“Azadlığın müdafiəçisi”, siyasi aktyor
Siyasət

“Azadlığın müdafiəçisi”, siyasi aktyor

"Freedom House" Azərbaycana qarşı total, qərəzli hücum kampaniyasını davam etdirir. Rəsmi Bakıya qarşı uzun illərdir böhtan, qarayaxma kampaniyası ilə tanınan təşkilat 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc edib.

Hesabatda Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilib. Əvvəla, bu məsələnin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi respublika Konstitusiyasına uyğun olaraq təmin edilməlidir. Sözügedən ərazinin keçmiş erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi rəsmi Bakının daxili işidir.

Digər tərəfdən, Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra xoşniyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürüb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, yekun saziş üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.

Ölkə başçısı ötən il iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində də bu məsələyə toxunub. Cənab İlham Əliyev bildirib ki, Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar: "Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir".

Rəsmi Bakı dəfələrlə bu istiqamətdə müsbət mesajlar versə də, erməni sakinlər Qarabağda qalmaq istəmədikləri üçün bölgəni tərk ediblər. Bu prosesdə isə onlara zor tətbiq olunmayıb. Yolda erməni qadın və uşaqlara su, yemək paylayan Azərbaycan sərhədçilərinin görüntüləri də kifayət qədərdir. Onlar tam təhlükəsiz şəraitdə, ən kiçik əşyalarına qədər yığıb gediblər. Bütün bunların fonunda Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz. Eləcə də bu halın hüquq pozuntusu kimi göstərilməsi yolverilməzdir. İrəvandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının zorla qovulmasına göz yuman "Freedom House" təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur.

Qərbi azərbaycanlılar XX əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, mənimsənilib. Amma insan hüquq və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən beynəlxalq qurumlar doğma yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalan bütün hüquq və azadlıqlarından məhrum edilən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük verib. "Freedom House" isə bu sükutu hər zaman özünəməxsus şəkildə pozub. Məsələn, adıçəkilən təşkilat "Dünyada azadlıq - 2009" adlı hesabatında qeyri-obyektiv mövqe tutub və Ermənistanı "qismən azad" dövlət, Azərbaycanı isə "azad olmayan" ölkə adlandırıb. Guya hüquqları müdafiə edən təşkilatın "Dünyada azadlıq-2023" hesabatında da Azərbaycanın adı "azadlıqsevərlər"in reytinqində arxa sıralarda qalıb. Bu sıralamada Bakını Cənubi Sudan, Türkmənistan, Suriya, Tacikistan, Əfqanıstan kimi ölkələr qabaqlayıb. Axı kim inanar ki, Əfqanıstan, Suriya Azərbaycandan daha azad ölkələrdir? 2024-cü ildə isə Dövlət Departamentinin strukturu olan bədnam qurum demokratiya ilə bağlı 100 ballıq saxta cədvəlində Azərbaycana 7 bal verib. Belə nümunələr kifayət qədərdir. Amma nəticə eynidir. Deməli, "Freedom House"un hesabatlarında ciddi qərəz var və bu, siyasi məqsədlidir.

Ümumiyyətlə, qurum heç vaxt Azərbaycana münasibətdə obyektiv olmayıb. "Freedom House"da vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlər kök salıblar. Digər tərəfdən, ABŞ 1992-ci ildə "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi edərək Bakıya qarşı haqsız mövqe tutduğu kimi, adıçəkilən təşkilat da bu illər ərzində hazırladığı hesabatlarda qərəzli yanaşma ortaya qoyub və Vaşinqtonun siyasi mərkəzləri ilə sinxron davranışlarını davam etdirir. Heç bu davranışlarını gizlətməyə də ehtiyac duymurlar. "Freedom House" öz veb-səhifəsində qeyd edib ki, o, Ağ Evin siyasi maraqlarının qlobal təbliğatçısı və təşviqatçısıdır. Bu təqdimat hər şeyi deyir. Deməli, "Freedom House" ərazisində yerləşdiyi dövlətin siyasi maraqlarından çıxış edərək rəylər, hesabatlar hazırlayıb tirajlayır. Buna görə də onların təqdim etdikləri qlobal cədvəllər azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz.

Bütün bunların fonunda bu nəticəyə gələ bilərik ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesini intensivləşdirən kollektiv Qərb bu prosesə özünün proksi qurumlarını daha aktiv formada cəlb edib. Bu müstəvidə "Freedom House" və digər belə təşkilatların məqsədi heç də dünyada demokratiyanın və azadlığın, o cümlədən digər təməl insan hüquq və azadlıqlarının keşiyində dayanmaq deyil, əksinə, bu dəyərləri manipulyasiya, siyasi məqsədlər naminə təzyiq predmetinə çevirməkdir.

Jalə QASIMZADƏ,

"Respublika".