Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr ölkəmizin qaşısında böyük perspektivlər açır
Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr ölkəmizin qaşısında böyük perspektivlər açır

Yenidən formalaşan dünya nizamında dövlətlərarası münasibətlərin inkişafı, mövcud əməkdaşlıqların dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması dövrün, zamanın tələbidir. Dünyada baş verən proseslərin iştirakçısı olmaq, beynəlxalq müstəvidə yerini müəyyənləşdirmək, öz mənafeyini qorumaq baxımından ölkələrlə səmimi dostluq, tərəfdaşlıq münasibətləri yaratmaq hər bir dövlətin siyasətində mühüm əhəmiyyət kəsb edir.

Belə ki, ölkələr arasında qarşılıqlı inam, etimad , hörmət olmadan qlobal dünyanın çağırışlarına çevik və adekvat cavab vermək, bəşəriyyəti təhdid edən problemlərin öhdəsindən təkbaşına gəlmək mümkün deyil. Bu baxımdan, sülhsevər, humanist siyasət yürüdən, birliyə, həmrəyliyə daim töhfələr verən Azərbaycan beynəlxalq təşkilatlar, nüfuzlu qurumlarla əlaqələri möhkəmləndirməyi həyata keçirdiyi məqsədyönlü siyasətin əsas istiqaməti olaraq müəyyənləşdirib. Bir çox ölkələrlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsində maraqlı olan müstəqil dövlətimiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və s. təşkilatların üzvüdür. Beynəlxalq aləmdə söz sahibi olan, verdiyi qərarlara hörmətlə yanaşılan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrini gündən-günə möhkəmləndirir. Dünyada böyük coğrafi ərazini və planetimizin əhalisinin yarısına qədərini birləşdirən, regional təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna malik olması ölkəmizin dünya ölkələri arasında qazandığı inam, etibar və etimadın göstəricisidir.

ŞƏT 2001-ci il iyunun 15-də Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin birgə görüşü zamanı "Şanxay beşliyi"nə daxil olan ölkələr arasında əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq, təhlükə və çağırışlara qarşı mübarizədə birgə imkanlardan istifadə etmək məqsədilə təsis edilmişdir.Üzv dövlətlər arasında mehriban qonşuluq və dostluq əlaqələrinin, çoxtərəfli regional dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, müxtəlif sahələr üzrə faydalı əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi məqsədilə yaradılan təşkilat həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində fəaliyyətini daha da gücləndirir. ŞƏT-in yaradılması haqqında imzalanan deklarasiyada Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə yanaşı, həmçinin siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər səhələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı münasibətlərin yeni mexanizmlərinin yaradılması əsas vəzifə olaraq qarşıya qoyulur. İqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrinin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və s. 23 ildir ki, daimi əsaslarla fəaliyyət göstərən təşkilatın əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Regional iqtisadi və təhlükəsizlik sahəsində birgə fəaliyyətə, konstruktiv dialoqa, hesabatlılığa və hər tərəfin maraqlarına, çoxtərəfli əməkdaşlığa əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İran olmaqla 9 - a çatıb. Tərəfdaş dövlətlər arasında Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan da xüsusi yer tutur. 2015-ci ildə ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmiş və həmin il iyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bir il sonra -2016-cı ildə Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır.

Böyük insan resurslarına, intellektual və texnoloji potensiala, əhəmiyyətli dərəcədə istifadə olunmamış təbii ehiyatlara və dünyanın dinamik inkişaf edən iqtisadiyyatına malik olan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa hazır olan dövlətlərin sayı ildən-ilə artır. Bu gün ŞƏT- də dialoq tərəfdaşı olan Azərbaycan təşkilatın müşahidəçi, sonra isə tamhüquqlu üzv statusunu almaq niyyətindədir. Ölkəmizin bu təşəbbüsünü təşkilata üzv ölkələr də yüksək dəyərləndirirlər. Belə ki, 2022-ci il noyabr ayının 10-da Səmərqənddə keçirilən Sammitə ölkə başçımızın Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tərəfindən fəxri qonaq qismində dəvət olunması bu istəyin, bunun fonunda isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

ŞƏT- ə üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın qaşısında böyük perspektivlər açacaq. Bu əməkdaşlıq mühüm əhəmiyyətə malik coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarını daha da artıracaq, bu sahədə yeni imkanlar yaradacaq. 2022-ci il sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev ölkəmizin bu sahədə geniş imkanlarını sammit iştirakçılarının nəzərinə çatdıraraq son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilib və ya əsaslı təmir edildiyini bildirmişdir. Azərbaycanın dövlət rəhbəri İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkildiyini qeyd edərək demişdir :" 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır".

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının növbəti Zirvə Görüşü "ŞƏT+" formatında iyulun 3-4-də Qazaxıstanda keçiriləcək. 16 ölkənin dövlət və hökumət başçıları iştirakılə keçiriləcək toplantıya Avrasiya qitəsinin müxtəlif bölgələrindən nümayəndə heyətlərinin qatılacağı gözlənilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sammitin Astanada keçirilməsinin ölkəsinə göstərilən böyük etimad olaraq qiymətləndirib və qeyd edib ki, sammit iştirakçıları dünya birliyini yeni təhlükəsizlik paradiqmasını qəbul etməyə, ədalətli iqtisadi mühit yaratmağa və planetin təmizliyinin qorunması üçün səy göstərməyə çağıracaqlar.Sammit çərçivəsində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək. Astana Bəyannaməsi isə ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etmək, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafına nail olmaq, həmçinin ümumi çağırışlara və təhdidlərə birgə müqavimət göstərməklə əməkdaşlıq etdiyi təşkilatların sayını artırmaq, region ölkələri ilə dostluq, çoxtərəfli əməkdaşlıq, yaxın qonşuluq əlaqələri qurmaq Azərbaycanın xarici siyasətinin prioritetidir və ölkəmiz bu istiqamətdə böyük uğurlara imza atır.Şanxay Əməkdaşlıq Təşkilatının fəal dialoq tərəfdaşı olan Azərbycan təşkilata üzv dövlətlərlə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, ticarət əlaqələrini genişləndirmək və mədəni-humanitar mübadiləni stimullaşdırmaq istiqamətində ümumi səylərini və imkanlarını birləşdirməyə böyük önəm verir və bu yöndə uğurlu siyasət yürüdür .

Mehparə ƏLİYEVA,

"Respublika".