İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Sərbəst güləş komandamız Avropa çempionu olub

Azərbaycanın sərbəst güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatında birinci olub. Qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub. Yığmamızın tərkibində Muhamməd İsmayılov (51 kiloqram) və İsa Yusibov (65 kiloqram) qızıl, Hüseyn İsmayılovla (60 kiloqram) Muxamad Qantemirov (110 kiloqram) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kiloqram) və Hüseyn Hüseynov (55 kiloqram) isə bürünc medal qazanıblar.

Boks millimiz çempionatı dörd medalla başa vurub

Azərbaycanın yeniyetmələrdən ibarət boks millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını başa çatdırıb. Yığmamız yarışın son günündə daha 2 medal qazanıb. Komandamızın heyətində Nihat Qasımov (48 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) gümüş mükafata yiyələniblər. Bununla da yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Avarçəkənlərimiz Avstriyada beş medal qazanıblar

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqata başa çatıb. 120-ci dəfə təşkil olunan yarışda iştirak edən komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Böyüklər arasında akademik avarçəkmə üzrə yığmanın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşlərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib. Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.

İdmançılarımızın "Asiya uşaqları" Oyunlarında uğurlu çıxışı davam edir

Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları davam edir. Ölkəmizi təmsil edən milli komandamız müxtəlif növlərdə mübarizə aparırlar. Yunan-Roma güləşi üzrə 44 kiloqramda yarışan Qurban Məcnunov fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər güləşçi Yusif Mirzəyev (38 kiloqram) isə 3-cü yer uğrunda qarşılaşmada qalib olub. Cüdoçularımızdan Əli Hümbətov (66 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. 60 kiloqram çəki dərəcəsində yarışan Özqan Quliyev isə üçüncü yeri tutub. Atletimiz Mehdi Abbaszadə kişilər arasında 200 metr məsafəyə qaçış yarışında bürünc medala sahib olub. Beynəlxalq İdman Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarına yekun vurulub. 4x50 metr məsafəyə sərbəst estafet yarışlarında çıxış edən Süleyman İsmayılzadə 1 dəqiqə 37 saniyə vaxtla finiş xəttinə çataraq yarışın qızıl medalını əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".