Yeni tariflər: dayanıqlı və keyfiyyətli xidmət
Ekologiya

Yeni tariflər: dayanıqlı və keyfiyyətli xidmət

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. Ölkəmizdə müəyyən istiqamətlər üzrə qiymətlərin artımı hökumətdə ciddi təhlil olunur, müəyyən araşdırmalar nəticəsində qərarlar verilir. Tarif Şurasından bildirilib ki, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır.

Son illər nəqliyyat sahəsində aparılan dövlət siyasəti ölkənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi və dövlətin iqtisadi qüdrətinin artmasına yönəlib. Bu il ərzində yalnız Bakı şəhərində 200-dən çox yeni avtobus istismara verilib. İlin sonuna kimi 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur. Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlılığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut fəaliyyətə başlayacaq. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar xəttə buraxılıb və proses davam edir.

30 iyun 2024-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Dəyişikliyə əsasən, sosialyönümlülük baxımından ən optimal variant seçilməklə tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olaraq müəyyənləşdirilib. Qiymət artımı daşıyıcı şirkətlər və metropoliten tərəfindən edilən müraciətlərə əsasən baş verib. Bu kompleks yanaşma əsasında əvvəlcədən hesablanmış, iqtisadi göstəricilər nəzərə alınaraq atılan addımdır. Ekspertlərin sözlərinə görə, əvvəllər sürücülər gündəlik plan əsasında işləyirdilər. İndi isə maaş sistemi tətbiq olunub və bir avtobusu gün ərzində iki sürücü idarə edir. Onların normal iş və istirahət rejimi var. Düzdür, hələ də neqativ hallar müşahidə olunur. Amma yeni inkişaf artıq başlayıb və proses mərhələli şəkildə davam edir. Avtobus parkı yenilənir, kifayət qədər baha qiymətə olan, elektriklə işləyən avtobuslar şəhər sakinlərinə xidmət edir. Qiymətlərin artması ictimai nəqliyyatdan istifadə edənlərin sayında azalmaya səbəb olmayacaq.

Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. İndi Bakı-Sumqayıt arasında sərnişindaşıma 70 qəpik müəyyənləşib. Bakı şəhərində bir çox istiqamətlərdə məsafəyə görə 50 qəpik olub. Metro isə illərdir zərərlə işləyir. Yeni vaqonlar alınmalı, stansiyalar tikilməlidir. Xərclər artdıqca, gedişhaqqı da ona uyğun tənzimlənir. Yeni tarif dəyişikliyindən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Hesablamalara görə, Bakı şəhərində bir sərnişinin daşınması üçün çəkilən xərc 75-80 qəpik civarındadır. Lakin dövlət tərəfindən bu məsələlər tənzimləndiyi üçün o qədər də böyük artım olmadı.

Beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə Avro-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi, öz növbəsində, nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri bəzi ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə isə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətləndirir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir. Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər təsdiq edilib. Bu gün ekoloji tarazlığın qorunması və iqlim dəyişmələrinə qarşı mübarizə beynəlxalq aləmin qarşısında duran aktual məsələlərdəndir. Ona görə də beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda da hər zaman ekoloji mühitin qorunmasına böyük diqqət yetirilir və bu, hökumətin yürütdüyü siyasətin əsas prioritetlərindən biridir. Yeni tarif tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.

Mustafa KAMAL,

"Respublika".