ASAYİŞ KEŞİKÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR
Bölgələr

ASAYİŞ KEŞİKÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

Azərbaycan polisinin qabaqcıl, mübariz dəstələrindən olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin kollektivi peşə bayramını xoş ovqatla, qazanılmış yeni nailiyyətlərlə qeyd ediblər. Bayram tədbirinin iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov Azərbaycan polisinin keçdiyi şərəfli, keşməkeşli yoldan söhbət açaraq bildirib ki, dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə daxili işlər orqanlarının inkişafına misilsiz qayğı göstərib. Ulu öndərin 1998-ci ildə imzaladığı Fərmanla hər il iyul ayının 2-si polis işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək qayğısı sayəsində Azərbaycan polisi çevik, sivil, müasir dövlət orqanına çevrilib. İctimai asayişin, təhlükəsizliyin, insan və vətəndaş hüquqlarının qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində polis vəzifə borcunu yüksək məsuliyyətlə, ləyaqətlə və şərəflə yerinə yetirir.

Lənkəran polisi cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirib, bütün qüvvələr ictimai-siyasi sabitliyin, asayişin qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının təmininə yönəldilib. Bundan sonra da rayonda asayişin və təhlükəsizliyin təmin olunmasında, qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrin həyata keçirilməsində kollektiv əzmlə çalışacaq, əldə olunmuş uğurları daha da artıracaqdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək bildirib ki, yarandığı gündən daxili işlər orqanları xalqın və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən etibarlı şəkildə qoruyub, ictimai asayişin və dövlətçiliyin keşiyində möhkəm dayanıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin qabaqcıl təcrübəyə malik olduğunu, xidməti vəzifələri dəqiq və qüsursuz yerinə yetirdiyini, obyektivlik, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərə daim önəm verdiyini diqqətə çatdıran Taleh Qaraşov polis işçilərini peşə bayramı münasibətilə səmimi təbrik edib və kollektivə xidməti vəzifələrin icrasında uğurlar arzulayıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərargah rəisi Ceyhun Minayev, Lənkəran rayon polis işçiləri veteranlar şurasının sədri Bəxtiyar Vəliyev, Vətən müharibəsi iştirakçısı, polis nəfəri Əkbər Əkbərli həmkarlarına səmimi bayram arzularını söyləyiblər.

Sonra xidmətdə fərqlənən qabaqcıl polis işçilərinin bir qrupuna Daxili İşlər Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin fəxri fərmanları, təşəkkürnamə və mükafatlar təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".