcək ki, bu da bütün region dövlətləri kimi, Ermənistanın da iqtisadi inkişafına töhfə olacaq. Bu baxımdan, Ermənistan sülh prosesinin irəliləməsi üçün növbəti addımı atmalı, Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoymalı, ölkəmizin ciddi cəhdlə irəli aparmaq istədiyi sülh prosesində açıq olan məsələləri bağlanmalıdır. Havadarlarından asılı olan, müstəqil siyasət yürüdə bilməyən bu ölkə özündə cəsarət tapıb regionda sülhü dəstəklədiyini bildirsə, hazırkı geosiyasi və regional şəraiti nəzərə alaraq konstitusiyasında dəyişiklik edilməsinə qərar versə, yaxın vaxtlarda sülh sazişi imzalanar. Bu barədə Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən deyib: "Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır".

Mehparə ƏLİYEVA,

"Respublika".