Sosialyönümlülük baxımından ən optimal tarif dəyişikliyi
Sosial həyat

Sosialyönümlülük baxımından ən optimal tarif dəyişikliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə tariflərin tətbiqi məqsədəuyğun hesab edilib.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Həmçinin metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında isə sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub.

Bununla yanaşı, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin də tariflərinin yuxarı hədləri yenilənib.

Bu qərarın qəbul edilməsini əsaslandıran səbəb budur ki, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Məhz bu səbəbdən də belə bir addım atılmasına zərurət yaranıb. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.

Yeni tariflərin yaratdığı imkanlar sayəsində xidmət keyfiyyəti və müştəri məmnuniyyəti artırılacaq, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqları uzlaşdırılacaq, xidmətin dayanıqlılığı və iqtisadi əlverişliliyə nail olunacaq, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılıq təmin ediləcək, keyfiyyət yüksəldiləcək, avtobus parkları yenilənəcək. Metro infrastrukturu genişləndiriləcək, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələr cəlb olunacaq, müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası avtobus marşrutlarında, metro nəqliyyatında tariflərin tətbiqində optimal variantın seçilməsinə diqqət ediləcək.

Son illər nəqliyyat sahəsində aparılan islahatlar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə və dövlətin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. 2024-cü ildə yalnız Bakı şəhərində 200-dən çox yeni avtobus istismara verilib. Bu il ərzində 160 elektriklə işləyən avtobusun sərnişinlərin xidmətinə verilməsi də planlaşdırılır. Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 kilometr olan xüsusi avtobus zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqları salınacaq.

Bu müddət ərzində Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılır. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir.

Hazırda metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər görülür. Ümumilikdə 65 yeni vaqon sifariş edilib ki, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin "AYNA" informasiya sistemi, "Azparking" və "biletim.az" da daxil olmaqla bir sıra rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub. Bunu da qeyd edək ki, son bir ildə sərnişindaşıma sahəsində aparılan islahatlar nəticəsində və bu sahəyə dövlətin dəstəyi sayəsində metro və avtobuslarla sərnişin daşınmaları 15 faizə yaxın artıb. Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib.

Bu yeniliklərin tətbiqi Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.

Bayram SALMANOV,

"Respublika".