Qadınlar yaxşı avtomobil idarə edir, yoxsa kişilər?
Sosial həyat

Qadınlar yaxşı avtomobil idarə edir, yoxsa kişilər?

İlk uzun məsafə qət edən avtomobili yaradan Bertha Benz həyat yoldaşı ilə birlikdə, ilk dəfə "Motorwagen" avtomobilini icad edən və patentini alan qadın kimi tarixə düşüb. O, 1888-ci il avqustun 5-də övladları ilə birgə maşınla səfərə çıxıb, nəticədə ilk uzun avtomobil səyahəti baş tutub. Bertha tarixdə iz qoyacaq bir hadisəyə imza atıb.

Dünyada ilk yol qəzasını törədən də qadın olub. Bridget Driscoll 1896-cı ildə maşın vurması nəticəsində həyatını itirən ilk insandır. O, yolda gedərkən diqqətsizliyi üzündən "atsız araba" ilə üzləşib. Günümüzdə də diqqətsizlik səbəbindən yol qəzaları baş verir. Bu səbəbdən törədilən hadisələri cinslər arasında bölmək düzgün deyil. Çünki qanun qarşısında hamı bərabər məsuliyyət daşıyır. Lakin cəmiyyətdə daşlaşmış stereotipləri qırmaq çox çətindir. Sürücülər bir qəza görəndə o dəqiqə bunun "bir qadının əsəri" olduğunu deyirlər.

Sürücülük vəsiqəsi almaq zərif cinsin nümayəndələri üçün də vacibdir. Lakin kişi sürücülər xanımları nəqliyyatda görən zaman aqressiv davranış sərgiləyirlər. Qarşılarındakı aşağı sürətlə hərəkət edən və ya dayanmaqda çətinlik çəkən sürücü görəndə ilk olaraq onun xanım sürücü olduğunu düşünürlər.

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı suallarımızı cavablandırarkən bildirdi: "Qanunvericiliyə əsasən, irqindən, cinsindən, dinindən asılı olmayaraq, hər kəs bərabərdir. Reallıqda olmasa da, milli dəyərlər, yazılmamış qanunlar var. Yazılmamış qanunlar dedikdə sürücü qadınlara hörməti, onlara davranışı nəzərdə tuturam. Bu haqda danışanda məsələyə hərtərəfli yanaşmalıyıq. Nəqliyyat vasitəsini idarə edərkən xanımlar sərnişin olduqları zamandan daha fərqli davranırlar. Qadın sürücülər ümumi sürücülərin sadəcə 3 faizini təşkil edir. Təbii ki, faktiki olaraq qadın sürücülərin sayı xeyli artıb. Bu isə əsasən minik avtomobillərinə aiddir. Digər bir məsələ isə təhlükəsizlik kəmərindən istifadə ilə bağlıdır. İndi hər yerdə radarlar, yol polisləri var. Bu mənada təhlükəsizlik kəməri istifadə etməyənlər məlum olur və cəzalanırlar. Kişi və qadın sürücülər arasında fərqə gəlincə isə kişilər avtomobili qadınlara nisbətən təhlükəli idarə edirlər. Bu da ondan irəli gəlir ki, xanımlar daha ehtiyatlıdırlar. Zərif cinsin bu ehtiyatı isə kişi sürücülər tərəfindən müsbət qiymətləndirilmir və əksinə aqressiyaya səbəb olur".

Xanım sürücü Günel Məmmədova nəqliyyatda qarşılaşdığı problemlərdən danışdı: "Onu deyə bilərəm ki, yolun solunda gedən zaman qadın sürücü olduğum üçün təzyiqə məruz qalıram. Bəzi sürücülər əksər vaxtlarda döngə işıqlarını yandırmır və maşına daha çox yaxınlaşaraq bizi kənara sıxmağa çalışırlar. Eyni zamanda maşını dayandırmaq istəyərkən də onlar bunu bir qadının bacarmayacağını düşünərək köməyə gəlir, nəticədə isə ətrafda onlarla insan toplaşır".

Qadınların sürücülük məsələsini önə çıxaran əsas məqam cəldlikdir. Kişi sürücülər ani hadisələr zamanı xanımlardan daha ləng davranaraq arzuedilməz hadisələrə səbəb olurlar. Həm də xanımlar maşın sürərkən qarşı tərəfi daha çox düşünürlər. Qarşıdakı maşında uşaq olma ehtimalı onların analıq duyğularını oyadır və daha diqqətli olurlar. Təhlüləsizlik kəmərindən istifadə də kişilərlə qadınlar arasında fərqlilik müşahidə edilir. Kişi sürücülər təhlükəsizlik kəmərindən istifadə zamanı özlərini narahat hiss edirlər. Eyni zamanda spirtli içki məsələsi də var ki, kişi sürücülərin içkili halda maşın idarə etməsinə daha çox rast gəlinir.

İndi isə gələk qadınların niyə kişilərə nisbətən daha "zəif" maşın idarə etməsinə. Məhz bunun da əsasında daşlaşmış stereotiplər dayanır. Atalar kiçik yaşlarından oğlan və qız uşaqlarını bir-birindən ayırmağa başlayırlar ki, problem də buradan qaynaqlanır. Oğlan uşaqlarına maşın sürməyi öyrədir, onları gələcəyin sürücüsü kimi görürlər. Lakin təsəvvürlərində qadınları sürücü olaraq canlandıra bilmirlər. Qızlarını isə gələcəyin anası kimi görürlər. Nəqliyyatda isə bir qadın gördükləri zaman ya ona qarşı nalayiq ifadələr işlədir, ya da onun nə qədər bacarıqsız olduğundan dəm vururlar. Çünki onlara görə qadın sadəcə bir anadır, evində oturub yeməyini bişirməli və bu işlərə qarışmamalıdır.

2018-ci ildə "Xaliq Faiqoğlu" MMC tərəfindən "D" sürücülük kateqoriyası olan qadın avtobus sürücüləri üçün vakansiya elan edilib. O vaxt da bu məsələ müzakirələrə səbəb olub. Kişilərin əksəriyyəti məsələyə mənfi reaksiya göstərib və xanımların idarə edəcəyi avtobuslara minməyəcəklərini deyiblər. Bu işin zərif xanımlara aid olmadığı məsələsi çox qabardılıb, lakin cəmiyyətin hər yerində hüquqlarımız bərabər olmalıdır.

Ləman TƏHMƏZ.