Xocavəndin COP29-a
COP29

Xocavəndin COP29-a "yaşıl" ərməğanı

Qədim abidələri, təbii sərvətləri ilə ilk baxışda insanı heyran edən Xocavəndin uzaq əsrlərin arxasından boylanan tarixi keşməkeşli olsa da, çox zəngin və qiymətlidir. Türk əsatirlərində, salnamələrdə, dastanlarda, tarixi qaynaqlarda Xocavəndin adı çəkilir. Uzaq keçmişə şahidlik edən daş abidələrin pozulmaz izi bu torpaqların sinəsinə əbədi həkk edilib.

Xocavənd rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Xocalı rayonları ilə həmsərhəddir. Erməni işğalına qədər kənd təsərrüfatı rayonu olub. Üzümçülük, taxılçılıq və heyvandarlıq rayonun iqtisadiyyatında mühüm yer tutub. Rayon ərazisindən axan dağ çayları bağçılığın və bostançılığın inkişafına da müsbət təsir göstərib, təbiəti isə ecazkar və füsunkardır.

Qədim tarixi olan yurd yerimizdə əsrlərdən bəri yerli əhali bu bərəkətli torpaqlarda bağ salaraq təsərrüfat işləri ilə məşğul olub. İkinci Qarabağ müharibəsində - 2020-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kəndi qəhrəman Silahlı Qüvvələrimiz işğaldan azad etdi. Qeyd edək ki, Xocavənd istiqamətində Silahlı Qüvvələrimizin bölmələri yüksək döyüş əzmi və qəhrəmanlıq nümayiş etdiriblər. Hər qarış torpaq uğrunda döyüşçülərimiz cəngavər kimi vuruşub, çətin relyefi, maneələri, istehkamları, minalanmış əraziləri igidliklə dəf ediblər. Düşmənin dağıtdığı şəhərlərimizin Baş planının hazırlanması və orada tikinti işlərinə başlanılması hər bir köçkünə yeni ruh verib, onların inamını artırıb. İşğaldan azad edilən rayonlarda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı aparılan işlər, pilot layihə kimi həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd"lərin qurulması, sözün əsl mənasında tarixi nailiyyətdir. Prezident İlham Əliyev işğaldan azad olunmuş hər qarış torpağımıza böyük məhəbbətlə, diqqət və qayğı ilə yanaşır, hər bir rayona, hər bir kəndə xüsusi əhəmiyyət verir, aparılan quruculuq işlərinə şəxsən nəzarət edir.

Ermənistanın işğalı nəticəsində rayonun bitki və meşə örtüyünə də ciddi zərər dəyib. Belə ki, 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri sıradan çıxarılıb. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşələrində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşençayın kənarındakı təbii meşə, Kuropatkin adlanan yerdə 6 hektara qədər ərazidəki ağaclar doğranaraq məhv edilib. Rayonun Qırmızı Bazar qəsəbəsində yaşı 2000 il olan iki qədim şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Həmin çinar ağaclarına da ermənilər rəhm etməyiblər. Ermənilər qədim Tuğ kəndini dağıdıblar, yaşı min illərlə ölçülən Azıx mağarasını erməniləşdirməyə çalışsalar da buna nail ola bilməyiblər. Erməni millətçilərinin otuz ildən çox Qarabağda törətdikləri vəhşiliklər bu gün Azərbaycana qarşı haqsız mövqedə dayanan bəzi Avropa ölkələrinin, ermənipərəst avropalı siyasilərin gözləri qarşısında baş verib. Riyakarlıqla susublar, daşdan səs çıxıb, lakin onlardan səs çıxmayıb, gözləri kölgəli olduqları üçün haqqın qarşısında simasızlaşıblar. Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd böyük strateji əhəmiyyətə malikdir, rayon həm də iqtisadi potensialı ilə fərqlənir. Tarixin canlı şahidi olan Xocavəndin turizm, sənaye, aqrar, eləcə də xidmət sahələrinə görə başqa bölgələrlə müqayisədə xeyli üstünlüyü var. Mütəxəssislərin qənaətinə görə, Hadrut qəsəbəsi və bütövlükdə Xocavənd rayonu Cənubi Qafqazda fasiləsiz turizm potensialı xidmətləri təklif ediləcək azsaylı bölgələrimizdən biri hesab olunur. Həm Hadrut qəsəbəsinin, həm də ətraf kəndlərin fasiləsiz olaraq yay, qış turizm xidmətləri təklif etmək imkanı var.

Rayon icra hakimiyyəti və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ekoloji tarazlığın qorunması və su ehtiyatlarından səmərli istifadə" mövzusunda keçirilən dəyirmi masada bu barədə ətraflı söz açılıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu artırmaq, iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq və iqlim dəyişmələri ilə mübarizədə əldə etdiyi nailiyyətləri təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir. 1990-cı illərdən başlayaraq Ermənistan işğal etdiyi ərazilərimizdə genişmiqyaslı ekoloji terror törətmişdir. Topxana meşəsində adı Qırmızı Kitaba düşən qiymətli ağacların kütləvi qırılması, mövcud su mənbələrinin, çayların zəhərli maddələrlə çirkləndirilməsi, yeraltı və yerüstü təbii sərvətlərin talan olunması və digər çirkin addımların atılması ekoloji tarazlığın pozulmasına səbəb olub. Məhz buna görə də Azərbaycan ekoloji terrordan daha çox əziyyət çəkən ölkədir. Bu baxımdan, ölkəmizin COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi, eyni zamanda, ədalətin bərpasıdır.

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri İsrafil Paşayev iqlim dəyişmələrinə səbəb olan sahələr, qlobal istiləşmə, eyni zamanda dayanıqlı inkişafın məqsədlərindən söz açıb. Rayon suvarma sistemləri idarəsinin rəisi Malik Mirzəyev çıxışı zamanı bildirib ki, Azərbaycan ərazilərində erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərdə suvarma şəbəkələri, hidroqovşaqlar, kollektor-drenaj şəbəkəsi, hidrotexniki qurğular, subartezian quyular yenidən qurulur. Onların işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə respublikamızın digər bölgələri kimi, Xocavənd rayonunda da məhsuldarlığın yaranmasına imkan verəcək. Tədbirdə, həmçinin iştirakçılar su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyalarının tətbiqi, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə məlumat verilib .

Qeyd edək ki, Xocavənd rayonu ərazisində meşə bərpa işləri aparılır, yaz və payız mövsümündə ağaclar əkilir, kultivasiya edilmiş ərazilərə toxum səpilir, yaşıllıqlar salınır. Hazırda Xocavənddə çox genişmiqyaslı quruculuq həyata keçirilir. Çox keçməz ki, yerli əhali modern üslubda qurulan yeni bir yaşayış məntəqəsində firavan həyat quracaqlar. Xocavənddən həm də turizm marşrutları keçəcək, bu diyarın təbiəti, tarixi, etnoqrafiyası, adət-ənənəsi əcnəbi səyyahlar və turistlər üçün cəlbedici olacaq. Xocavəndin "yaşıl" töhfələri COP29 beynəlxalq tədbirinə əsl ərməğandır.

Salman ALIOĞLU,

"Respublika".