Türkiyədə süni intellektlə dəstəklənən onlayn külək turbini satışa çıxarılıb
Türk dünyası

Türkiyədə süni intellektlə dəstəklənən onlayn külək turbini satışa çıxarılıb

Yerli külək turbinlərinin istehsalçısı olan SoyutWind süni intellekt tərəfindən dəstəklənən xüsusi proqram təminatı hazırlayıb və onlayn satışa başlayıb. Artıq fərdi istifadəçilər elektron ticarət saytı vasitəsilə süni intellektin dəstəyilə ehtiyac duyduqları ev külək turbinini hissə-hissə satın ala bilərlər.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən Türkiyə bərpaolunan enerji mənbələrinin quraşdırılma gücünə görə Avropada beşinci, dünyada isə 12-ci ölkədir. Enerji və Təbii Sərvətlər Nazirliyinin hədəfləri Türkiyənin quraşdırılmış külək enerjisi gücünün 2024-cü ilin sonuna qədər 30 min meqavata, 2025-ci ildə isə 35 min meqavata yüksələcəyini göstərir. Bu ilin əvvəlində külək elektrik stansiyalarının elektrik enerjisi istehsalında payı təqribən 28 faiz olduğu halda, küləkdən elektrik enerjisi istehsalı son 8 ilin ən yüksək səviyyəsinə çatıb.

Çolak Holdinq və SoyutWind-in baş direktoru Ali Çolak bununla bağlı açıqlama verərək deyib: "Enerji xərclərinin artması istifadəçiləri, əsasən də küləkli bölgələrdə yaşayanları alternativlərə, xüsusilə ev tipli külək turbinlərinə yönləndirir. Türkiyədə və regionda 1 meqavata qədər birbaşa ötürücülü turbinlərin ilk və yeganə istehsalçısı olan SoyutWind olaraq, biz müxtəlif gücə malik külək turbinlərinin əlçatanlılığını artırmaq üçün yeni çığır açmışıq. Dünyada ilk dəfə bir külək turbini istehsalçısı kimi süni intellektlə dəstəklənən proqram təminatı hazırladıq və 100 faiz yerli istehsal olan ev tipli külək turbinlərinin onlayn satışa təqdim edildiyi bir e-ticarət saytı qurduq.

Batareya ilə işləyən və ya şəbəkəyə qoşulan, sürət qutusu olmayan və daimi maqnit generatorları (PMG) ilə işləyən ev külək turbinlərinin səmərəliliyi kifayət qədər yüksəkdir".

Beləliklə, 2000-ci ildə qurulduğu gündən bəri Ar-Ge-yə verdiyi töhfə ilə sektorda qabaqcıl olan SoyutWind tərəfindən həyata keçirilən bu yenilik evlərə təmiz enerji gətirəcək və Türkiyədə külək enerjisindən istifadə nisbətlərini artıracaq. Üstəlik, istifadəçilər ev tipli külək turbinləri ilə istehsal etdikləri enerjini az istifadə müddətində şəbəkəyə satmaq imkanı əldə edirlər. Digər tərəfdən, sənaye təşkilatları və ticarət müəssisələri 2,5 meqavata qədər olan külək turbinlərinin texniki xüsusiyyətlərini yoxlayaraq və sifariş formasını dolduraraq asanlıqla ala bilərlər.

İstehsal, mühəndislik, inşaat-podrat, enerji, maliyyə və xarici ticarət sektorlarında fəaliyyət göstərən Çolak Holdinqin 50 illik yubileyini qeyd etdiklərini söyləyən A.Çolak vurğulayıb: "Ankara Temellidəki fabrikimizdə istehsal etdiyimiz yerli külək turbinlərinin 15 mini qapalı olmaqla 135 min kvadratmetr sahəni bütün ölkəyə yaymaq üçün mühüm bir addım atdıq. Biz fəxr edirik ki, bu qabaqcıl təşəbbüs Türkiyənin ilk külək turbinləri istehsalçısı SoyutWind-ə məxsusdur. Gələcəkdə süni intellekt proqram təminatını inkişaf etdirməyə davam edəcəyik. Mühəndislik və dizayn imkanlarımız sayəsində irəli getməyə çalışırıq. SoyutWind-in ana şirkəti olan Çolak Holdinq Bordo Capital, SoyutWind, SoyutWind Mill və Soyut Karavan brendləri ilə təmiz texnologiyalar, davamlı yaşayış və vençur kapitalının maliyyələşdirilməsi modelinə fəal şəkildə töhfə verir. "Təmiz texnologiya, təmiz cəmiyyət" üzərində cəmlənmiş sosial məsuliyyət yanaşması ilə fəaliyyət göstərən və davamlı tərəqqinin təmiz enerji ilə əldə oluna biləcəyinə inanan SoyutWind olaraq Türkiyədə və regionda qabaqcıl təşəbbüslərimizlə "yaşıl" transformasiyaya töhfə verməyə davam edəcəyik".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.