Dövlətimizin gənclər siyasəti gələcəyimizin təməlidir
Sosial həyat

Dövlətimizin gənclər siyasəti gələcəyimizin təməlidir

Müstəqilliyimizin bərpasının ilk illəri ağır, faciəli illər idi, Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə ki, 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşmış, xaos, anarxiya, özbaşınalıq, rüşvətxorluq, korrupsiya baş alıb gedirdi. Səriştəsiz insanlar vəzifəyə gələrək ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Həmin illərdə hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşdü. Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, xalqımızın taleyinin necə olacağı bəlli deyildi.

Azərbaycanda müasir gənclər siyasəti ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə başlamışdır. Həmin il Gənclər və İdman Nazirliyi yaradıldı.

O, illərdə ölkəmiz böhrandan təzə-təzə çıxırdı.  Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi. Məhz həmin vaxt ölkəmizdə islahatlara start verildi. Ulu öndərin qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Daha sonra da müvafiq qərarlar qəbul edildi, dövlət gənclər siyasəti haqqında Fərman imzalandı. Sonrakı dövrdə də dövlətimiz həmişə gənclərə dəstək olmuşdur. Belə ki, 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmiş, bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi yaradılmışdır.

Çox böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan gəncləri bu gün müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Ölkəmizin gəncləri müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər və ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Azərbaycanın beynəlxalq əlaqələri gündən-günə genişlənir. Belə ki, 2016-cı ildə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı adına layiq görülmüş, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransı keçirilmişdir.

Tarix boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Buna baxmayaraq, biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamış həmişə öz dəyərlərimizə bağlı olmuşuq.

Azərbaycan dəyərləri bugünkü gənclər üçün daim ən başlıca dəyərlərdir. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan da məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olmuşdur. Bu gün Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar.

Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Gənclərimiz işğal altında olan toraqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin böyük əksəriyyəti də gənclərimizdir. Vətən müharibəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. Doğma torpaqlarımızda Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi zəfərdir. Bu zəfər bir daha onu göstərdi ki, Azərbaycan əsgəri Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu zəfər ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi və onlara göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük.

Gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayır, elm sahəsində böyük nailiyyətlər qazanırlar. Gənc alimlərimiz müxtəlif sahələrdə elmi potensialımızı gücləndirirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Yaradılan bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır.

Azərbaycan bu gün dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz gənclər əldə olunmuş uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalı və ilk növbədə, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Ölkəmizdə sosial problemlərin həlli daim diqqət mərkəzindədir. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Ən əsası da məcburi köçkünlərin, şəhid ailələrinin, birinci və ikinci Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilir. Azərbaycan dövləti onlara dəstək göstərir.

Azərbaycan Gəncləri Azərbaycanın dövlət maraqlarının nəyin bahasına olursa-olsun keşiyində durub. Bu proses daimi olmalı, davam etməlidir. Biz gənclər üçün ən başlıca vəzifə müstəqilliyimizi, milli maraqlarımızı qorumaqdır.

Fərid MUSTAFAYEV,

AEMA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri.