Zuvand elinin ağsaqqalı
Sosial həyat

Zuvand elinin ağsaqqalı

O qanlı-qadalı illərdən 83 il ötür. Faşizm üzərində tarixi qələbənin əldə edilməsində rayonun Kələxan kəndində dünyaya göz açmış, Lenin, "Qırmızı ulduz", "I dərəcəli Vətən müharibəsi" ordenləri və çoxlu medallarla təltif olunmuş kapitan Həmzə Şıxəliyevin misilsiz xidmətləri olmuşdur.

O, halal, zəhmətkeş, Zuvand elində ağsaqqal kimi ad-san, nüfuz qazanan Mirələm kişinin üçüncü övladı idi. Kənddə 7 illik, Lənkəran şəhərində fəhlə-gənclər məktəbini bitirmişdi. Komsomol fəalı kimi gənc yaşlarından Çayrud kənd, Lerik qəsəbə sovetinin katibi vəzifəsinə irəli çəkilmişdi. 1940-cı ildə kommunist partiyası sıralarına qəbul olunmuş, rayon sovetinə deputat seçilmişdir.

Müharibənin başlanması xəbərini eşidəndə 26 yaşı var idi. Səhərisi əmisi oğlu Feyruzla Lerik rayon hərbi komissarlığına gedib ordu sıralarına könüllü yazıldı. Onları Bakıya - respublika Hərbi Komissarlığına yola saldılar. Hər ikisini Tiflis şəhərindəki Hərbi Komandirlər Məktəbinə oxumağa göndərdilər. Təhsilini başa vurduqdan sonra 416-cı Azərbaycan diviziyasında bölük komandirinin müavini vəzifəsinə təyin olundu.

1942-ci ilin yayında faşistlər böyük qüvvə ilə Qafqaza hücuma keçdilər. Qafqazın müdafiəsinə bütün millətlərin nümayəndələri qalxmışdı. Gənc leytenant Həmzə Şıxəliyevin bölüyü Mozdok uğrunda gedən döyüşlərdə igidlik, hünər göstərib.

Müharibə illərində azərbaycanlı döyüşçülərin tez-tez görüşünə gələn görkəmli dövlət xadimi Əziz Əliyevlə yaxından tanış olur və bu, onların əbədi dostluğuna çevrilir.

1942-ci ilin dekabrında Taqanroqda aramsız gedən döyüş zamanı əsgərlərdən dördü həlak olub, gənc zabit H.Şıxəliyev ağır yaralanıb. Çoxlu qan itirib. Hərbi xəstəxanada 23 gün müalicə aldıqdan sonra yenidən xidmət etdiyi bölüyə qayıdıb.

Həmzə Şıxəliyevin xidmət etdiyi 248-ci diviziya 3-cü Ukrayna cəbhəsinin tərkibində Nikolayev, Tiraspol şəhərlərini azad edərək şimaldan Odessa şəhərinə daxil oldu. Odessa şəhərinin azad edilməsində xüsusi xidmətlərinə görə kapitan Həmzə Şıxəliyev ali mükafata - "Qırmızı ulduz" ordeninə layiq görüldü. 1989-cu ildə şəhərin azad edilməsinin 45 illiyinə həsr edilmiş yubiley tədbirlərinə dəvət olundu. Ömür-gün yoldaşı Roza xanımla Odessada tədbirlərdə iştirak etdi. Orada ona qəhrəman Odessanın fəxri vətəndaşı adı verildi.

Ukraynanı azad etdikdən sonra Moldova torpağına qədəm qoydular. Rəhbərlik etdiyi bölük Kotovsk və Kişinyov şəhərləri uğrunda döyüşlərdə igidlik, şücaət göstərdi. 1945-ci ilin yanvar ayında Həmzə Şıxəliyevin avtomatçılar bölüyü artıq Varşava ətrafında döyüşürdü. Varşavanın cənubunda, Visla çayının qərb sahilində almanların güclü müdafiəsinin yarılmasında və ətrafda yerləşən şəhərlərin azad edilməsində göstərdiyi igidliyə görə kapitan Həmzə Şıxəliyevə Sovet İttifaqı marşalı Stalinin əmri ilə təşəkkür elan olundu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə kapitan H.Şıxəliyev "Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edildi.

Gənc zabitin rəhbərlik etdiyi bölük döyüşə-döyüşə Birinci Belorusiya ordusunun 5-ci zərbə korpusunun tərkibində Berlinə birinci daxil oldu. Hər küçə, bina uğrunda qızğın döyüşlər gedirdi.

Aprelin 28-də Berlinin son dayaq məntəqəsinə hücum barədə əmr verildi. Həmzə Şıxəliyevin rəhbərlik etdiyi bölük İmperiya Dəftərxanası ilə üzbəüz binalara nəzarət edirdi. Mayın 9-u tarixə qızıl hərflərlə yazıldı. Faşist Almaniyası danışıqsız təslim oldu. Reyxstaqda divarlara hərə öz avtoqrafını yazırdı. Avtoqrafların birini də lerikli zabit yazdı: "Kapitan Həmzə Mirələm oğlu Şıxəliyev burada olmuşdur".

1418 günlük müharibədə igidlik, şücaət göstərdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə kapitan Həmzə Şıxəliyev "Lenin" və "I dərəcəli Vətən müharibəsi" ordenləri ilə təltif edilib.

Qələbədən sonra sovet qoşunlarının tərkibində bir müddət Şərqi Berlində sahə komendantı vəzifəsində xidmət edib. 1947-ci ilin qışında ordudan tərxis olunaraq doğma rayona qayıdıb. Lerik qəsəbə sovetinin sədri vəzifəsində fəaliyyətini davam etdirib.

Sonralar rayon torpaq şöbəsinin müdiri, Siyov kəndində kolxoz sədri vəzifəsində işləyib. Ömrünün 50 ilini doğma Kələxan və ətraf kəndlərin inkişafına həsr edib.

Lerikdə yeni tipli müasir təsərrüfatın qurucusu və rəhbəri kimi tanınıb. Görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev, akademik İmam Mustafayev, professor Qara Mustafayev və çoxlu elm adamları, təsərrüfat başçıları rəhbərlik etdiyi sovxozda olub, iş təcrübəsinin geniş yayılmasını tövsiyə ediblər.

Haqqında Azərbaycan Sovet Ensiklopediyasında, Moskvada nəşr edilən "Oqonyok" jurnalında məqalələr yazılıb. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının qurultaylarında, mötəbər dövlət tədbirlərində iştirak edib.

Ağsaqqal, ustad jurnalist Həmzə Vəliməmmədov "Elin unudulmaz oğlu" adlı kitabını onun mənalı, zəngin ömür yoluna, misilsiz xidmətlərinə həsr edib. Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2010-cu il tarixli sərəncamı ilə adı əbədiləşdirilib, Lerik şəhərinin küçələrindən birinə Həmzə Mirələm oğlu Şıxəliyevin adı verilib. 2015-ci ildə 100 illik yubileyi geniş qeyd olunub.

Artıq 15 ildir ki, bir elin, obanın böyük ağsaqqalı, nüfuzlu şəxsiyyət, İkinci Dünya müharibəsində qəhrəmanlığı ilə iz qoymuş Həmzə Şıxəliyev aramızda yoxdur. Lakin qurub-yaratdıqları, xeyirxah əməlləri bu gün də yaşayır. Oğlu, görkəmli tibb alimi Alim Şıxəliyev, həyat yoldaşı, tanınmış həkim Tofiqə xanım, nəvəsi Elnur, nəvə-nəticələri babanın arzularını ləyaqətlə həyata keçirirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".