“Yaşıl enerji
İqtisadiyyat

“Yaşıl enerji"yə keçid: yaxşı sərmayə mühiti mövcuddur

Dövlət başçısı bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi bu prosesdə öndə gedənlərdən olmaq üzərimizə düşən öhdəlikdir

"Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi, "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Euronews"a müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq, Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. "Masdar", "ACWA Power" və bp kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Beynəlxalq əməkdaşlıq tələb edən məsələləri tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

Bu gün qaza olan tələbat qədər, "yaşıl enerji" ilə təminat da Avropa üçün son dərəcə aktualdır. Bu aktuallığı önəmli edən həm də budur ki, hesablamalara görə, Avropa İttifaqının elektrik enerjisinə tələbatının 2040-cı ilə qədər, təxminən, 80 faizə qədər artacağı gözlənilir. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 qiqavat təşkil edir. Ölkəmiz 10 ilə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır. Belə ki, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Avropa İttifaqının Yaşıl həftəsi çərçivəsində (2023-cü il 3-11 iyun) Dayanıqlı Dəyərlər Mərkəzinin keçirdiyi görüşdə "Wind Europe"un siyasət üzrə baş direktoru Pyer Tardye bildirib ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Bu reallıqlar fonunda Azərbaycan Avropa üçün potensial tərəfdaşdır, eyni zamanda indiyədək həyata keçirdiyi bir çox layihələrlə artıq özünü etibarlı tərəf kimi də tanıdıb. Söhbət təkcə qaz yox, gələcəkdə elektrik enerjisi üzrə Panavropa təchizatçısına çevrilməkdən də gedir.

Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Bu istiqamətdə artıq real konfiqurasiya mövcuddur və hələ 2022-ci ilin dekabrında Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıb. Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPSCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.

Azərbaycan həm də iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür. İşğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması prosesində əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonaları elan olunub. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi nəzərdə tutulur. Azərbaycanda bərpaolunan enerji sahəsində Yaşmada elektrik stansiyası layihəsini həyata keçirməyi, Böyük Britaniyanın bp şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınmasını, SOCAR-ın ölkə ərazisində müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsi üzrə layihəsini həyata keçirməyi planlaşdırır.

Azərbaycanın beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və mötəbər tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibi seçilməsidir. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bunun davamıdır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Azərbaycan hazırda "yaşıl enerji"yə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.

COP29-a ev sahibliyini üzərinə götürməklə və "yaşıl enerji"yə keçid sahəsində bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyur. Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır deyən Prezident İlham Əliyev "Euronews"a müsahibəsində vurğulayıb: "Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".

Mustafa KAMAL,

"Respublika".