Müsyö Makron koalisiyasının məğlubiyyəti
Siyasət

Müsyö Makron koalisiyasının məğlubiyyəti

Məşhur filmdə deyildiyi kimi, fransız xalqı daha kef eləmir, indi küçələrdə etiraz aksiyaları keçirir, Fransanın tarixində ən uğursuz prezident olan və ermənilərin pul kisəsindən asılı qalan E.Makronun yarıtmaz fəaliyyətini kəskin tənqid edir, lap hirslənəndə onun sifətinə şillə vurur və üstünə lax yumurta atır. Görünən odur ki, ölkəsinin problemləri ilə məşğul olmaq yerinə E.Makron ermənilərə havadarlıq edir, ermənidən çox erməniliyin üfunətində boğulur.

Azərbaycan türklərinə qarşı soyqırımı törədən Ermənistanla Fransanı yaxınlaşdıran nədir? Sualın cavabı qocaman tarixin səhifələrində və zamanın gərdişində daha aydın görünür. Ermənistan və Fransa imperiya xislətinə, işğalçılıq siyasətinə, başqa xalqlara qarşı irqi ayrı-seçkiliyə, insan hüquqlarını tapdalamağa görə mənşəcə bir-birinə daha yaxın və daha çox bağlıdır. Həm də Fransanın indiki iqtidarı yeddi ildir ki, riyakarlığa, eqoizmə, yalan və böhtana adətkar olub. Məsəldə deyildiyi kimi, öz gözündə tiri görməyən Fransa hökuməti başqalarının gözündə tük axtarır, həm də özlərini deyil, özgələri günahlandırmağa cəhd edir. Nəzərə alaq ki, fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər, otuz ilə yaxın Qarabağda münaqişənin həllini üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupunun fransalı həmsədri daha çox ermənipərəst mövqe nümayiş etdirib. Dünya tarixinin silinməz səhifələrinə Fransa öz adını müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb.

Yayın bürküsü ilə yanaşı, Fransada siyasi ehtiraslar da qızışıb, parlament seçkilərinin birinci turu prezident Makron üçün ürəkaçan olmayıb. Səsvermənin birinci turundan sonra Marin Le penin "Milli birlik" partiyası liderdir. Makron isə ikinci turda Cordan Bardella və Marin Le penin "milli birliy"inə qarşı "demokratik birliyə" çağırış edib. Seçkidə fransızlar Makrona layiq olduğu münasibəti göstərdilər, çünki onun həyata keçirdiyi siyasətin xalq tərəfindən qəbul olunmadığı haqqında xəbərlər dolaşırdı. Fransadakı seçkilərlə bağlı nüfuzlu "Politico" (ABŞ) nəşrində "Makronun dövrü başa çatdı. Le Peni kimsə dayandıra biləcəkmi?" sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi. Qeyd edilir ki, Makron cari ilin iyun ayında Avropa Parlamentinə seçkilərdə ultra sağçıların qarşısında uğradığı məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədilə keçirib. Nəticə müsyö Makron üçün gözlənilməz oldu, o, bu seçkidə tamamilə əks nəticə əldə etdi. Avropanın ikinci ən böyük iqtisadiyyatı və qitənin yeganə nüvə gücü indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır. Nəşr yazır: "Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda "Milli birlik" parlament çoxluğunu qazansa, o zaman ölkəni qismən də olsa Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcəklər". Qeyd edək ki, ikinci turda Fransanın 577 seçki bölgəsinin hər birində gərgin mübarizə gedəcəyinə şübhə yeri qalmır. Yeddi il bundan əvvəl mərkəzçi sağ və sol partiyalar "Milli birlik" partiyasının ölkədə iqtidarı ələ keçirməyə yaxınlaşdığını gördükdə birləşərək onun hakimiyyət olimpini əngəlləmişdilər. Təhlilçilərin qənaətinə görə, bu dəfə yəqin ki, bu, baş verə bilməyəcək. Çünki "Milli birlik" partiyasının Avropa Parlamentinin ötən ay keçirilən seçkilərində dövlət başçısı Emmanuel Makronun mərkəzi sağçı koalisiyasını əzməsinin ardından onun erkən seçim qərarı ölkəni şaşırtdı. Təhlilçilər hesab edirlər ki, "Milli birlik" partiyası iqtidara gəlmək üçün çox yaxındır. Həmin partiya uzun illərdir ki, Avropa Birliyinin bir anlamı olmadığını tez-tez gündəmə gətirir, fransızları iqtidara qarşı birliyə səsləyir. Fransada siyasi təlatümlərin finalının bir neçə gün sonra seçicilərin yekun münasibəti ilə başa çatacağını düşünənlər də çoxdur.

Qeyd edək ki, Fransada keçirilmiş növbədənkənar parlament seçkilərində radikal sağçı Marin Le Penin liderliyi ilə "Milli birlik" partiyası səslərin yüzdə 33 faizindən çoxunu qazanaraq ilk sırada qərarlaşıb. Dövlət başçısı E.Makronun təmsil olunduğu partiya səslərin 20 faizini toplayaraq üçüncü sırada qalıb. Seçkilərlə bağlı fransız xəbər agentliyi AFR "Makronun erkən seçim qumarı geri təpti" sərlövhəsi ilə yazı dərc edib. Həmin məqalədə qeyd olunur ki, bu seçkinin nəticələri göstərir ki, İkinci Dünya müharibəsindən sonra ötən illər ərzində radikal sağçı partiyası iqtidara gəlmək şansı qazanıb. "CNN" (ABŞ) agentliyi radikal sağçıların qələbəsini "Makrona böyük zərbə" başlığı ilə yayıb. Fransada seçicilərin qərarı bir neçə günə məlum olacaq. Seçkilərin ilk turunun isə müsyö Makron üçün uğursuz olduğunu bir çox siyasi təhlilçilər də qeyd edir, onun qurduğu koalisiyanın məğlubiyyətinin səbəbsiz olmadığını bildirirlər. Fransa xalqı Emmanuel Makronun populist çıxışlarından yorulduğunu seçki qutularının başında bəyan etdi. Bundan sonra nə olacaq sualı indi çoxlarını düşündürür, ona görə də fransız seçicilərin mövqeyi bir neçə günə hər şeyi həll edəcək. Öz xalqının səsini qazana bilməyən Emmanuel Makron hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü kirli siyasət bumeranq effekti yaratdı, qazdığı quyuya özü düşəcək.

Salman ALIOĞLU,

"Respublika".