Zəngilan forumu dünyada sülhə töhfə verir
Gündəm

Zəngilan forumu dünyada sülhə töhfə verir

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki respublikamız son illər dünyada beynəlxalq əhəmiyyət kəsb edən konfransların və digər tədbirlərin keçirildiyi bir ölkə kimi tanınır. Belə ki, ilk şəhərsalma forumu ötən il Ağdam şəhərində keçirilmişdir. Zəngilan şəhərində keçirilmiş bu forumda isə dünyanın 53 ölkəsindən ümumilikdə 400 nəfərin iştirak etməsi forumun beynəlxalq səviyyədə son dərəcə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bununla yanaşı, tədbirə qatılan nüfuzlu şəxslər respublikamızda baş verən proseslərin və reallaşan quruculuq işlərinin şahidi oldular.

Forumda çıxış edən Prezident İlham Əliyev iştirakçılara işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq layihələri, qısa zamanda inşa edilən yaşayış və inzibati binalar və bölgədə açılan yeni iş yerləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycanın ardıcıl səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edən 4 qətnaməsi heç vaxt icra olunmadı. İkinci Qarabağ müharibəsinin başlanması təkcə erməni işğalıyla deyil, dünya ictimaiyyətinin də bu məsələnin sülh yolu ilə həllinə biganə yanaşmasıyla bağlı idi.

Torpaqlarımız işğaldan azad edilən kimi dövlətimiz tərəfindən Qarabağda müasir texnologiyalar tətbiq edərək keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılır. Zəngilan Böyük qayıdışın ilk köçünün reallaşdığı bölgələrimizdən biri oldu və xeyli müddətdir ki, rayonda keçmiş məcburi köçkünlər evlərinə qayıdaraq tarixi yurd yerlərində rahat və qayğısız yaşayırlar. Coğrafi və iqtisadi əhəmiyyətinə görə son dərəcə əlverişli məkanda yerləşən rayon mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından vacib faktorlardan birinə çevrilib. Beləliklə, yaxın gələcəkdə rayonda yerli və xarici turistlərin sayı artacaq və regionun inkişafına müsbət töhfəsini verəcək.

Prezident İlham Əliyev tərəfindən sentyabrın 28-də açılışı edilən Zəngilan Konqres Mərkəzi Kompleksində ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var. Qeyd edək ki, ərazisi 2,2 hektar olan kompleks iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait mövcuddur.

Forumda bildirildi ki, Ermənistanın təcavüzkar hərəkətlərinə beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən ciddi tədbirlər görülmədi. Azərbaycan 30 ilə yaxın müddət ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü cəmi 44 günə bərpa etdi.

Ermənistan müharibədən sonra keçən üç il ərzində də bölgədə sülhə nail olmaq üçün heç bir konstruktiv addım atmadı və imzaladığı sazişlərə uyğun üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın tələblərinə zidd olaraq ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birləşmələri çıxarılmadı. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, digər tərəfdən Xankəndidə oturan qondarma separatçı rejimin rəhbərliyinə dəstək nümayiş etdirdi. Buna görə də sentyabrın 19-da Ali Baş Komandanın əmri ilə lokal antiterror tədbirinə başlandı və Azərbaycanın suverenliyi tam təmin edildi. Respublika Prezidenti öz çıxışında bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin hüquqları, o cümlədən onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları beynəlxalq konvensiyalara uyğun olaraq təmin ediləcək.

Mikayıl

NƏRİMANOĞLU,

"Respublika".