DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

EMMANUEL MAKRON FRANSADA XAOS YARATMAQ CƏHDİNDƏ İTTİHAM OLUNUR

Fransa prezidenti Emmanuel Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu fransız siyasətçi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bildirib.

Partiya lideri Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində təqsirləndirilib.

“Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. “Milli birlik” partiyasının mütləq çoxluq qazanması mümkündür, lakin bu hələ həll demək deyil. Səs çoxluğunun heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir”, - deyə Florian Filippo vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Fransa prezidenti Konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirdi. “Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb”, - deyə F.Filippo əlavə edib.

Eyni zamanda, Florian Filippo bildirib ki, gələcək milli assambleyanın hansı siyasi qüvvələrdən formalaşmasından asılı olmayaraq, hazırkı lideri vəzifəsindən kənarlaşdırmalıdır.

ARTAN XƏRCLƏR ABŞ-IN MÜDAFİƏ QABİLİYYƏTİNƏ TƏHDİD YARADA BİLƏR

Büdcə xərclərinin və milli borcun artması ABŞ iqtisadiyyatında ciddi problemlərə gətirib çıxara bilər ki, bu da xüsusilə ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə analitiklərin “The National Interest” nəşri üçün hazırladıqları məqalədə qeyd olunur.

Ekspertlər xatırladıblar ki, daha öncə Konqresin Birgə İqtisadiyyat Komitəsində respublikaçılar ABŞ-ın dövlət borcunun artıq 34 trilyon dolları keçdiyi və böyüməkdə davam etdiyi barədə xəbərdarlıq etmişdilər.

“Xərcləri düzgün idarə etməkdən ötrü hər hansı bir şansa sahib olmaq üçün siyasətçilərin xərclərini məhdudlaşdıran və konkret sərt qərarlar qəbul etmədən, lazım gələrsə, onları azaltmağı tələb edən qaydalar tətbiq etmək lazımdır”, - deyə analitiklər vurğulayıblər.

Ekspertlər belə tədbirlərin ölkənin iqtisadi gələcəyini xilas edə biləcəyini açıqlayıblar.

CƏNUBİ KOREYA ALTI İLDƏ İLK DƏFƏ KXDR-LƏ SƏRHƏDDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə gərginliyi azaltmaq üçün ikitərəfli razılaşmalar çərçivəsində altı il əvvəl dayandırılmış təlimləri yenidən bərpa edib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Manevrlərə “K-9” özüyeriyən artilleriya qurğuları cəlb edilib.

Xatırladaq ki, ötən həftə Cənubi Koreya silahlı qüvvələri Seuldan 140 kilometr cənub-qərbdə yerləşən poliqonda “Cheonmu” reaktiv yaylım atəşi sistemlərindən həqiqi döyüş mərmiləri ilə çoxsaylı buraxılışlar həyata keçirib.

Bu addım Şimali Koreyanın məişət tullantıları bərkidilmiş şarları göndərməsindən sonra Cənubi Koreyanın iyunun 4-də 2018-ci il Koreyalararası hərbi sazişi tamamilə dayandırmasından təxminən bir ay sonra baş verib.

Qeyd edək ki, mayın 29-da Şimali Koreya cənub qonşusunun ərazisinə zibil və peyinlə doldurulmuş 150-dən çox şar göndərib.

ALİMLƏR MARSIN SƏTHİNİN DAVAMLI TİTRƏMƏSİNİN SƏBƏBİNİ AÇIQLAYIBLAR

Alimlər Marsın səthinin niyə davamlı titrəməsinin səbəbini araşdırımağa çalışıblar. “Teleqraf.com”un xəbərinə görə, titrəmələr “Mars InSight” seysmoqrafı tərəfindən qeydə alınıb.

Elm adamlarının açıqlamasına görə, Marsın öz atmosferi olsa da, məsələn, Yer kürəsinin atmosferindən 100 dəfə nazikdir. Bu o deməkdir ki, Marsın kosmosdan gələn cisimlərdən qorunmaq üçün etibarlı strukturu yoxdur. Həmçinin Mars onun və Yupiterin orbitləri arasında yerləşən meteorit kəmərinə daha yaxındır və buna görə də həmişə yaxınlıqda çoxlu sayda kosmik cisimlər olur, bu da tez-tez toqquşmalar yaradır.

Alimlərin fikrincə, hər il Marsa 280-360 meteorit parçası düşür ki, bunların hər biri basketbol meydançası ölçüsünə çata bilir. Meteorit parçaları 8 metrdən çox krater və ya 30 metr diametrə qədər çuxurlara səbəb olurlar.

Mütəxəssislər Marsın səthinin davamlı silkələnməsini bu toqquşmalarla əlaqələndirirlər. Bu toqquşmalar vasitəsilə Marsın geoloji tarixinin xronologiyası haqda çox şey öyrənmək, həmçinin planetə hansı növ meteoritlərin düşə biləcəyini anlamaq mümkündür.

MACARISTAN UKRAYNA İLƏ QLOBAL ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALAMAQ NİYYƏTİNDƏDİR

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir. “RBC-Ukraina” informasiya agentliyinin xəbərinə görə, bunu Macarıstanın baş naziri Viktor Orban Kiyevdə prezident Volodimir Zelenski ilə birgə iyulun 2-də keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

Baş nazirin sözlərinə görə, sənəd ölkələr arasında münasibətləri tənzimləyəcək və Ukrayna ilə Macarıstan arasında ikitərəfli münasibətlərə eyni yanaşmasına əsaslana bilər.

“Əvvəlki mübahisələri aradan qaldırmağa və gələcəyə fokuslanmağa çalışırıq. Ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq istəyirik. Biz digər qonşu ölkələrlə bağladığımız müqavilələr kimi, Ukrayna ilə də qlobal əməkdaşlıq sazişi imzalamaq istəyirik”, - deyə Viktor Orban vurğulayıb.

Eyni zamanda, baş nazir əlavə edib ki, rəsmi Budapeşt imkanlarına uyğun olaraq Ukrayna iqtisadiyyatının gələcək modernləşdirilməsində iştirak edəcək.

İRANDA “DENGE” QIZDIRMASI EPİDEMİK HAL ALA BİLƏR

İranda “denge” qızdırmasının epidemik hal alması təhlükəsi mövcuddur. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin idarəolunması mərkəzinin direktoru Şəhnam Ərşi Tehranda təşkil olunan mətbuat konfransında çıxışı zamanı açıqlayıb.

Mərkəz direktorunun sözlərinə görə, hazırda ölkənin 7 vilayətində “aedes” ağcaqanadı vasitəsilə “denge” qızdırmasının yayılması riski böyükdür. Bundan başqa, ölkənin Qəzvin, Məşhəd və Qum kimi şəhərlərində də bu xəstəlik müşahidə olunub.

Şəhnam Ərşi qeyd edib ki, İranın cənubunda yerləşən BƏƏ kimi ölkələrdə “aedes” ağcaqanadı mövcuddur. İranda da ağcaqanadlar “denge” qızdırmasının daşıyıcılarına çevrilirlər. O, əlavə edib ki, gec-tez ölkənin digər vilayətlərində də xəstəlik yayıla və epidemiya müşahidə şahidi oluna bilər.

Qeyd edək ki, aprel ayının 20-dən bəri İranda “denge” qızdırmasına yoluxanların sayı 138 nəfərə çatıb. İranın Səhiyyə Nazirliyi yoluxanların əksəriyyətinin BƏƏ, Pakistan, İraq və digər ölkələrdən gəldiyini açıqlayıb.

BELÇİKADA HALAL KƏSİMLƏ BAĞLI YEKUN QƏRAR AÇIQLANIB

Avropa İnsan Haqları Məhkəməsi Belçikada halal kəsim qadağasına qarşı açılan işdə yekun qərarı verib. “Teleqraf.com”un xəbərinə görə, məhkəmə qərara yenidən baxılması tələbini rədd edib.

Məlumata əsasən, müsəlman və yəhudi təşkilatlarının halal kəsim qadağasının din azadlığını pozmasına dair iddiasını dəstəkləməyən Avropa İnsan Haqları Məhkəməsi hökumətin qərarını haqlı hesab edib.

Bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarına əsasən Belçika hökuməti “halal kəsim” qaydalarını tanımamaqla dini etiqad azadlığını pozmayıb.

Qeyd edək ki, Belçikada Flaman və Valon bölgələri İslam inancına görə halal, yəhudiliyə görə isə koşer kəsimi kimi tanınan üsulu qadağan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.