Asılı olduğu ölkələrin diktəsi ilə yürüdülən siyasət
Siyasət

Asılı olduğu ölkələrin diktəsi ilə yürüdülən siyasət

Ən müasir silahlar, texnikalarla təchiz edilən Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın uzun illər əsarət altında saxladığı torpaqlarımızı geri aldı. Öz ərazilərində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan 30 il ərzində danışıqlar yolu ilə həllini tapmayan münaqişənin hərbi yolla mümkün olduğunu sübut etdi.

Beynəlxalq hüquq normalarını pozmadan, düşməndən fərqli olaraq mülki əhalini hədəf götürmədən aparılan hərbi əməliyyatlarda əsgər və zabitlərimiz bir addım belə geri çəkilməyərək erməni işğalçılarını məğlubiyyətə uğratdılar. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanat düşmənin kapitulyasiyasını təsdiq etdi.

Sənədi imzalayarkən hər iki tərəf üzərinə müəyyən öhdəliklər götürsə də, Ermənistan hər zaman olduğu kimi, "ənənəsini" pozmadı, döyüş meydanında diz çöküb ağ bayraq qaldırdığını, Azərbaycan ordusunun Ağdam istiqamətində apardığı uğurlu əməliyyatlar zamanı təxminən 15-18 min nəfərlik şəxsi heyətinin mühasirəyə düşdüyünü unutdu. Dövlət başçımızın münaqişənin danışıqlar müstəvisində həll olunması təklifi kimi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra sülh təklifinə də qeyri-konstruktiv yanaşdı. Silahlı kontingentini ölkəmizin ərazisindən çıxarmaq əvəzinə, davamlı olaraq təxribatlar törətməyə, ərazilərimizi minalamağa, Qarabağda öz mövqelərini möhkəmləndirməyə, burada qeyri-qanuni yerləşmiş silahlı birləşmələrini silahlandırmağa, hətta mülki əhalini belə orduya cəlb etməyə ciddi cəhd göstərdi. Döyüş meydanında məğlub olan, 12 minə yaxın fərarisi olan Ermənistan bütün yolları, kommunikasiyaları minalayır, yenidən müharibəyə başlamaq üçun planlar hazırlayırdı. Bütün bunların fonunda üçüncü müharibəni istəməyən, bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına səy göstərən Azərbaycan qəti tədbirlər görməyə məcbur oldu.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlı qüvvələrinin qanunsuz birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ötən il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə yüksək peşəkarlıq, dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərər dəymədi, mülki infrastruktura ziyan vurulmadı. Müasir silah, texnika ilə təchiz edilən, ən çətin şəraitdə döyüş aparmağa qadir olan Azərbaycan ordusunun bölmələrinin həyata keçirdiyi antiterror əməliyyatı yalnız erməni silahlı qüvvələrinə qarşı idi. Hətta əməliyyatlardan əvvəl Qarabağda yaşayan ermənilərə hərbi obyektlərdən uzaq durmaları barədə xəbərdarlıq da edilmişdi. Bu faktı bölgəyə gələn BMT-nin iki missiyası da təsdiqlədi. Peşəkar ordu bölmələrimiz tərəfindən cəmi bir gün içində separatçıların hərbi mövqeləri, silahları, hərbi texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldular.

İyunun 25-də - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində antiterror tədbirlərindən danışarkən deyib: "Bu əməliyyatdan sonra biz külli miqdarda silah-sursat, texnika, 100 mindən çox atıcı silah qənimət götürdük. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar burada səfərbərlik ehtiyatları yaratmışdılar. Bunların planına əsasən, əgər burada müharibə başlayacaqdısa, onlar Ermənistanın səfərbərlik ehtiyatlarını buraya gətirəcəkdilər və buradakı səfərbərlik ehtiyatlarından istifadə edəcəkdilər. Yəni biz bunların hamısını artıq bildik və tədbirlərimizi gördük. Bununla yanaşı, antiterror əməliyyatı ilə əlaqədar onu da demək istəyirəm ki, bu əməliyyat çox yüksək səviyyədə təşkil olunmuşdu, xüsusilə də şəxsi heyətin qarşılıqlı əlaqəsi planlaşdırılmışdı və həyata keçirilmişdi".

Antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı qüvvələrin tərk-silah edilməsi, qondarma rejimin özünü buraxması ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Bir gündən də az çəkən tədbirlər nəticəsində Qarabağda separatizmin kökü kəsildi, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi oldu.

Azərbaycanın gücünə, qüdrətinə istər hərb meydanında, istər diplomatiya müstəvisində yaxşı bələd olan ermənipərəst Qərb dövlətləri bu gün də Ermənistanı boş vədlərlə inandırmaqdan, onu "cəsarətləndirməkdən" əl çəkmirlər. 44 günlük İkinci Qarabağ müharibəsindən, birgünlük antiterror tədbirlərindən nəticə çıxarmayan Ermənistan isə asılı olduğu ölkələrin diktəsi ilə ikiüzlü siyasət yürüdür. Bir tərəfdən sülhün vacibliyini vurğulayan, digər tərəfdən silahlanan Ermənistan çox yaxşı bilir ki, müstəqil Azərbaycanı mövqeyindən heç bir qüvvə döndərə bilməz, havadarları əlbir olub ölkəmizin əleyhinə birləşsələr də dövlət başçımızın uğurlu siyasəti onların çirkin əməllərinin qarşısında möhkəm sədd çəkir. Ötən il Azərbaycan ordusu bölmələrinin uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra, sentyabrın 20-də xalqa müraciət edən Prezident İlham Əliyev bu barədə demişdir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın". Azərbaycan nəinki regionda, bütün dünyada sülhü, əmin-amanlığı dəstəkləyir və buna əvəzsiz töhfələr verir. Ermənistan da ölkəmizin mövqeyini, bu tarixi şansı dəyərləndirərsə, konstitusiyasında əksini tapan ərazi bütövlüyümüzə təhdid yaradan torpaq iddialarından əl çəkərsə, sülh çox yaxında görünər.

Mehparə ƏLİYEVA,

"Respublika".