Mina təhdidi aradan qaldırılır
Siyasət

Mina təhdidi aradan qaldırılır

Bəşəri cinayət hesab olunan minaların suveren ərazilərimizdən təmizlənməsi prosesi sürətlə davam etsə də, risklər hələ də qalır. 30 ilə yaxın bir dövr ərzində ərazilərimizi "ölüm tələsi" ilə çirkləndirən mənfur düşmən bu əməlinə görə hələ də məsuliyyətdən boyun qaçırır.

Əfsuslar olsun ki, hazırda mülki vətəndaşlar, minatəmizləmə prosesində iştirak edən əməkdaşlar bu təhlükə ilə üzləşirlər. Digər tərəfdən, doğma torpaqlarımızdakı yenidənqurma, bərpa və quruculuq işlərinə mina terroru başlıca əngəldir. Qeyd edildiyi kimi, minaların basdırılmasının əsas məqsədi daha çox soydaşlarımızın ölümünə səbəb olmaq, azad etdiyimiz ərazilərə qayıdışı ləngitməkdir. İşğaldan azad etdiyimiz ərazilərdə uzun illər ermənilər tərəfindən həyata keçirilən sözügedən terror aktı regionun ekosistemini də məhv etmişdir. Məğlub ölkə olmasına baxmayaraq, hələ də mina məsələsi ətrafında müxtəlif ssenarilər uyduran düşmən tərəf xəritələri vermək niyyətində deyil.

Düzgün mina xəritələrini Azərbaycana təhvil verməyən rəsmi İrəvan hələ də bu prosesdə spekulyasiya və manipulyasiyalara əl atır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda qeyd etdiyi kimi, verilən mina xəritələrinin emalı zamanı məlum olur ki, istifadə olunan məlumatların yararlığı 25 faizi keçmir. Bu çox aşağı səviyyədir. Üstəlik, xəritələr yalnız keçmiş təmas xəttini əhatə edir. Ermənistanın sülh vədlərinə paralel olaraq bu cür ritorik yanaşma sərgiləməsi qəbuledilməzdir. Bununla yanaşı, dəqiq xəritələrin təqdim edilməsi məsələsi həm Azərbaycan, həm də bir çox ölkələr tərəfindən fərqli platformalarda məruzə edilib. Təəssüflər olsun ki, rəsmi İrəvan bu cür konstruktiv danışıqların tərəfi olmaqdan imtina edir. Hətta Amerikanın və Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin reallıqla üst-üstə düşməməsi faktı da onu göstərir ki, rəsmi İrəvan məsələyə revanşist nöqteyi-nəzərdən yanaşır.

Nəzərə almaq lazımdır ki, mina terroru beynəlxalq hüquq norma və prinsiplərinin qəti şəkildə pozulması deməkdir. Belə ki, rəsmi İrəvan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərinə də zidd hərəkət edib. Eyni zamanda Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur. Ermənistan müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə də çıxış edir. Amma rəsmi İrəvan tərəfindən təqdim edilmiş formulyarlar işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etmir. Digər tərəfdən, BMT-nin üzvü olan 164 ölkə, o cümlədən Azərbaycan 1997-ci ildə qəbul olunmuş "Piyadalar əleyhinə minaların istifadəsinin, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya"ya qoşulub və ya daxili qanunvericilik səviyyəsində ratifikasiya edib. Maraqlıdır ki, Azərbaycana qarşı mina terroru həyata keçirən Ermənistan da konvensiyanı qəbul və parlament səviyyəsində ratifikasiya edib. Amma göründüyü kimi, Ermənistan bütün digər beynəlxalq öhdəlik və məsuliyyətlərinə əməl etmədiyi kimi, bu sənədə də məhəl qoymur.

Bir məqamı da xatırladaq ki, hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfi ərazilərimizi minalarla çirkləndirmişdi. İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra verilən məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə 1 milyondan çox mina və partlamamış hərbi sursat var. Təsadüfi deyil ki, 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra 350-dən çox insan minaların qurbanı olub. Ümumiyyətlə, Azərbaycanın bu "ölüm tələsi"ndən xilas olması, yəni ərazilərin minalardan təmizlənməsi üçün uzun illər lazımdır. Bununla yanaşı, minatəmizləmə prosesi kifayət qədər vəsait tələb edir. Hesablamalara əsasən təqribən 25 milyard ABŞ dolları dəqiq xəritələri təhvil verilməyən minaların və basdırılan hərbi sursatın təmizlənməsi üçün lazımdır. Lakin bütün çətinliklərə baxmayaraq, qüdrətli Azərbaycan dövləti var gücü ilə bu prosesi davam etdirir. Ərazilərimizin minalardan təmizlənməsinə xeyli canlı qüvvə cəlb edilib, bu sahədə birgə fəaliyyət gücləndirilir. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) fasiləsiz olaraq işğaldan azad edilən ərazilərimizin təmizlənməsini təmin edir. Qeyd edək ki, Agentlik təkcə 2020-2022-ci illərdə 57,6 min hektar ərazinin minalardan təmizlənməsində iştirak edib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bununla yanaşı, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 17-dən 23-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 108 mina və 204 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə isə ötən həftə ərzində 946,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Minatəmizləmə prosesində haqq səsimizin beynəlxalq platformalarda eşidilməsi rəsmi Bakının uğurudur. Artıq bu sahədə Azərbaycana yekdil dəstək ifadə olunur. Elə iyunun 25-də Bakıda Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minalarla mübarizə üzrə ekspertlərini bir araya gətirən ilk tədbir keçirilib. Aİ əlavə 10 milyon avro ayıracaq və humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına kömək edəcək, bununla da Azərbaycanda minatəmizləmə prosesinə dəstəyi gücləndirəcək. Bu məqsədlə Aİ-nin Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində ANAMA-nın təşkil etdiyi ilk seminar ittifaqa üzv dövlətlər və tərəfdaşlarından olan ekspertlərlə qabaqcıl təcrübələrin, əldə edilmiş biliklərin və innovativ həllərin mübadiləsi üçün platforma təklif edilir.

İstənilən halda qüdrətli Azərbaycan dövləti suveren ərazilərindən mina təhdidinə son qoyacaqdır. Bunun üçün kifayət qədər gücümüz var. Lakin bu prosesdə düzgün mina xəritələrini təhvil verməyərək növbəti dəfə qərəzə əl uzadan hayların çirkin əməli unudulmayacaq. Xüsusilə sülh prosesində hələ də soydaşlarımızın həyatının təhlükədə olmasına göz yumanlar bunun da cəzasını ödəyəcəklər.

Nurlan ABDALOV,

"Respublika".