MÜDRİK EL AĞSAQQALI
Sosial həyat

MÜDRİK EL AĞSAQQALI

1949-cu ildə Ermənistanın deportasiya siyasəti nəticəsində doğulub boya-başa çatdığı Dərələyəzin Çivə kəndini məcburi tərk edib Saatlı rayonunun Məmmədabad kəndində məskunlaşan Məmməd Məmmədov bir müddət burada pedaqoji fəaliyyətlə məşğul olmuş, sonra isə rayon rəhbərliyinin təqdimatı ilə daxili işlər orqanlarında işləməyə göndərilmişdi. Azərbaycanın bir çox rayon və şəhərlərində milis (polis) şöbəsinin rəis müavini, şöbə rəisi vəzifələrində işləyən Məmməd Məmmədov tutduğu vəzifəsindən asılı olmayaraq hər zaman xalqın yanında olmuş, xoş gündə, dar gündə dəstəyini əsirgəməmiş, xeyirxahlığı, cəsarəti, alicənablığı ilə hamının sevimlisi olmuşdu.

Bu el ağsaqqalının sağlığında - 2005-ci ildə işıq üzü görən "80 yaşın zirvəsindən baxanda" kitabında filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin dövlətimizə, dövlətçiliyimizə ləyaqətlə xidmət edən Məmməd Məmmədovun həm də ədalətli, xeyirxah el ağsaqqalı olmasından bəhs edən məqaləsi yer alıb. Məmməd Məmmədovun qızı, BDU-nun baş müəllimi Sona Çərkəzin redaksiyamıza təqdim etdiyi həmin məqaləni, zaman fərqini nəzərə alaraq, cüzi ixtisar və redaktə ilə dərc edirik.

Dağ vüqarlı Məmməd kişi müdrik el ağsaqqalıdır. O, Dərələyəzin Ardaraz kəndində Şərur-Dərələyəz qəzasında yaxşı tanınan, adlı-sanlı, əsilli-nəsilli bir ailədə dünyaya göz açmışdır. Onun soyu-kökü bu mahalda böyük nüfuz sahibi kimi tanınmışdır.

1940-cı ildə Dərələyəzin Çivə kəndində orta məktəbi bitirən Məmməd Müəllimlər İnstitutunda təhsil almış, 1943-cü ildə Böyük Vətən müharibəsinə getmiş, igid bir döyüşçü kimi 1946-cı ildə sinəsi dolu orden və medallarla geri qayıtmışdır. Cəbhədən qayıtdıqdan sonra o, yenidən müəllim işləmiş, lakin doğma yurdunda daimi dərs demək ona qismət olmamışdır.

Məmməd kişinin ulu babası Kərbəlayi Həsənalı və babası Kərbəlayi Məhəmmədin nəsli haqqında olan bu məlumatı mənə Dərələyəzin Ardaraz kənd sakini, 90 ildən artıq ömür sürən Musa Qafarov, həmin kənddə doğulub boya-başa çatan və mənim birinci və ikinci sinifdə müəllimim olan Vəli Bayramov, 9-cu sinifdə müəllimim olan Musa Bayramov, uzun müddət Saatlı rayonunun Məmmədabad kəndində məktəb direktoru işləmiş Novruz Bayramov, 1930-cu illərdə bizim kənddə sovet sədri işləmiş Şahhüseyn kişi, mənim 93 il ömür sürmüş atam İbrahim Mirzəlioğlu və digər şəxslər vermişlər.

Məlum olduğu kimi, mən Dərələyəz mahalı haqqında ensiklopedik bir kitab yazmaq üçün yarım əsrdən artıqdır ki, tarixi mənbələrdən, arxivlərdən, Dərələyəzin yaşlı adamlarından məlumat toplayıram. Ona görə də Dərələyəz, orada olan kəndlər və bu kəndlərdə yaşayan adamlar haqqında məndə geniş məlumat var. Həmin məlumatların bir hissəsi mənim 2004-cü ildə çapdan çıxan "Qərbi Azərbaycan. Dərələyəz mahalı" adlı kitabımda verilmişdir.

Şovinist Ermənistan hökuməti və onun havadarları 1949-cu ildə Ardaraz kəndinin əhalisini də zorla öz doğma yurdundan çıxardı, deportasiya etdi. Onları Azərbaycanın çox isti, iqlimi doğma yurdun iqliminə uyğun gəlməyən bir yerinə - Saatlı rayonunun Məmmədabad kəndinə köçürdülər, orada məskunlaşmağa məcbur etdilər. Mən həmin deportasiyanın, həmin ağrılı-acılı günlərin canlı şahidiyəm.

1949-cu ildə mən Naxçıvan şəhərinə getmək üçün Şərur dəmir yol stansiyasında qatar gözləyirdim. Bu vaxt dəmir yol stansiyasında olan bütün camaat Dərələyəzdən deportasiya olunanların ah-naləsinə qulaq asır və onların dərdinə şərik olmağa çalışırdı. Mən də ürəkağrısı ilə bu dəhşətli mənzərəni seyr edirdim. Dəhşətli məqamlardan biri də o idi ki, deportasiya olunan adamları onların mal-qoyunları, atları ilə bir yerdə yük vaqonlarına doldurmuş və vaqonların qapılarına hərbçi və milislərdən gözətçi qoymuşdular. Onlar vaqondan heç kimin düşməsinə imkan vermirdilər. Bu zaman ardarazlı Musa müəllim (Musa Bayramov) və Məmməd hərbçilərlə savaşa-savaşa vaqondan düşdülər və əllərində bir neçə su qabı ilə su kranı olan tərəfə yönəldilər. Mən dərhal 9-cu sinifdə mənə coğrafiyadan dərs demiş Musa müəllimə yaxınlaşıb su qablarından birini onun əlindən aldım, biz Məmmədlə krandan qablara su doldurub qaça-qaça vaqona çatdıq, su üçün ağlayan uşaqlara su verdik, bir neçə dəqiqədən sonra paravozun fit səsi eşidildi və köç yola düşdü. Paravoz hərəkətə gə-lən zaman yük vaqonlarından eşitdiyim ürək yandıran bayatı səslərini indi də unuda bilmirəm. Bayatını yaşlı bir qadın və hündürboylu bir kişi yanıqlı-yanıqlı uca səslə deyirdilər.

Təvazökarlığı, məğrurluğu özünün qibləsi hesab edən Məmməd Məmmədov bu qərib yerdə, Saatlı rayonunda da hörmət sahibi oldu. Heç kəsin qabağında əyilməməsi, az bir zaman ərzində yerli camaatın xeyir-şər məclislərində fəal iştirak etməsi, eyni zamanda onların bütün problemli məsələlərinin həllində öz köməyini əsirgəməməsi Məmməd kişiyə yerli əhalinin hüsn-rəğbətini qazandırdı.

1960-cı ilin ortalarında Məmməd kişi məktəb direktoru vəzifəsindən rayon rəhbərliyinin təqdimatı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. Bundan sonra o, öz camaatına, el-obasına daha yaxşı kömək göstərmək, daha geniş imkanlar əldə etmək üçün hüquqşünas olmaq qərarına gəldi. Bu məqsədlə üçüncü dəfə ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu və oranı bitirdi.

Çevik, yorulmaq bilməyən Məmməd kişi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində - Azərbaycanın ayrı-ayrı rayon və şəhərlərində əməliyyat qrupunun, rayon milis (polis) şöbəsinin rəis müavini və şöbə rəisi vəzifələrində işlədi. Dövlətinə və xalqına ləyaqətlə xidmət etdi. Dövlət də onun bu xidmətlərini həmişə layiqincə qiymətləndirdi. Hamı onu milis işçisi olmaqdan əlavə, həm də el ağsaqqalı, obyektiv, ədalətli, cəsarətli, ləyaqətli, qorxmaz, əyilməz, xeyirxah, insanpərvər bir adam kimi qəbul edir və onun məsləhətlərinə qulaq asırdı. Bu inam indinin özündə də davam edir. Əziz dostum, qardaşım Məmmədlə bağlı bir xatirəni də demək istəyirəm. O, Bakıya gələndə həmişə Dərələyəzdən olan bütün tələbələri, aspirantları, müəllimləri başına yığıb onlara qonaqlıq və hər birinə imkanı daxilində müəyyən məbləğdə cibxərcliyi verərdi. Bu dağ vüqarlı kişi həddindən artıq vətənpərvərdir. O, dəfələrlə itirilən torpaqlarımız, o, cümlədən Dərələyəz mahalı haqqında televiziyada çıxışlar etmiş, ermənilərin hiyləgərliyini, təcavüzkarlığını, nankorluğunu faktlarla isbat etmiş və bu yolda xalqı mübarizəyə çağırmışdır.

Məmməd kişi işdə nə qədər ciddi idisə, evdə, ailədə bir o qədər yumşaq və mülayim idi. O, övladlarını həmişə şirin dillə və ibrətamiz sözlərlə tərbiyə etmiş, qeyrətli, ağıllı, sadə, böyük-kiçik yeri bilən, intellektual səviyyəli yetişdirmişdir. Böyük qızı Sona Çərkəz (Məmmədova-Quliyeva, uzun müddətdir pedaqoji fəaliyyətlə məşğuldur, hazırda Bakı Dövlət Universitetinin humanitar fənlər üzrə rus dili kafedrasında müəllim işləyir, şairdir, çoxlu kitabların müəllifidir), böyük oğlu Füzuli (hüquq elmləri namizədi, dosentdir, respublika Baş Prokurorluğunda idarə rəisi, Bakı hərbi prokuroru işləmiş, ədliyyə polkovnikidir. Dövlət başçısının 26 dekabr 1995-ci il tarixli fərmanı ilə ağır dövləti cinayətlərin açılmasında xüsusi peşəkarlığı ilə fərqləndiyinə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur), oğlu Fəzli (Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, pedaqoji fəaliyyətlə məşğul olmuş, Saatlı Rayon Komsomol Komitəsində, Sabirabad Rayon Partiya Komitəsində məsul vəzifələrdə çalısmış, on ildən artıq bir müddətdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini və birinci müavini vəzifələrində işləmişdir), oğlu İsa Məmməd kişinin peşəsini davam etdirərək Polis Akademiyasını bitirmiş, hüquqşünas ixtisası almış, rayon polis orqanında xidmət etmişdir.