Ətraf mühit və
İqtisadiyyat

Ətraf mühit və "yaşıl artım"

Azərbaycanın COP29-a ev sahibi seçilməsi ölkəmizə qarşı son zamanlar çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır

Yaşıl iqtisadiyyata keçid günümüzün prioritet sahələrindəndir. Azərbaycanda yaxın gələcəkdə bu keçidin təmin olunması ölkəmiz üçün əlavə dividendlər gətirəcək.

Ölkəmizin uğurlu enerji siyasəti bu gün dünyada müstəqil siyasət aparmağımızda mühüm rol oynayır. Bərpaolunan enerji məsələsi də bu siyasətin tərkib hissəsidir. Həyata keçirilən nəhəng layihələr ölkəmizin gələcək illərdə bir çox sahədə olduğu kimi, bərpaolunan enerji sahəsində də dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini göstərir. Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində mühüm layihələr reallaşdırır, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini intensiv şəkildə aparır.

Əzəli-əbədi yurdlarımızın sosial-iqtisadi dirçəlişi, keçmiş məcburi köçkünlərə ləyaqətli həyat şəraiti yaradılması üçün qarşıya mühüm vəzifələr qoyulub. Düşmən tapdağından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib. Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir. Yaşıl enerji istehsalı və əldə ediləcək məhsulların dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində mühüm yer tutur. 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən əldə olunacaq elektrik enerjisinin ümumi payı 30 faizə çatdırılacaq. Azərbaycanın alternativ enerji mənbələrinə çıxış yollarını genişləndirməsi iqtisadi və siyasi gücünü də artıracaq.

Məqsəd ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzindədir. Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərimizin "yaşıl enerji" zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Bildiyimiz kimi, "yaşıl enerji" zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, "yaşıl məşğulluğ"un təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir.

Ölkəmizin "yaşıl enerji" sahəsinə göstərdiyi xüsusi diqqət bu sahənin qısa zamanda sürətlə inkişaf edəcəyindən xəbər verir. İşğaldan azad olunmuş 10 min kvadratkilometr ərazinin "yaşıl enerji" zonası elan edilməsi də bu sahəyə olan qayğının göstəricisidir. İşğaldan azad olunan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə günəş enerjisi potensialı ilə diqqət çəkməkdədir. "Yaşıl enerji" zonası elan edilən bölgələrdə artıq bir neçə su-elektrik stansiyası inşa edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, qurulan yaşayış məntəqələrindəki müasir infrastruktur gələcək iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlverişli zəmin hazırlayır.

İqtisadiyyat və ekologiya sahəsində transformasiya dünyanın iqtisadi xəritəsinə köklü şəkildə təsir edir və qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq cəmiyyətdə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilir, təmiz enerji mənbələrindən istifadə genişlənir, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq olunur. İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən əhalinin rifahı naminə daha səmərəli istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar ekoloji cəhətdən əlverişli texnologiyaların - "yaşıl texnologiya"ların tətbiqi geniş vüsət almışdır. "Yaşıl texnologiya"lar ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə işləyən texnologiyalardır.

"Yaşıl iqtisadiyyat" termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan "Yaşıl biznes müəssisələri" qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssisələrdir. "Yaşıl artım" və "yaşıl iqtisadiyyat" ölkəsi kimi hədəflər Azərbaycan şirkətləri qarşısında yeni çağırışlar qoyur. "Yaşıl enerji" sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığın dövlətimizin birbaşa dəstəyi ilə həyata keçirilməsi yüksək göstəricilərin əldə olunmasını təmin edən əsas amildir.

Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının keçirilməsi bu istiqamətdə siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın "yaşıl enerji" dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibi seçilməsi son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Bu qərar bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini təsdiqlədi. Ölkəmiz bu təşəbbüslə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi, beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasındadır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Ətraf mühit və "yaşıl artım" ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir. Qlobal iqlim dəyişmələrinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Dövlətin iqtisadi inkişafında milli prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir. Bunlar yüksəkkeyfiyyətli ekoloji mühitin təmin olunması və "yaşıl enerji" məkanının yaradılmasıdır.

Mustafa KAMAL,

"Respublika".